İranda erməni oyunları bitdi, Azərbaycanda yeni "erməni oyunu" başlayır – XİN isə fil qulağında

22-09-2019, 00:00           
İranda erməni oyunları bitdi, Azərbaycanda yeni "erməni oyunu" başlayır – XİN isə fil qulağında
İranda keçirilən 51. Erməni olimpiadası bu gün başa çatıb.

Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, bu gün 7-ci gününə qədəm qoyan olimpiada planlaşdırılandan 3 gün əvvəl tamamlanıb.

Qeyd edək ki, erməni olimpiadasının qardaş ölkə kimi tanıdığımız İranda keçirilməsi, xüsusilə yarışlarda qondarma DQR-nın iştirakı ehtimalı Azərbaycanda ciddi narazılığa yol açmış, bəzi siyasilər və mətbu orqanlar buna sərt təpki göstərmişdilər.

Təpkilərə İranın reaksiyası isə özünü çox gözlətməmişdi. İranın Azərbaycandakı səfirliyi açıqlama verərək təmsil etdiyi ölkənin ərazi bütövlüyünə tanıdığını vurğulamış və qondarma DQR-nın həqiqətən də belə bir təklif irəli sürdüyünü və fəqət rəsmi Tehranın bu təklifi geri çevirdiyini bildirmişdi.

O da maraqlıdır ki, erməni atletləri Tehranda olimpiada keçirdikləri bir vaxtda Ermənistan hökuməti İsraildə səfirlik açmaq barədə qərar etmiş, bununla da geopolitik çəkişmədə öz yerini müəyyənləşdirmişdi. Ovqat.com-un da vurğuladığı kimi, səfirlik açmaq qərarının Ermənistanın geopolitik seçimi olduğu hazırlanan təkliflər paketində öz əksini bu şəkildə tapmışdı: “Bu zərurət İsrailin Yaxın Şərqdə mühüm geosiyasi rol oynamasından qaynaqlanır”.


Bu iki faktın işığında 51. Erməni olimpiadasının 3 gün əvvəl başa çatması istər-istəməz cavabını gözləyən bəzi suallara yol açır: Əcəba, Azərbaycan tərəfinin ciddi etirazları İranı tələm-tələsik erməni oyununu bitirməyə vadar edib, ya İrəvanın İsraillə yaxınlaşmaq cəhdimi Tehranda soyuq duş effekti yaratmış və onlar erməni atletlərə vaxtından əvvəl xudahafiz deməli olmuşlar? Yoxsa, erməni olimpiadası iştirakçı azlığındanmı tez bitmiş?


Ümidvarıq ki, İran tərəfi bu suallara da aydınlıq gətirəcək.

Tehranda Erməni oyunları bitər-bitməz indi də Dağlıq Qarabağda növbəti “erməni oyununun” planlaşdırıldığı məlum olub. Amma bu dəfə söhbət idman oyunlarından getmir. Söhbət ondan gedir ki, Dağlıq Qarabağ separatçıları Azərbaycanın dünya dövlətləri tərəfindən tanınan ərazisində rəsmi Bakıdan xəbərsiz "Artsakh Fest" adlı beynəlxalq festivala hazırlaşır. Erməni xəbər agentliklərinin məlumatına görə,

4-6 Oktyabr tarixində keçirilməsi planlaşdırılan bu “beynəlxalq müasir incəsənət festivalı” sayca ikinci olacaq. Belə çıxır ki, ötən il də bənzər festival keçirilib, bir sıra dövlətlər Azərbaycanın suverenlik haqlarını tapdalayaraq erməni separatçılarının bu qanunsuz tədbirinə qatılıblar. Əks halda bu tədbirin adı “beynəlxalq” olmazdı. Bütün bunlar yaşanarkən rəsmi Bakı isə nədənsə dünya dövlətlərinin bu qanunsuz səfərlərinə səssiz qalıb və qalmaqdadır.


Bildirilir ki, festival Xankəndində Vahram Papazyan adını daşıyan Dövlət Dram Teatrında keçiriləcək. Azərbaycanın işğal olunmuş ərazisində keçiriləcək bu layihənin müəllifi isə Yerevandakı Müasir İncəsənət İnstitutudur. Layihənin rejissoru Anna Kamay, festival çərçivəsində bu il film izləmə, musiqi proqramları, açıq emalatxanalar və digər bir sıra tədbirlərin planlaşdırıldığını bildirib. Ermənistana bağlı dövlət qurumunun Dağlıq Qarabağda hansısa tədbir keçirməsi isə mahiyyət etibarilə Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır. Nöqtə” bəyanatından fərqli bir şey deyil, əksinə bu bəyanatı reallaşdırmaq cəhdidir.

Elədirsə, müvafiq dövlət qurumlarımız, o cümlədən XİN-nin susqunluğunu anlamaq mümkün deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.