Mənzilini kirayə verənlərin şərtləri - nikah kağızı da istənilir...

10-12-2019, 08:54           
Mənzilini kirayə verənlərin şərtləri - nikah kağızı da istənilir...
Ekspert: “Problemləri əsasən təşviq addımları ilə həll etmək olar”
Bakıda tikinti və digər sektorlarda inkişaf kirayə mənzil bazarına da təsir göstərib. Belə ki, bu işlə məşğul olanların sözlərinə görə, devalvasiyadan sonrakı ilk illərlə müqayisədə hazırda kirayə mənzil bazarında aktivlik müşahidə edilir. Mənzilini kirayə verənlərin isə özlərinin yazılmayan qanunları var. Belə ki, bir çox mənzil sahibləri öz evlərini yalnız ailələrə kirayə verirlər. Digərləri isə şərt qoyurlar ki, həm ailə olsun, həm də ailənin azyaşlı uşağı olmasın. Bundan başqa, mənzilini yalnız qızlara kirayə verənlər də mövcuddur. Başqa biriləri isə mənzilini kirayə verən zaman müqavilə bağlamaq yerinə cütlükdən nikah kağızı tələb edir.

Son zamanlar Bakıda evlərini günlük kirayə verənlər də var. Bu adamlar isə yalnız şəxsiyyət vəsiqəsi tələb etməklə, evlərini ən azı günü 50 manatdan günlük kirayə verirlər.

Evi kirayə götürənlə mənzil sahibi arasında əksər hallarda yaşanan problemlərdən biri də mənzilin təmiri məsələsidir. Belə ki, evini uzun müddət kirayə verən şəxs sonda kirayə götürəndən əlavə ödəniş də tələb edir.

Bildirir ki, ev verildiyi vaxtda olduğu kimi təmirli deyil. Ona görə də əlavə ödəniş edilməlidir.

Lakin ekspertlər bildirirlər ki, uzunmüddətli kirayə verilən mənzil üçün əlavə ödəniş tələb etmək doğru deyil. Yalnız o halda əlavə ödəniş alınmalıdır ki, mənzili kirayə götürən şəxs bilərəkdən evə ziyan vurub.

Bəs yuxarıda qeyd etdiyimiz digər məsələlər necə tənzimlənməlidir?

“Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli bildirib ki, qanunla mülkiyyətçinin müəyyən tələblər irəli sürmək hüququ mövcuddur:

“Əgər hər hansı bir ölkədə özəl mülkiyyətin toxunulmazlığı və qorunması ilə bağlı öhdəlik varsa və orada hüquqi dövlət anlayışı mövcuddursa, o zaman təbii ki, mülkiyyətçiyə hər hansı formada hüquq tanınır. Öz mülkiyyətindən hansı qaydada istifadə etmək diktəsi mümkün deyil. Ancaq dünyanın bir çox ölkəsində bu kimi məsələlərdə müəyyən addımlar atılır. Belə ki, hansısa problemin yaşandığı görünən zaman müqavilə öhdəliyi əsas götürülür. Azərbaycanda problemlərdən biri budur ki, kirayə müqaviləsi demək olar ki, bağlanmır. Çox zaman bu, şifahi xarakter daşıyır. Belə olan halda isə bunun həm vergidən yayınması halında, həm də kirayə verənlə götürənin öhdəlikləri məsələsində ciddi problemlər var. Kimin nə öhdəliyinin olması ilə bağlı müqavilə mədəniyyəti formalaşmayıb. Məsələnin ən ciddi tərəflərindən biri də budur. Bunu dövlət hər hansı formada mülkiyyətçiyə diktə etməkdənsə, təşviq yolu ilə problemi həll etmək olar. Məsələn, əgər tələbə oğlanlara qarşı mənzil qıtlığı varsa, bunu da həll etmək mümkündür. Onu da deyim ki, Azərbaycanda yataqxana problemi mövcuddur və bu məsələ də hər kəsə bəllidir. Hər hansı mənzil sahibi əgər oğlanlara kirayə verirsə, digərlərindən daha az vergi ödəyə bilər deyə qaydalar gətirmək mümkündür. Bu zaman təşviq olunar və kirayə verən də bu məsələdə maraqlı olar. Təşviq addımları ilə problemləri həll etmək mümkündür”.

Ekspert söyləyib ki, Azərbaycanda əsas problem müqavilə öhdəlikləri ilə bağlıdır:

“Azərbaycanda çox nadir hallarda olur ki, qanunvericiliyə uyğun şəkildə kirayə müqaviləsi bağlanır və bunun qanunla nəzərdə tutulan 14 faiz vergisi ödənilir. Azərbaycanda icarədən gələn gəlirin vergisi mövcuddur. Müqavilə olmadığı üçün bu cür gəlir də büdcəyə oturmur. Müqavilə mədəniyyəti yaranarsa, digər problemlərin də həlli mümkündür. Bunu isə şirnikləşdirici və təşviqlə həll etmək olar. Ancaq hansısa inzibati yolla ev sahibinin mülkiyyətinə toxunmaq, onun hüquqlarını məhdudlaşdırmaq Azərbaycan konstitusiyasına da ziddir. Hüquqi dövlət anlayışına da bu, uyğun deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.