Kiçik sahibkara yaradılan böyük problem - ölkə rəhbərliyindən kömək istənilir

11-10-2019, 10:19           
Kiçik sahibkara yaradılan böyük problem - ölkə rəhbərliyindən kömək istənilir
Nizaməddin Quliyev: “Neçə illərdir qanuni sahibkarlıq fəaliyyətimin qarşısı alınır”
Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı ölkə rəhbərliyinin diqqətində olan əsas istiqamətlərdən biridir. Bu sahədə irəliləyişə nail olunması üçün son illərdə bir sıra mühüm addımlar atılıb, kiçik və orta sahibkarlığın problemləri ilə məşğul olan ayrıca agentlik yaradılıb.

Dəfələrlə ölkə prezidenti məmurlardan hər sahədə kiçik və orta sahibkarlara yaşıl işıq yandırılmasını tələb edib. Buna rəğmən, müxtəlif bəhanələrlə xırda sahibkarların fəaliyyətini əngəlləyən məmurlar hələ də qalmaqdadır. Bakı şəhər Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 16 C ünvanında yaşayan Nizaməddin Quliyev sahibkar kimi hüquqları pozulanlardan biridir.

Onun ölkə Prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciətindən aydın olur ki, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 04 iyun 1993-cü il tarixində qanuni təmsilçisi olduğu “Yetər” istehsalat-kommersiya firmasına Azər Manafov (keçmiş Leonov küçəsi) küçəsi 9 ünvanında - “Təbriz” (keçmiş “Sevinc”) kinoteatrının yanında yerləşən sökülüb dağılmış su avtomatlarının yerində gündəlik tələbat malları mağazasının tikilməsi üçün 2170 №-li sərəncam imzalanıb. Bundan əlavə, qeyd olunan qurum tərəfindən 25 mart 1993-cü il tarixində Bakı şəhəri Qara Qarayev prospektində 61 saylı binanın birinci mərtəbəsində yerləşən 300 kv.m sahənin “Yetər” kiçik müəssisəsinin istifadəsinə verilməsinə dair 1251 №-li sərəncam imzalanıb: “Uzun illər boyu dəfələrlə müraciət etsəm də, Nizami rayon İcra Hakimiyyəti bu sərəncamların icra olunmasına imkan verməyib, mənim qanuni sahibkarlıq fəaliyyətimin qarşısı alınıb.

Sahibkarlıq fəaliyyətimə maneələr bununla bitmir. Belə ki, 1997-ci ildən Nizami rayonu ərazisində indiki “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Tural-1" firmasının nəzdində fəaliyyət göstərən ictimai iaşə obyektində fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Bu fəaliyyətim zamanı ölkə qanunvericiliyinə tam əməl edib, bütün vergi və rüsumlarımı vaxtlı-vaxtında ödəmişəm. Lakin yerli hüquq-mühafizə və icra strukturlarının sahibkarlıq fəaliyyətimə əsassız müdaxilələri nəticəsində 2005-ci ildə orada fəaliyyətimi dayandırmağa məcbur olmuşam.

Cənab Prezident, hörmətli Mehriban xanım!

Mən əslən Cəbrayıl rayonundanam. Erməni işğalçılarına qarşı aparılmış müharibənin iştirakçısıyam. Rayonumuz erməni quldurları tərəfindən işğal olunduqdan sonra ata-anamı, qardaş və bacılarımı himayəmə götürmüşəm. Bu günədək də onlar mənim himayəmdədilər - dövlətdən bir kvadrat metr də olsa mənzil almayıblar.

Öz fəaliyyətini ölkə qanunvericiliyi əsasında quran, öhdəsində 4 nəfər məcburi köçkün olan bir sahibkarın bütün fəaliyyət imkanlarını qapamaq onu dolanışıqdan məhrum etmək deməkdir.

Özümə qarşı yerli icra strukturları və hüquq-mühafizə orqanlarının bu münasibəti mənim siyasi fəaliyyətimlə bağlıdır. Belə ki, 1988-ci ildən Azərbaycan milli azadlıq hərəkatının ön cərgələrində olmuşam. 1989-1996-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC), 1999-2006-cı illərdə Müsavat Partiyasının Nizami rayon təşkilatının sədri, 2006-2012-ci illərdə Müsavat Partiyası Mərkəzi icra aparatının regional kuratoru, 2012-2014-cü illərdə partiya başqanının müşaviri vəzifələrini tutmuşam. Bütün bu müddət ərzində ölkə qanunlarından kənar bir addım atmamışam, Azərbaycan dövlətçiliyinə zərər gətirəcək fəaliyyətdə iştirak etməmişəm".

N.Quliyev bildirir ki, Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin 1993-cü il 2170 saylı sərəncamı ilə “Təbriz” kinoteatrı yaxınlığında “Yetər” firmasına ayrılmış 200 kv.m sahə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə kənar bir şəxsə ayrılıb, sahə hasara alınıb, orada kinoteatrın söküntüsü işləri aparılır: “Qanuni sərəncamla mənə ayrılmış sahədə sahibkarlıq fəaliyyətimi qurmağıma yaradılan maneələrin aradan qaldırılması üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Ombudsmana, Bakı Şəhər İcra Hakimiyyətinə, Nizami rayon rəhbərliyinə etdiyim müraciətlər nəticəsiz qalıb. Belə ki, yuxarı instansiyalara müraciətlərim bir qayda olaraq Nizami rayon İcra Hakimiyyətinə göndərilir, oradan isə mənə sərəncamın icrası üçün müəyyən olunmuş müddətin bitdiyi əsas gətirilməklə rədd cavabı verilir. Halbuki bu müddət mənim günahım üzündən ötürülməyib, öz qanuni sahibkarlıq fəaliyyətimə başlamağım üçün 1993-2013-cü illər ərzində dəfələrlə Nizami Rayon icra Hakimiyyətinə müraciət etsəm də, onlara məhəl qoyulmayıb”.

Hüququ pozulan sahibkar ölkə prezidenti və birinc-vitse-prezidentdən qanuni sahibkarlıq fəaliyyətinə şərait yaradılması üçün yardım istəyir: “Cənab İlham Əliyev, hörmətli Mehriban xanım! Sizdən barəmdə baş vermiş haqsızlığın araşdırılması, Nizami rayonu ”Təbriz" kinoteatrı yaxınlığındakı 200 kv.m ərazidə öz sahibkarlıq fəaliyyətimi qurmağıma şərait yaradılması üçün müvafiq qurumlara göstəriş verməyinizi xahiş edirəm".

P.S. Bakı Şəhər İcra Hakimiyyətinin və Nizami rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.