Müxalifətdən Samir Nuriyevlə bağlı gözləntilər - GƏLİŞMƏ

6-11-2019, 09:26           
Müxalifətdən Samir Nuriyevlə bağlı gözləntilər - GƏLİŞMƏ
Prezident Administrasiyasının rəhbəri postu xeyli dərəcədə siyasi post sayılır. Ramiz Mehdiyev həmin postu tutduğu dövrdə ölkə idarəçiliyində, siyasi münasibətlər sisteminin formalaşmasında mühüm təsirə malik olub. İndi bu posta siyasi proseslərdə, keçmişdə müxalifətlə siyasi qovğalarda iştirak etməyən, siyasi konfliktlərə qoşulmayan fiqur təyin edilib.

Müxalifət düşərgəsi belə bir kadrla siyasi münasibətlər sisteminin daha yaxşı qurulacağına ümid edirmi?

AXP sədri, sabiq baş nazir Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Samir Nuriyevin siyasi münasibətlər sisteminə necə təsir edəcəyini, onun bu vəzifəyə təyinatının müxalifətlə münasibətlərə hansı yeniliklər gətirib-gətirməyəcəyini bir müddət sonra daha dəqiq söyləmək mümkün olacaq: “Odur ki, vaxt lazımdır. Bundan əvvəlki dövrdə cari idarəçilik xeyli dərəcədə Prezident Administrasiyasının rəhbərinin əlində cəmləşmişdi. Bundan sonrakı dövrdə Prezident Administrasiyasının rəhbərinin hansı işlərə təsir edib-etməyəcəyi, hansı işləri həyata keçirəcəyi həm də ölkə prezidentinin mövqeyindən daha çox asılı olacaq. Hər halda, Samir Nuriyev prezidentin müəyyən etdiyi kursu, siyasi münasibətlər sistemini, sadəcə, həyata keçirəcək. Bu kurs siyasi sistemdə, müxalifətlə münasibətlərdə hansısa dəyişiklikləri də özündə ehtiva edəcəksə, Samir Nuriyev də işini buna uyğun quracaq. Yox, əgər əvvəlki kurs tamamilə olduğu kimi qalacaqsa, Prezident Administrasiyasının yeni rəhbəri yəqin ki, burada özfəaliyyətə yol verib başqa kurs yürütməyəcək.

Mən məmur-oliqarxik sistemin sökülməsi baxımından kadr təyinatlarında gəncləşməni müdafiə edirəm. Prezident Administrasiyasının yeni rəhbərini yaxından tanımırıq və qarşıdakı dönəmdə onun gəlişinin müxalifətlə münasibətlərə necə təsir edəcəyini bu gün dəqiq söyləməkdə çətinlik çəkirik. Müəyyən bir dövr lazımdır. Hələ proses davam edir və yekun rəy vermək tezdir".

AMİP katibi Əli Orucov isə bildirdi ki, Ramiz Mehdiyevdən fərqli olaraq yeni dönəmdə PA rəhbərinin funksiyalarının icrası daha çox texniki və əlaqələndirici ola bilər: “Əvvəlki rəhbər partokrat idi, partiya-siyasi işləri bilirdi və böyük təcrübəyə malik idi. Samir Nuriyev isə daha çox texnokratdır və onun qərarların verilməsində, siyasi kursun müəyyənləşdirilməsində və yönləndirilməsində Ramiz Mehdiyev qədər iştirakının olub-olmayacağını yaxın gələcəkdə görəcəyik.

Müxalifətə münasibətə gəlincə, bu, Samir Nuriyevin baxışları, yanaşmaları ilə deyil, ali siyasi rəhbərliyin mövqeyi ilə müəyyənləşməkdə davam edəcək. Bu, həm də ölkədə və regionda gedən proseslərin gedişatından asılı olacaq. Bundan sonra PA-nın rəhbərinin siyasi proseslərin fəal iştirakçısı və şəkilləndirici şəxs olacağı ehtimalı çox azdır. Azərbaycan iqtidarının fəaliyyətini müasir dünyanın və dövrün istək və tələblərinə uyğun şəklidə qurmaqdan başqa yolu yoxdur. Bu yolda müxalifətlə normal münasibətlərin qurulması da var, insan hüquq və azadlıqlarına hörmət edilməsi də. Hər halda könül istərdi ki, Azərbaycanda müxalifətə düşmən yox, rəqib, opponent və ən nəhayət, vətəndaş kimi yanaşılsın.

Amma bununla belə, prezident öz ətrafına savadlı, enerjili, çağdaş dünya ilə ayaqlaşa bilən, Qərb mədəniyyətinə, idarəçiliyinə və yaşam tərzinə bələd olan geniş düşünə bilən gənc kadrları toplayırsa, onlara sərbəstlik versə, üzərilərinə məsuliyyət qoysa müəyyən uğurlu nəticələr qazanmaq olar. Hər halda ümid edirəm ki, Samir Nuriyevin PA rəhbərliyinə təyinatı bir çox köhnə streotipləri sındıra biləcək və iqtidar-müxalifət konfrantasiyasına deyil, iqtidar-müxalifət əməkdaşlığına, münasibətlərin normallaşdırılmasına və sivil, demokratik məcraya yönəldilməsinə öz töhvəsini verəcək".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.