Rusiya-Azərbaycan münasibətlərində dinamikanın daha bir göstəricisi - Azərbaycan diasporunun bəxti açılır, Elkaponenin təşkilatı kölgədə qalır...

28-11-2019, 21:22           
Rusiya-Azərbaycan münasibətlərində dinamikanın daha bir göstəricisi - Azərbaycan diasporunun bəxti açılır, Elkaponenin təşkilatı kölgədə qalır...
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko, MDB ölkələri, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Eleonora Mitrofanova, Rusiya Prezidenti Administrasiyasının Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr üzrə İdarəsinin rəisi Vladimir Çernov və Prezident Administrasiyası Daxili Siyasət İdarəsinin rəis müavini Mixail Belousov, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşüb. Görüşlərdə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.

Bildirilir ki, təmaslarda Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və diaspor sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və onların təmsil etdiyi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın diaspor fəalları ilə keçirilən görüşü giriş sözü ilə açan səfir P.Bülbüloğlu tədbir iştirakçılarını F.Muradovun səfərinin mahiyyəti və məqsədi haqqında məlumatlandırıb.

F.Muradov öz çıxışında rəhbərlik etdiyi komitənin son ilyarım müddətində fəaliyyəti haqqında məlumat verərək ölkəmizdə aparılan islahatların diaspor sahəsinə də təsirsiz ötüşmədiyini vurğulayıb və son dövrdə görülmüş işlər, əldə edilmiş nailiyyətlər, o cümlədən, komitənin yeni yaradılmış radiosu və təqdim etdiyi onlayn xidmətlər barədə danışıb.

Sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib. Burada soydaşlarımızın sualları cavablandırılaraq onların diaspor işi ilə bağlı təklifləri qeydə alınıb və Rusiyada diaspor işinin təkmilləşdirilməsi üçün ilkin olaraq Koordinasiya Şurasının yaradılması haqqında razılıq əldə olunub. Belə görüşlərin Moskva şəhərindən sonra Rusiyanın digər regionlarında da keçiriləcəyi bildirilib.

Görüş çərçivəsində diaspor fəalları Ramiz Abutalıbov, Rauf Atolibəyov və Adil Hacınski “Azərbaycan Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif ediliblər.

Xatırladaq ki, bir zaman Rusiyada rəsmi Bakı və Moskvanın xeyir-düası ilə yaradılan və azərbaycanlıları öz ətrafında birləşdirən ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) rəsmi qeydiyyatının ləğvindən sonra pərakəndə halda olan diasporu bir yerə yığmaq istiqamətində görülən işlər heç bir səmərə vermirdi. Rusiyada olan bəzi şəxslər məhz bu boşluğu doldurmaq üçün məyyən səylər göstərdilər. Bir neçə ay əvvəl bu missiyanı Rusiyada yaşayan Frenk Elkapone kimi tanınan Füzuli Məmmədov həyata keçirmək istədi. Ancaq ilk andan onlara Azərbaycanın rəsmi dairələri tərəfindən dəstəyin olmadığı özünü göstərdi. Çünki onların yaratdıqları qurumun təsis konfransında Azərbaycan tərəfdən heç bir rəsmi şəxs, hətta ölkəmizin Rusiyadakı səfirliyinin nümayəndəsi belə iştirak etmirdi. Bunun bir sıra səbəbləri vardı.

Qeyd edək ki, Füzuli Məmmədov Rusiyadakı azərbaycanlılar tərəfindən birmənalı olaraq lider kimi qəbul edilən persona deyil. Çox xaotik siyasi cəhdləri ilə yadda qalan Füzuli Məmmədovun zaman-zaman həm Rusiya, həm də Azərbaycan siyasi hakimiyyəti ilə müəyyən problem yaşadığına dair KİV-də çeşidli məlumatlar yayılıb. 2000-ci illərin əvvəllərində hətta Frenkin Azərbaycanda siyasi arenaya sürətli girişmək cəhdləri də uğursuz alınıb. Onun rəhbərlik etdiyi Xalq Vətənpərvərlər İttifaqı Partiyası qısa müddətdən sonra fəaliyyətini dayandırmalı oldu. Bundan sonra F.Məmmədovun diaspor sahəsində göstərdiyi səylər də ciddi nəticə verməyib. Hazırda F.Məmmədovun dünyanın ən böyük və soydaşlarımızın daha çox yaşadığı bir şimal ölkəsində azərbaycanlıları öz ətrafında birləşdirmək cəhdləri elə ilk andan uğursuzluğa məruz qalıb. Təsadüfi deyil ki, F.Məmmədovun sədr seçildiyi ilk gündə Azərbaycan diasporunun fəal üzvləri sosial şəbəkələr vasitəsilə çıxış edərək, toplantının heç də bütün Rusiyada yaşayan soydaşlarımızın iradəsini əks etdirmədiyini bildirdilər. Fuad Muradovun son Moskva səfəri və orda keçirdiyi görüşlər bir daha göstərir ki, Azərbaycan dövləti yaxın qonşumuz olan Rusiyada yaşayan çoxlu sayda soydaşımızın taleyinə biganə deyil. Bu istiqamətdə olan boşluğu təsadüfi adamlar vasitəsilə deyil, prinsipial dövlət siyasətinə uyğun şəkildə doldurmaqda maraqlıdır. Moskvada keçirilən tədbirlərdə özünü Rusiyadakı Azərbaycan diasporunun lideri kimi elan etmiş şəxslərin görünməməsi bir daha göstərir ki, bu istiqamətdə ölkə rəhbərliyinin konkret siyasi iradəsi var və yaxın zamanlarda Rusiyadakı Azərbaycan diasporunun işində irəliləyişlər özünü göstərəcək. F.Muradovun səfərinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyaya etdiyi rəsmi səfərdən sonraya təsadüf etməsi də bu yöndə yeni mərhələnin başlandığına işarə sayıla bilər. Çünki həmin səfər çərçivəsində Rusiya ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı mühüm razılaşmaların əldə olunduğu bildirilir. Yəqin ki, yaxın zamanlarda biz Rusiyadakı diasporumuzun vahid platformada birləşdiyinin və aktiv fəaliyyətə start verəcəyinin şahidi olacağıq.

Məhəmmədəli QƏRİBLİ
baki-xeber.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.