ƏLİ ƏHMƏDOVUN “ƏLƏBAXIMLIQ ÖLÇÜSÜ” – Baş nazirin müavini özünü turist kimi aparır

8-09-2019, 10:25           
ƏLİ ƏHMƏDOVUN “ƏLƏBAXIMLIQ ÖLÇÜSÜ” – Baş nazirin müavini özünü turist kimi aparır
Bizim məmurlar və deputatlar hər dəfə əhalinin sosial təminatı məsələləri barədə danışanda sanki “arı yuvasına çöp soxmaqdan” zövq alırlar. Bu “istedadına” görə deputat Hadı Rəcəbli hələlik liderliyini qorusa da, baş nazirin hörmətli müavini Əli Əhmədov da pis performans göstərmir…

Bir müddət əvvəl Əli Əhmədovun bazarların birində kənd təsərrüfatı məhsullarının qiymətilə maraqlanmasına dair süjet yayılmışdı. Əhmədovun artıq 6 ildir bu ölkənin baş nazirinin müavini olmasına baxmayaraq, özünü sanki başqa məmləkətdən gəlmiş hər şeydən xəbərsiz turist kimi aparması və qiymətlərin bahalığından gileylənməsi əksər insanlarda qıcıqdan başqa heç bir hiss yaratmadı.

Sanki Əhmədov qiymətlərin baha və əhalinin alıcılıq qabiliyyətinə tərs mütənasib olmasından xəbərsizmiş və baş nazirin müavini olduğu hökumətin bu acı reallıqda heç bir suçu-filanı yoxmuş. Günahkar isə bütün günü piştaxta arxasında durub qəpik-quruş qazanan, böyük əksəriyyəti kirayələrdə yaşayan binəva “işbazlardır”.

Nəticə etibarilə baş nazirin müavininin “bazar lövhələri” tamaşasına baxan əhalinin və sosial şəbəkə istifadəçilərinin münasibətini, rəylərini, ürək sözlərini nəzərə alsaq, Ə.Əhmədovun yerinə kim olsa, bir daha bazarın qapısından içəri ayaq basmaz…

Əli Əhmədovun son açıqlaması isə “uşaq pulu” ilə bağlı olub. “Hər bir vətəndaş, hər bir ailə özünü təmin etməlidir” deyən baş nazirin müavini, vətəndaşlarımızı “ələbaxım” görmək istəmədiyini bildirib: “Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq… Hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərmiş olsun. Əks halda, biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaq, onların iqtisadiyyatı inkişaf etdirməsi, istehsal, hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin çox olmayacaq…”

Nə deyəsən? Sanki əhali təmbəlləşib, kefinə kef çatmır, ayağını aşırıb ayağının üstünə oturub evində, hökumət isə bu “müftəxorlara” pul paylamaqdan yorulub. Deyəsən, Əhmədov Azərbaycan vətəndaşını elə bu cür tanıyır – bazarı və qiymətləri tanıdığı kimi… Ya da ki, baş nazirin müavini “qara camaatla” məmurları səhv salır. Çünki əslində, bəzi müftəxor məmurlardır ki, özlərindən yuxarıdakıların əlinə baxırlar – ələbaxımdırlar. O məmurlardır ki, dövlətin, xalqın onlara borclu olduğunu hesab edirlər, aldıqları maaşların yüz, min qat artığını da məlum yollarla qazanırlar. O məmurlardır ki, rəsmi maaşları ilə yaşadıqları villaların qiyməti arasında milyon il işləyib qazana biləcəyi miqdarda fərq var. Deməli, belələri ələbaxım sayılmırlar, amma 5-10 manat “uşaq pulu” davası edən kasıb-kusub ələbaxım və müftəxor sayılır?

Nə vaxt Ə.Əhmədovun hökuməti insanımızı normal işlə, maaşla, öz işini, biznesini qurmaq imkanları ilə təmin etdi ki, o da ələbaxım olmasın? Azərbaycanda elə sahə qalıbmı ki, onun məmurları monopoliyaya almasın? Elə iri şirkət, biznes qurumu varmı ki, onun sahibi hansısa məmur və onun yan yörəsi olmasın? Hər yeri qamarlayan da onlar, qul kimi işlətdiyi əhaliyə qəpik-quruş verən də onlardır! “Uşaq pulu” istəyən kasıb-kusub necə ələləbaxım olmasın ki, gənc ailələrin əhəmiyyətli hissəsi kirayələrdə yaşayır, körpəsinin nə normal qidalanmasına, nə də tibbi xidmətinə pul tapır?

Ə.Əhmədovun məntiqindən belə çıxır ki, hər yeni doğulan vətəndaşının adına bank hesabı açıb böyük məbləğdə pul yatıran, onların təhsilini, maddi təminatını və gələcəyini təmin etməyə çalışan məlum neft ölkələri öz vətəndaşlarını ələbaxım edirlər?

Bu mövzuda bir neçə gün əvvəl Hadı Rəcəbli yolunun parlaq nümayəndələrindən olan deputat Musa Quliyev də açlıqlama vermişdi və demişdi ki, “həm “uşaq pulu”nun, həm də ünvanlı sosial yardımın verilməsi məqsədəuyğun deyil”. Hansı ki, bunlar prinsipcə ayrı-ayrı şeylərdir.

Məsələn, Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan hər uşağa dövlət 150 min dollar müavinət ayırır. Neft pulları hesabına Küveytdə yeni doğulan hər uşaq üçün bankda 3 min dollarlıq hesab açılır, mənzil tikintisi üçün 220 min dollara qədər faizsiz kredit verilir. Küveyt hökuməti hər bir yeniyetmə üçün aylıq 170 dollar, evdar qadınlar üçün isə 300 dollar müavinət ödəyir. Özü də bu ölkədə təhsil tamamilə pulsuzdur. Səudiyyə Ərəbistanında yeni doğulan hər uşağa dövlət neft pullarından 10 min dollar vəsait ödəyir, 80 min dollar vəsait isə əvəzsiz olaraq, mənzil almaq üçün ödənilir. Ali məktəbi bitirən hər bir məzuna 13 min dollar verilir. Səudiyyə Ərəbistanında da neft pulları hesabına tibb və təhsil tamamilə pulsuzdur.

Avropanın əsas neft ölkələrindən olan Norveçdə isə yenə neft pulları hesabına hər bir vətəndaşın hesabına 100 min dollar köçürülür. Yeni dünyaya göz açmış hər uşağın hesabına isə 3 min dollar qoyulur. Ölkədə əksər tibb ocaqları dövlətə məxsusdur, təhsil pulsuzdur və Norveç hər oxuyan vətəndaşa çəkilən xərcin səviyyəsinə görə dünyada birinci yeri tutur…

Daha da sadalamağa ehtiyac varmı? Bəlkə bu ölkələr sadaladığımız tədbirlərlə öz vətəndaşlarını ələbaxım ediblər? Bəlkə Əli Əhmədovun hökuməti bütün bunları təmin edib də, indi camaat “utanmadan” hələ bir “uşaq pulu” da istəyir?

Doğrudur, biz Norveç ola bilmirik və bu gedişlə də çətin ki olaq. Ancaq hər halda başqa vaxt “analoqu olmayan” adlandırdığımız iqtisadiyyatımız, büdcəmiz yeni dünyaya gəlmiş övladlarımıza, onların ailələrinə Norveç qədər olmasa da, az-çox layiqli bir maddi dəstək göstərə bilər. Bunun üçün sadəcə, kimlərsə öz tamahlarını azaltmalıdır, məsələn, hansısa icra hakimiyyətinin binasının təmirinə bir milyondan artıq pul ayrılmamalıdır, şübhəli tenderlərlə büdcə talan edilməməlidir və s… O zaman“uşaq pulu” da verərlər, uşağın hesabına pul da qoyarlar, təhsili, səhiyyəni də sözün əsl mənasında pulsuz edərlər, nəticədə, vətəndaş nə kasıb, nə də Əli Əhmədovun dediyi kimi ələbaxım olar…

Cəlal MƏMMƏDOV
AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.