“Nəticə hasil olunmasa, bu məsələlər də hüquqi müstəviyə keçə bilər” - Əflatun Amaşov

24-11-2015, 16:56           
“Nəticə hasil olunmasa, bu məsələlər də hüquqi müstəviyə keçə bilər” - Əflatun Amaşov
“Yalan və dezinformasiya yayan media orqanları ilə bağlı məsələlər iki müstəvidə öz həllini tapmalıdır”.

Bunu hafta.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov yalan və dezinformasiya yayan saytlarla bağlı qurumun görəcəyi əməli tədbirlərdən danışarkən deyib. Əflatun Amaşovun sözlərinə görə, bunlardan birincisi media, ikincisi hüquqi müstəvidir:

“ Çalışacağıq ki, bu məsələləri media müstəvisində həll edək. Əgər Mətbuat Şurası problemin birinci müstəvidə həllinə nail olmasa, onda məsələ hüquqi müstəviyə gedib çıxacaq. Hüquqi müstəvidə də məsələnin həlli kifayət qədər vaxt tələb edir. Çalışacağıq ki, məsələlər bu səviyyəyə çatmasın, çünki söhbət aydındır. Həmçinin qeyd edim ki, Mətbuat Şurasının “qara siyahısı” çoxdan məlumdur. Hansı xəbər portallarının, mətbu nümunələrin o siyahıda yer alması da orada öz əksini tapıb. Eyni zamanda, son dövrlər məlum hadisələrlə bağlı öz səhifələrində yalan xəbər yayan internet media orqanları da həmin siyahıya daxil edilib. Şuraya bu yöndə şikayətlər daxil olarsa, yenə də araşdırlacaq. Yenə deyirəm nəticə hasil olunmasa, bu məsələlər də hüquqi müstəviyə keçə bilər”.

Mətbuat Şurasının sədri qurumda xəbər portallarının və nəşrlərin izlənməsi ilə bağlı tətbiq edilməsi nəzərdə tutulan nəzarət mexanizmindən də danışıb:

“Nəzarət mexanizmi elə bir nüansdır ki, Mətbuat Şurası məsələni ancaq bu yöndə peşə-davranış qaydaları baxımından diqqətdə saxlayacaq. Əgər doğrudanda hansısa nəşrlərdə, saytlarda peşə davranış qaydalarının prinsipləri pozulursa, balans prinsiplərinə əməl edilmirsə, qarşı tərəfin fikri öyrənilmirsə, həmin tərəf haqqında olmayan, qurama mənbələr düzəldilirsə və bunlar bizim tərəfimizdən təsdiqlənilirsə, həmin nəşrlər, xəbər portalları tərəfimizdən tənqid olunacaq. Onların hüquqi cəzalanması ilə bağlı məsələlərlə isə hüquq-mühafizə orqanları məşğul olmalıdır”.

Qeyd edək ki, noyabrın 20-də Mətbuat Şurası tərəfindən “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirin sonunda qərara alınıb ki, yalan məlumatların getməməsi üçün, saytlar izlənsin, Mətbuat Şurası monitorinq qrupu yaratsın.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.