“Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi

13-09-2019, 18:23           
“Bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər” – Novruz Məmmədovun qərarı tənqid edildi
Nazirlər Kabinetinin təlimatına əsasən, bütün nəqliyyat vasitələrində odsöndürən sürücünün asanlıqla götürə biləcəyi yerdə quraşdırılmalıdır. Odsöndürən nəqliyyat vasitəsinin qapalı baqaj yerində quraşdırılmamalıdır.
Bəs görəsən, odsöndürən balonlar nəqliyyat vasitələrinin hansı hissəsində yerləşdiriləcək?

Teref.az xəbər verir ki, Qaynarinfo saytı məsələ ilə əlaqədar olaraq nəqliyyat ekspertlərinin fikirlərini öyrənib.

Avtosfer.az saytının rəhbəri, ekspert Elməddin Muradlı: "Harada yerləşdirilməsi ilə bağlı konkret məhdudiyyət qoyulmayıb. Yəni sürücü üçün əlverişli yerdə olması daha məqsədəuyğun olar. Adətən sürücülər onu baqajda hansısa bir qutunun içində quraşdırırlar. Müasir avtomobillərdə odsöndürən balon salonda ön oturacağın ayaqaltında yerləşdirilir. Bu istiqamətdə müxtəlif modellərdə müxtəlif addımlar atılıb. Amma əsas yerin önəmi deyil, vacib olan sürücülərin ondan istifadə etmək bacarığıdır. Çox təəssüflər olsun ki, bizim əksər sürücülərimiz ondan normal şəkildə istifadə edə bilmirlər. Biz də bunu nəzərə alaraq, yaxın günlərdə odsöndürən balonlarla bağlı sosial çarx hazırlamağı düşünürük.

Son vaxtlar apardığımız müşahidələrdən sonra bu qənaətə gəldik ki, həqiqətədən də bəzi sürücülər balondan necə istifadə edildiyini belə bilmir. Balonu illərlə sandıqda saxlayırlar, onun istifadə müddətinə fikir vermirlər. Digər tərəfdən standarta uyğun olmayan sprey formasında olan qaz balonları alıb quraşdırırlar. Hansı ki, kiçik bir alovu belə söndürməyə qadir deyil. Sadəcə, ucuz olduğuna görə onu alıb quraşdırırlar. Heç o birisi də bahalı deyil - 25 manatdır. Bir dəfə alırsınız və ildə bir dəfə aparırsan, odsöndürən maye doldururlar. Bir dəfə alınan bir şeydi. Avtomobildə həmişə olması faydalıdır. Bunu nəzərə almaq lazımdır.

Standartlarda belə bir yanaşma qoyulub ki, odsöndürən balonlar 2 litrdən aşağı olmamalıdır. Amma bilmirəm qiymətini qaldıracaqlar, ya yox. Əksər sürücülər onun 1,5 litrini alır. Bu, həcmcə də normaldır. Sadəcə, 2 litrlik həcm məsələsini kimin ortaya attığı bizə də maraqlı gəlir. İstehsalçı zavodlar avtomobilin üzərində odsöndürən balon da buraxır. O da 1-1,5 litr həcmində olur. Bizim bu ağıllı mütəxəssislərin haradan 2 litr qərarına gəldikləri mənə maraqlıdır. Doğrudanmı bunların ağlı kəsməyib ki, istehsalçı zavodlarla əlaqə saxlasınlar, ünsiyyət qursunlar. Qəribə bir fikir düşüb ortaya. Yəqin kimsə 2 litrlik qaz balonu gətirib satmağa, amma əlində qalib və ona uyğun addım atıblar. İnsanları nəzərə almaq lazımdır, belə olmaz. Güya təhlükəsizlik baxımından fikirləşirlər. Ki, 2 litrliyin həcmi böyükdür, daha çox yanğın söndürə bilər. Bunlar onu əsas götürüblər.

Təhlükəsizliyi düşünən adam belə bir səhvə yol verərmi? 80 nəfəri daşıyan avtobusa 1 odsöndürən təklif edir. Hansı ki, sərnişin avtobuslarında iki odsöndürən təklifi verilib, biri sürücünün yanında, digəri salonda. Ki, heç olmasa yanğın baş verəndə birini sürücü götürəndə, birini də sərnişin götürüb yanğının qarşısını almaqda kömək etsin. Bu təklifi qoyub bir qırağa, avtobusda deyirlər bir odsöndürən olsun. Amma "Şaqman" maşınında, "Belarus" traktorunda iki osöndürən olsun. Yük adətən daş olur. Daş yanmır ki... Amma avtobusda insanlar yanır axı. Düşünürəm ki, bu qərarı yuxulu vəziyyətdə qəbul ediblər. Hər halda bir də baxmaq lazımdır. Belə biabırçı yanaşma olmaz axı. Yol hərəkəti təhlükəsizliyindən danışırıq, ama bəziləri deyəsən yol hərəkəti vəzifəsini ələ salır".

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov: "Odsöndürən balon bəzi avtomobillərin baqaj hissəsində saxlanılırdı. Ancaq elə avtomobillər var ki, xüsusilə də Yaponiyada istehsal olanlarda ön oturacağın altında, yəni sürücüyə yaxın yerdə yerləşdirilib. Avtomobilin konstruksiyasında belə nəzərdə tutulub ki, əlçatan yerdə olsun. Ancaq bütün avtomobillərdə elə deyil. Məsələ ondadır ki, hansısa avtomobilin konstruksiyasında ola bilsin, yanğınsöndürən baqajda nəzərdə tutulub. Bəs bu halda nə etmək lazımdır? Çox güman ki, bu, tövsiyə xarakterli qaydalardır. Yoxsa odsöndürəni gətirib salonda quraşdırmaq artıq salona müdaxilə kimi gedir. İstənilən halda hər bir avtomobilin daxili salonu elə konstruksiya olunub ki, ora hər hansısa müdaxilə başqa xoşagəlməz hallara, zədələnməyə gətirib çıxara bilər. İndi təsəvvür edin ki, avtomobilin içində, xüsusilə də dam hissəsinin daşıyıcısı olan sütunda quraşdırılsa, artıq bu, təhlükəsizlik kəmərinin istifadəsinə maneəçilik törədə bilər. Və ya tutaq ki, arxa şüşənin altında, arxa oturacaqların sütun hissəsinə quraşdırılarsa, gözlənilməyən hallara gətirib çıxa bilər.

Düşünürəm ki, bu qayda ancaq avtomobilin konstruksiyasının imkan verdiyi halda tədbiq etmək olar. Adi bir nüansdan misal çəkim. Salonda əl çatan yerdə deyirlərsə, sual yaranır, kimin əl çatan yeri? Bu salonda uşaq da otura bilər. Uşaq hansısa bir situasiyada nəzarətdən kənara çıxıb onun başlığını çıxararsa, odsöndürəni hərəkətə keçirərsə, düşünün ki, bu avtomobildə hansı vəziyyətin yaranmasına gətirib çıxarar. Qəza şəraiti yarada bilər. Çünki anidən açılmış odsöndürən avtomobilin özünə də, insanlara da xəsarət yetirə bilər. Elə əlçatan yerdə olmalıdır ki, uşaqlardan uzaq olsun. Uşaqlar onu rahatlıqla istifadə etmək imkanına malik olmamalıdır.

Misal üçün, Yaponiya istehsalı olan avtomobillərdə nə üçün ön oturacağın altına quraşdırılır? Çünki müəyyən yaş həddinə qədər uşaqlara ön oturacaqda oturmaq qadağandır. Ona görə də elə avtomobillərdə çox rahatlıqla yerləşdirmək olur. Amma salonun arxa oturacaqlarına yaxın bir yerdə olması potensial təhlükə yarada bilər. Ona görə də bu variant üzərində düşünmək lazımdır. Ki, odsöndürən yalnız ondan istifadə edəcək şəxsə əlçatan yerdə olsun. Və bir də avtomobilin kontruksiyasına uyğun olsun".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.