MŞ rəsmisi açıqladı: hansı məmurlar və niyə şantaj edib?

18-10-2019, 08:57           
MŞ rəsmisi açıqladı: hansı məmurlar və niyə şantaj edib?
Prezidentin bu çıxışı bizim illərdir reket jurnalistikaya qarşı apardığımız mübarizəyə mənəvi dəstəkdir. Həm də hesab edirəm ki, bu dəstəkdən istifadə edib, bu cür problemlərin kökünü kəsə biləcəyik.

Bu sözləri Axar.az-a Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli Prezident İlham Əliyevin 15 oktyabrda keçirilən iqtisadi müşavirədə iqtidardakı islahatlar əleyhinə olan bəzi məmurların yeni, islahatçı kadrları media vasitəsilə şantaj etməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. M.Ələsgərli bildirib ki, məsələnin kökü çox dərindir:

“Biz artıq 10 ilə yaxındır ki, bu məsələ barədə danışırıq. Düzdür, o zaman problem indiki kimi qəliz və acınacaqlı həddə deyildi. Ancaq ümumilikdə bu fakt mövcuddur və bunun bariz nümunəsi də olub. 2010-cu ildə biz bir çox qəzetlə yanaşı, Habil Əliyevin “Gündəlik Bakı” qəzetinin adını da “qara siyahı”ya salmışdıq. Biz onlara qarşı uzun müddət mübarizə apardıq. Onlar da bizə təzyiq göstərirdilər. Nəhayət, 2015-ci ildə məlum oldu ki, bunların arxasında Milli Təhlükəsizlik Nazirliyinin bədnam qrupu durur. Onlar da bir məmur təbəqəsi idi. Demək, həmin qəzet həmin bədnam qrupun tapşırığı ilə hansısa məmuru şantaj edirdi. Bilirsiniz, artıq bizim “reket jurnalistika” adlandırdığımız həmin o jurnalistika 5-10 il əvvəlki kimi gedib, kimlərisə hədələyib, 10-15 manat alanlar deyil. Artıq bu jurnalistikanın beynəlxalq şəbəkəsi yaranıb. Ölkə içində də artıq siyasi proseslərə təzyiq edəcək qədər, ölkənin təhlükəsizliyinə təhdid yaradacaq qədər irəli gediblər”.

M.Ələsgərli bildirib ki, bir çox hallarda reket jurnalistikanın kökü hansısa məmura gedib çıxır:

“Bizim əlimizdə hansısa istintaq, kəşfiyyat məlumatı olmayıb ki, konkret bir məmuru ittiham edək. Ancaq apardığımız araşdırmalar, bizə verilən bilgilər göstərirdi ki, bunların bir tərəfində də müəyyən məmurlar dayanırdı. Onlar hansısa maraqlarını təmin etmək üçün həmin o reket jurnalistikadan istifadə edib, onlara maddi dəstək olub, onların fəaliyyətlərinin daha da genişlənməsinə şərait yaradıblar. Məmurlar xüsusilə özlərinə rəqib hesab etdikləri həmkarlarına qarşı belə medialardan istifadə ediblər. İndi bəzi saytlara baxsanız, orada zaman-zaman, hətta bəzən istintaq materialına oxşayan yazıların üzə çıxdığını görərsiniz. Bunlar asanlıqla əldə olunan informasiyalar deyil. Belə informasiyaların məzmununa baxanda bunlar aşkar görünür. Buradan da o nəticəyə gəlmək olur ki, mediaya bu məlumatlar bilərəkdən göndərilir”.

M.Ələsgərli vəziyyətin indi niyə bu qədər təhlükəli hal aldığına da aydınlıq gətirib:

“İndi medianın keyfiyyəti dəyişib. Əvvəllər belə məsələlər çap mediası üzərində, televiziyalarda cərəyan edirdi, bunlara nəzarət etmək olurdu. İndi isə onlayn media dövrüdür. Ünvanı, yeri bəlli olmayan, anormal insanlar tərəfindən qurulmuş, özünü KİV elan edən “saytlar” da artıq bu kompromat savaşlarına qoşulublar. Onlar ölkədə etimadsızlıq mühitinin yaradılmasına şərait yaradırlar, dəstək verirlər. Hesab edirəm ki, artıq bu məsələnin üzərinə gedib bu işi birdəfəlik bitirmək lazımdır. Prezidentin bu çıxışı bizim illərdir apardığımız mübarizəyə mənəvi dəstəkdir. Hesab edirəm ki, nəhayət, bu dəstəkdən istifadə edib, bu cür problemlərin kökünü kəsmək mümkündür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.