Avropa Birliyi ilə danışıqlarda yeni mərhələ

11-10-2019, 09:10           
Avropa Birliyi ilə danışıqlarda yeni mərhələ
Ötən həftə Helsinki şəhərində, Azərbaycan və Finlandiya respublikalarının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirildi. Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edib. Qeyd edək ki, hazırda Avropa İttifaqına Finlandiya sədrlik edir. Finlandiya XİN rəhbərliyi ilə keçirilən görüşlərdə Azərbaycan-Avropa Birliyi (AB) münasibətləri, Finlandiyanın AB-ə sədrliyi çərçivəsində müəyyən etdiyi prioritetlər ətrafında fikir mübadiləsi də aparıldığı bildirilir.

Oktyabrın 11-də isə AB-nin yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gələcək. Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktorluğunun regional proqramlar bölməsinin rəhbəri Vasilis Maraqosun başçılığı ilə nümayəndə heyəti Bakıda “Şərq tərəfdaşlığı” proqramının gələcəyinə dair struktur məsləhətləşmələrində iştirak edəcək. Azərbaycanla AB arasında imzalanması gözlənilən strateji sazişlə bağlı prosesə bu səfərin də dinamika gətirəcəyi gözlənilir.

AB ilə saziş sənədinin hazırlanmasının yekunlaşmaq üzrə olduğu hələ bu ilin yazında rəsmi bəyan edilsə də proses hələ də başa çatmayıb. Bu isə təşkilatla Azərbaycan arasında tərəfdaşlıq sazişinin bu il imzalanmasının mümkün olub-olmayacağı sualını yaradır.

AB üzrə ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a öncə bildirdi ki, son iki il təşkilat və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi, tərəflər arasında uzun müddətdir davam edən danışıqların nəticəsinin əldə olunması üçün məhsuldar bir il kimi yadda qalıb: “Yeni hərtərəfli sazişin imzalanması üçün aparılan danışıqlar prosesi dinamik sürətlə inkişafı etdi. Son iki il Azərbaycan prezidenti İlham Əliyevin istər Avropa İttifaqının mərkəzi siyasi, iqtisadi və təhlükəsizlik təsisatları, istərsə də strateji üzv ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlər, imzalanan yeni sənədlər Azərbaycanın AB ilə münasibətlərini daha da möhkəmləndirdi və nəticə olaraq bu il Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri üzrə danışıqlar yekunlaşdı, buna dair baza sənədi paraflandı. Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzərində intensiv iş gedir və strateji tərəfdaşlıq üzrə sazişin bəndlərinin əksəriyyəti razılaşdırılıb. Bu yeni saziş gələcək illərdə Azərbaycan və AB arasında münasibətlər üçün yeni hüquqi əsas kimi nəzərdə tutulur: Keçən il Bakıda Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik üzrə ilk dialoq başlandı. Avropa Xarici Tədbirlər Xidmətinin baş katibi müavini Jan Kristof Belardın başçılıq etdiyi AB nümayəndə heyəti iştirakı ilə aparılan bu dialoq birmənalı olaraq danışıqların daha ciddi mərhələyə keçməsi kimi qəbil olunmalıdır. Avropa İttifaqı və Azərbaycan arasında təhlükəsizlik üzrə dialoq, tərəflərin ikitərəfli və çoxşaxəli təhlükəsizlik məsələlərinin müzakirəsi üçün nəzərdə tutulur.

Dialoqun gündəliyi haqqında geniş danışmadan, müzakirələrin istiqamətlərini sadalamaq istəyirəm. Dialoq enerji təhlükəsizliyi, miqrasiya, sərhəd, insan alveri, transmilli cinayətkarlıq, narkotrafik və çirkli pulların yuyulması, aviasiya, nəqliyyat-lojistika və əlbəttə, terrorizm və konfliktlərin həlli sahəsində təhlükəsizlik müzakirələrinin aparılması aiddir. Təşkilat Azərbaycanla təhlükəsizlik məsələlərini iki istiqamət üzrə AB-Azərbaycan və AB-Cənubi Qafqaz kontekstindən qurmaqda maraqlıdır. Bəziləri iddia edir ki, saziş həm də Qarabağ məsələsinə AB-nin ortaya qoyduğu münasibətə görə yubanır. Əslində belə deyil. AB Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquqla tanınmış sərhədlərini tanıyır, suverenliyi və müstəqilliyini dəstəkləyir. AB üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyin və inkişafın artırılmasına maneçilik törədən məqamdır və 2003-cü ildən Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi vasitəsilə konfliktin həlli və tərəflərin dialoqu istiqamətində təşəbbüslərini davam etdirir. Qurum qitələrarası strateji keçid regionu olan Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı tərəf olsa da, məhz bu regionda təhlükəsizliyin və dayanıqlı sülhün əldə olunması, bərqərar olması üçün bir başa təsir mexanizmlərinə malik deyil".

Y.Hacıyeva hesab edir ki, sənədin imzalanmasının yubanmasının səbəbləri var: “Sənəd üzrə danışıqlar davam edir. Prosesin gedişində Azərbaycan və AB arasında strateji sazişin bəndləri çərçivəsində, nəqliyyat sahəsində yeni dialoq başlanmasına ehtiyacı yarandı. Hər iki tərəf optimal nəqliyyat tranziti və bu tranzit boyu infrastrukturun bərpası və yenilənməsi şərtləri üzərində işləyir. Sazişin bu il imzalanacağı barədə indi dəqiq fikir söyləməkdə çətinlik çəkirəm”.

Bu yaxınlarda yayılan xəbərlərdə isə deyilirdi ki, ticarət, enerji, bazara giriş, dövlət satınalmaları, yerli məhsulların təşviqi məsələləri üzrə tərəflər arasında razılıq əldə etmək mümkün olmayıb. AB Azərbaycandan bir çox sosial-ictimai əhəmiyyət kəsb edən məqamlarda öz maraqlarına uyğun tələblər irəli sürür. Məsələn, AB dövlət subsidiyalarının məhdudlaşdırılmasını istəyir. Maraqlıdır ki, Avropa uzun müddət öz iqtisadi inkişafını və ayrı-ayrı sahələrin rəqabətqabiliyyətliyini təmin etmək üçün məhz subsidiya mexanizmindən istifadə edib. Hətta bu gün də bir sıra sahələrdə subsidiyalar mövcuddur. Belə ki, subsidiyaların məhdudlaşdırılması ölkə iqtisadiyyatının əsas sahələrinə, xüsusilə də kənd təsərrüfatı sektoruna ciddi təsir göstərəcək. Azərbaycanda fermerlər bütün vergilərdən azaddır. Aqrar sektorun təşviqi, rəqabətqabiliyyətli istehsalın təmin edilməsi, daxili tələbatın yerli məhsullar hesabına ödənilməsi, ixrac potensialının artırılması üçün geniş subsidiyalar paketi mövcuddur. Bu isə özəl sektorun, xüsusilə də artıq formalaşmış sahibkarlar sinfinin daha da güclənməsini təmin edən mühüm alətlərdəndir. Nəzərə alsaq ki, əhalinin, təxminən, 40% məhz kənd təsərrüfatı ilə məşğuldur, vergi güzəştlərin və subsidiyaların ləğvi iqtisadi çətinliklərə və sosial problemlərə səbəb ola bilər. Belə ki, fermerlərin gəlirləri azalacaq, kənd təsərrüfatı ilə məşğul olmaq səmərəli olmayacaq və bu sahəyə olan marağın azalması nəticəsində məşğulluq aşağı düşəcək. Bütün bunlar isə ən azı ölkə vətəndaşlarının maraqları, sosial rifahı üçün nəzərə alınmalıdır.

Danışıqların bu cür çətin getməsinin, hətta bəzi ekspertlərin dediyi kimi, dalana dirənməsinin əsas səbəblərindən biri də məhz budur. Başqa bir səbəbin isə AB-nin demokratiya və insan haqları sahəsində irəli sürdüyü şərtlər olduğu deyilir.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.