Məmur atalarının sonunu gətirən “gül balalar”

24-08-2019, 17:16           
Məmur atalarının sonunu gətirən “gül balalar”
Bu günə qədər bir sıra yüksək vəzifə sahiblərinin övladları atalarına müəyyən problemlər yaradıblar.

Bir çox vəzifə sahibinin karyerası övladlarının özbaşınalıqlarına görə sonlanmalı olub. Məlumdur ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yüksək postlarda çalışan məmurların təkcə özləri deyil, övladları, yaxınları haqda yayılan məlumatlar daim ictimaiyyətin diqqət mərkəzində olub. Onlarla bağlı xəbərlər həmişə geniş müzakirələr edilir.

Ölkəmizdə məlum olan və ya olmayan səbəblərdən məmur övladları çox zaman cəmiyyət üçün nümunəvi davranış sərgiləmirlər. Onların bəziləri valideynlərinin tutduğu vəzifəyə güvənərək ciddi qanun pozuntularına yol verirlər.

Mətbuatda bahalı maşınları, “avtoşluq”ları ilə ad çıxaran, qiymətli qızıl-zinət əşyaları ilə öyünən, bahalı villalarını sosial şəbəkələrdə açıq-aşkar reklam edən məmur övladları və onların özbaşınalıqları heç də gözdən yayınmır.

Məmurların işdən çıxarılmasında özlərinin yol verdikləri nöqsanlarla yanaşı, bir çox hallarda övladlarının da davranışları mühüm rol oynayır...

Bildirək ki, 2013-cü ilədək hər hansı nazir, yaxud məmur övladına görə vəzifəsindən olmayıb. Lakin İsmayıllı hadisələri harınlamış məmur övladlarına qarşı sərt tədbirlərin görülməsinin bir növ başlanğıcı olub.

Xatırladaq ki, 23 yanvar 2013-cü ildə İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun qardaşı oğlu bahalı “Hummer”i ilə yerli sakinin maşınını vuraraq qəza törədib. Daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döyməyə başlayıb. Rayon sakinləri buna mane olmağa çalışsa da, icra başçısının qohumları insanları söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlərin həmin şəxsləri döymüş və Nizami Ələkbərovun qardaşı oğlu Vüqar Ələkbərova məxsus olan “Çıraq” hotelini və “Hummer” markalı maşını yandırıblar. Sakinlərin “Çıraq” hotelini yandırmalarının əsas səbəblərindən biri də həmin hotelin əslində, varlı məmur övladları “tərəfindən” əxlaqsızlıq yuvası kimi istifadə olunması idi. Daha sonra mitinq keçirən 3 min nəfərdən çox rayon sakini İcra Hakimiyyətinin binasına doğru yürüş ediblər. Onların əsas tələbi icra başçısı Nizami Ələkbərovun istefası idi. İki gün davam edən gərginlikdən sonra narazılıq səngidi. Hadisədən bir neçə həftə sonra icra başçısı Nizami Ələkbərov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi.

Qeyd edək ki, hadisəni törədən Vüqar Əlkbərov o zamankı əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərovun oğludur. Vüqar Ələkbərovla İsmayıllı sakinləri arasında yaranan insident isə Füzuli Ələkbərovun işini itirməsinə səbəb oldu.

Mübariz Mədətov. 23 noyabr 2018-ci ildə vəfat edən Mübariz Mədətov da övladına görə vəzifəsini itirən məmurlardandır. "Xəzər Dəniz Gəmiçiliyi"nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətov 5 il əvvəl sərxoş vəziyyətdə "Galendewagen" markalı avtomobil ilə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü. Bu hadisədən sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılıb.

Əliməmməd Həsənov. Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi olmuş Əliməmməd Həsənov 2014-cü ildə Zığ şossesində oğlu Tural Həsənov avtoxuliqanlıq etdiyinə görə, vəzifədən azad edilib. Həmçinin daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis əməkdaşı olan T. Həsənov polis orqanlarından da xaric olunub.

Vidadi Bəylərov Tərtər rayon İcra Hakimiyyəti başcısının birinci müavini olub. 2013-cü ildə V. Bəylərovun oğlu Elxan Bəylərlinin törətdiyi avtomobil qəzası nəticəsində bir nəfər ölüb. Bu hadisədən sonra V.Bəylərov vəzifədən azad edilib. 2014-cü ildə isə Tərtər rayonuna yeni icra başcısı təyin edilən Müstəqim Məmmədov tələbə yoldaşı Vidadi Bəylərovu Tərtər Rayon Telekomunikasiya Qovşağının rəisi təyin edib. 2017-ci ildə isə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazir Ramin Quluzadənin əmri ilə Vidadi Bəylərov bu vəzifədən də azad edilib.

Allahverdi Səfərov. Zərdab rayon İcra Hakimiyyətinin başçısının birinci müavini olmuş Allahverdi Səfərovun vəzifədən azad olunma səbəbi oğlunun avtoxulianlığı olub. Belə ki, 2015-ci ilin martın 22-də Ceyhun Səfərov sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edilmişdi. Bu hadisədən sonra isə Allahverdi Səfərov vəzifəsi ilə vidalaşmalı oldu.

Ramiz Nəbiyev isə oğlunu sosial şəbəkədəki göstərişinin qurbanı olub. Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi olmuş Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə xeyli sayda pulları, lüks evini və müxtəlif avtomobilləri sosial şəbəkədə nümayiş etdirdiyi üçün Ramiz Nəbizadə 2014-cü ildə öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Lütvəli Babayev. Zərdab rayon İcra Hakimiyyətinin başçısı olan Lütvəli Babayev oğluna görə vəzifəsini itirməsə belə, o da övladına görə ciddi problemlərlə üz-üzə qalıb. 2015-ci ildə onun oğluna 15 sutka inzibati cəza verilib. Mingəçevir şəhər Yol Polisi şöbəsinin 2015-ci ildə rəisi olan Ələsgər Bədəlovla köhnə ədavəti olan icra başçısı oğlunu yalnız bir həftə sonra azadlığa çıxarmağa nail olub.

2009-2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmış, 2015-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Asif Əsgərov isə oğlunu günahına görə vəzifədən azad edilməsə belə, oğlunun törətdiyi qəza onun ailəsi üçün ağır nəticəyə səbəb olub. Belə ki, məmur oğlu 2014-cü ilin sentyabrın 27-də Zığ yolunda idarə etdiyi maşınla Əhliman Süleymanovun idarə etdiyi yük avtomobilini vurub. İlham Əsgərlinin dostu Sənan Mirzəyev qəza nəticəsində ölüb. Dünyasını dəyişən S.Mirzəyev “McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin oğludur. Maqsud Mirzəyevin şikayəti nəticəsində isə İ.Əsgərli 5 il 6 ay müddətinə həbs edilmişdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Hüseyn oğlu Orucov da 2017-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılıb. Onun işdən çıxarılmasına səbəb isə oğlu Rüstəm Orucovun törətdiyi cinayətlər olub. Belə ki, Rüstəm Orucov 2014-cü ildə piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığı üçün 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. 2017-ci ildə isə o yol hərəkət qaydasını pozduğuna görə, ona irad bildirən sürücüyə xəsarət yetirib. Nəticədə haqqında cinayət işi başladılaraq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bütün bunlar isə atası Novruzəli Orucovun vəzifədən çıxarılması üçün kifayət edib.

Baş nazirin sabiq müavini Əli Həsənov isə nəvəsinə görə vəzifə itirib. Ə. Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017-ci ildə törətdiyi avtomobil qəzası zamanı iki nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb. Bundan sonra o həbs olunub və bununla da Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirib.

Nərimanovun rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu da avtomobil qəzası törədərək atasının nüfuzunu salan övladlar sırasındadır. Onun oğlu Elmir 2017-ci ildə maşınla yaşlı qadını vuraraq öldürməsi ilə gündəmə gəlmişdi. Hadisədən sonra Elmir İbadov 5 il müddətinə həbs edilsə də, 2019-cu ildə bəraət alıb.

Eks-deputat Ayaz Orucov isə vəzifəsini həm yeyintiyə, həm oğlunun özbaşınalığına görə itirib. Onun Oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. Bu hadisədən sonra Ayaz Orucovun deputatlıq fəaliyyəti sonlanıb./Cebhe.info/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.