Azərbaycan dördgünlük iş həftəsinə keçə bilər?

19-09-2019, 08:56           
Azərbaycan dördgünlük iş həftəsinə keçə bilər?
Yeni Zelandiya və Hollandiyadan sonra Danimarka da dördgünlük iş həftəsinə keçidlə bağlı ilk təcrübələrə start verib. Hətta qonşu Rusiyada da bu barədə müzakirələr gedir. Yaponiyada isə gələcəkdə həftədə 12 saatlıq iş rejiminə keçid üçün təkliflər səsləndirilir, müzakirələr aparılır.

Görəsən, Azərbaycanda dördgünlük iş həftəsinə keçid edilməsi mümkündürmü?

Mövzu ilə bağlı Axar.az-a danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, həftədə dördgünlük iş rejiminə keçid Azərbaycan kimi ölkələr üçün yaxın perespektivdə real deyil:

“Buna ölkə iqtisadiyyatının inkişaf səviyyəsi, əmək bazarının mövcud vəziyyəti, əl əməyindən istifadə dərəcəsi, məhsuldarlıq və məşğulluq sahəsində real vəziyyət, səmərəlilik və s. imkan yaratmır. Bəli, bu və ya digər sahibkar rəhbərlik etdiyi strukturda dördgünlük iş rejiminə keçə bilər, bunu əlahiddə tədbiq edə bilər. Hərçənd ki, fəaliyyət imkanları buna cavab verə bilən bir sahibkarlıq subyekti və strukturu görmürəm. Ancaq bilavasitə qanunvericilik səviyyəsində bütün ölkə üzrə, xüsusən, dövlət sektorunda və o cümlədən, özəl bölmədə bunun tədbiqi mümkün deyil”.

İqtisadçının sözlərinə görə, hətta bir sıra sahələrdə real olaraq həftədə beşgünlük iş rejiminin özünün kifayət etmədiyi aydın görünür:

“Məsələn, bir az əvvəl bank sektorunda bayram günləri ilə bağlı, o cümlədən şənbə-bazar iş günü olmaması ilə əlaqədar ciddi çatışmazlıqlar yarandığı müzakirə mövzusu idi. Yaxşı ki, bir sıra banklar tərəfindən bu problem aradan qaldırıldı. Məsələ ondadır ki, bizdə istər xidmət sferası olsun, istər ticarət, istər istehsal, əl əməyindən istifadə üzrə faydalılıq əmsalı, ümumiyyətlə, tələb olunan müvafiq fəaliyyətin və işin yerinə yetirilməsi üzrə səmərələlik göstəricisi və səviyyəsi hələlik olduqca aşağı həddədir. Başqa sözlə desək, nə qədər ki əmək tutumlu, zəhmət tələb edən, fiziki cəhətdən ağır işlər mövcuddur, nəinki Azərbaycanda, ümumiyyətlə, dünyanın heç bir ölkəsində bu rejim geniş miqyasda tətbiq oluna bilməz. Əgər dördgünlük iş həftəsinə keçid etmək istəyiriksə, iqtisadiyyatı inkişaf etdirməli, bütün sahələrdə müasir texnoloji metodların tətbiqinə nail olmalıyıq”.
Sosiaoloq Əhməd Qəşəmoğlu da dördgünlük iş həftəsinə keçmək üçün Azərbaycanın qarşısında böyük vəzifələr dayandığını bildirib:

“İşi normal, düzgün təşkil etmək lazımdır ki, beş gündən səmərəli istifadə olunsun. Hətta beşgünlük iş həftəsi tam oturuşmayıb, boşluqlar var. Ona görə hazırda bəzi ölkələrin müzakirə etdiyi dördgünlük iş həftəsi bizim üçün çox tezdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.