Gürcüstanda dağda yaşayanlar qışda qazpulundan azad edilir

10-12-2019, 08:55           
Gürcüstanda dağda yaşayanlar qışda qazpulundan azad edilir
Azərbaycanda da analoji təcrübənin tətbiqinə, habelə qaz və işıq limitinin aradan qaldırılmasına ehtiyac duyulur
Gürcüstan hökuməti yüksək dağlıq ərazidə yaşayan əhaliyə qaz təchizatında ciddi güzəşt edir. Belə ki, qonşu ölkədə yüksək dağlıq ərazi statusu alan kəndlərdə yaşayan əhali 1 dekabr-15 may aralığında hər ay adambaşına 700 kub təbii qazı pulsuz işlədəcək. Paylaşdırıcı şəbəkələr bununla bağlı dövlət büdcəsindən dotasiya alacaq. Hər ev təsərrüfatı təxminən 4000 kub qazı pulsuz ala biləcək.

Yüksək dağ kəndlərinə güzəşti İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi təqdim edir. Bu məqsədlə 2020-ci il büdcəsindən 2,6 milyon dollar ayrılıb. Bu güzəşt artıq bir neçə ildir tətbiq olunur. Belə ki, 2015-ci ildə Gürcüstan hökuməti “Yüksək dağ regionlarının inkişafı haqqında” qanun qəbul edib, Yüksək Dağlıq Yaşayış Məskənlərinin İnkişaf Fondu yaradılıb. 2016-2019-cu illərdə bu fondun büdcəsi 29 milyon dollar olub. Qanun 1730 yüksək dağ kəndində yaşayan 300 mindən artıq insana xüsusi güzəştlər müəyyənləşdirib: yüksək pensiya, sosial ödənişlər, güzəştli tariflər və digər proqramlar.

Azərbaycanda nə qədər yüksək dağ kəndi var?

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, Gürcüstan MDB dövlətləri üçün bölgə inkişafı, ayrıca olaraq kənd inkişafı sahəsində təcrübəsi öyrəniləcək ölkəyə çevrilir: “Bu məsələdə Avropaya inteqrasiya ilə bağlı proqram və təşəbbüslərin ciddi rolu var. Bir müddət əvvəl qeyd etmişdim, Gürcüstan kənd yerlərində məişət tullantılarının idarə edilməsi ilə bağlı Avropa Birliyinin proqramlarına qoşulub, bu sahədə yaxşı təşəbbüslər var. Başqa bir maraqlı təcrübə yüksək dağlıq ərazilərə xüsusi status verən qanunun qəbuludur. Bu statusu alan ərazidə biznes və əhali xeyli güzəştlər alır. Məsələn, əhaliyə əmək haqqı, biznes gəlir və aksiz vergisilə bağlı güzəştlər edilir, artırıcı əmsalla yüksək pensiya təyin edilir, əlavə sosial ödənişlər müəyyən edilib. Bu bölgələrə sərmayələr də həvəsləndirilir. İndi isə hökumət qərar verib ki, yüksək dağlıq ərazi statusu alan kəndlərdə yaşayan əhaliyə pulsuz qaz limiti tətbiq edilsin”.

Ekspert hesab edir ki, regional idarəetmə məsələsində Azərbaycanla Gürcüstan arasında müqayisəedilməz institusional fərqlər var: “Bu fərqlər özünü nələrdə göstərir: rayon və kənd səviyyəsində idarəetmə seçkili qurumlara məxsusdur, mərkəzi hakimiyyətin təmsilçisi yalnız region səviyyəsində mövcuddur, ölkədə bilavasitə bölgə inkişafına məsul Regional İnkişaf Nazirliyi fəaliyyət göstərir, bələdiyyələr ölkə büdcəsinin 25 faizi qədər (Azərbaycanda bu, heç 0.5 faiz də deyil) vəsaitə sərəncam vermək imkanına malikdir”.

R.Ağayev qeyd edir ki, Azərbaycan qanunvericiliyinə görə, dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşən kəndlər “yüksək dağlıq” yaşayış məntəqələri hesab edilir: “Azərbaycanın 4509 kənd və qəsəbəsi var ki, bunlardan 783-ü yüksək dağlıq ərazilərdir. Öz növbəsində, onlardan 195-i 1200-1500 metr yüksəklikdə, 546-sı 1500-2000 metr yüksəklikdə, 42-si isə 2000-dən artıq yüksəklikdə olan kənd və qəsəbələrdir. Yüksək dağlıq kəndlərin üçdə biri və ya 263-ü işğal altında olan kəndlərimizdir. Tam və qismən işğalda olan rayonlarımız üzrə kənd və qəsəbələrin ümumi sayı isə 1027-dir”.

Bəs Azərbaycanda necə, yüksək dağ kəndlərində əhaliyə hansısa güzəştlər, kommunal xidmətlərdə imtiyazlar tanınırmı?

R.Ağayevin dediyinə görə, Azərbaycanda yalnız əmək haqqına əmsallar tətbiq olunanda yüksək dağlıq ərazilərə müəyyən imtiyaz tanınır. Belə ki, Nazirlər Kabinetinin 2002-ci ildə qəbul etdiyi “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 137 saylı qərarı var. Həmin qərara əsasən Azərbaycanda dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilib. Göstərilən artım əmsalları işəgötürən tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əmək haqqına, qanunvericiliklə tarif (vəzifə) maaşına müəyyən edilmiş əlavələrə və “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarının 1 nömrəli əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilir.

Bundan əlavə, “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Qanuna əsasən dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə, bu yüksəklik 2000 metrdən artıq olduqda isə 1.3 həcmində yerli əmsal müəyyən edilir. Yerli əmsallar dövlət qulluqçusunun həmin məntəqələrdə fəaliyyət göstərən dövlət orqanlarında faktiki qulluq keçdiyi dövr üçün tətbiq olunur.

Ucqar kəndlərdə müəllim işləyənlər üçün tətbiq edilən bir sıra güzəştlərdən yüksək dağlıq ərazilərdə çalışanlar da yararlanır. Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarı var. Bu qərara əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya verilir. Yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına kömək göstərilməlidir. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat məbləğində əlavə ödənilir.

Dağ kəndlərimizdə qazlaşdırma aşağı səviyyədədir

Kommunal xidmətlərə gəlincə, bu sahədə Azərbaycanda müxtəlif kateqoriyalar üçün tətbiq olunan güzəştlər tamamilə ləğv edilib. Hazırda əhalinin qaz və elektrik enerjisi ilə təchizatında yüksək dağlıq ərazilərdə yaşayanlar üçün heç bir güzəşt tətbiq olunmur. Sadəcə olaraq, bütün ölkə əhalisi üçün ev təsərrüfatlarına münasibətdə illik 2000 kubmetr qaz 10 qəpiyə, ondan yuxarı 20 qəpiyə, ayda 300 kVtsaat elektrik enerjisi 7 qəpiyə, ondan yuxarı hissə 11 qəpiyə satılır. 2016-cı ildən tətbiq olunan bu limitin aradan qaldırılması, qiymətlərin qaz üçün 10 qəpik, elektrik enerjisi üzrə 7 qəpik həddində müəyyənləşdirilməsi ilə bağlı Milli Məclis üzvləri və ekspertlər tərəfindən qaldırılan bütün təkliflər hələ ki nəticəsiz qalmaqdadır.

Təəssüf doğuran haldır ki, Azərbaycanda yüksək dağlıq ərazilərin qazla təchizatında ciddi çatışmazlıqlar hökm sürməkdədir. Belə ki, bu ərazilərin böyük əksəriyyətinə, ümumiyyətlə, qaz çəkilməyib. Məsələn, 36 min nəfərə yaxın əhalisi, 49 yaşayış məntəqəsi olan Daşkəsən rayonunun bütün ərazisi yüksək dağlıq ərazi kateqoriyasına daxildir. Belə ki, - Daşkəsən rayonunun 49 yaşayış məntəqəsindən 44-ü (Daşkəsən şəhəri də daxil olmaqla) 1500-2000 metr, 3-ü 1200-1500 metr yüksəklikdə yerləşir. İndiyədək rayonun cəmi 10 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu, rayon əhalisinin 65,9 faizi, ərazisinin isə 26,5 faizi deməkdir.

Gədəbəydə rayonunun 109 yaşayış məntəqəsindən 92-si 1500-2000 metr yüksəklikdə, 10-u 1200-1500 metr yüksəklikdə yerləşir. Rayonun cəmi 36 yaşayış məntəqəsi təbii qazla təchiz edilib.

Daha bir dağ rayonu olan Lerikdə 161 kənd və 1 rayon mərkəzi var. Bunlardan 76 yaşayış məntəqəsi yüksək dağlıq ərazidə yerləşir. Hazırda rayonun 50 kəndi qaz ala bilir.

Yardımlıda 87 kənd, 1 rayon mərkəzi var. Yardımlı şəhərinin bir hissəsi də daxil olmaqla, 25 kənd yüksək dağlıq ərazidə yerləşir. Hazırda rayonda qazlaşma yaşayış məntəqələri üzrə 15 faiz, əhali üzrə 32 faiz təşkil edir. Rayondan aldığımız məlumata görə, bu il, ümumiyyətlə, Yardımlıda qazlaşdırma aparılmayıb, 2018-ci ildə isə 1 kənd qazlaşdırılıb. Rayonun Köryədi kəndinin 2009-cu ildə yarısı qazlaşdırılıb, yarısı qalıb. Yardımlı şəhərinə bitişik olan Dəlləkli və Ostair kəndləri isə bu günədək qazlaşdırılmayıb.

İsmayıllı rayonunun 108 yaşayış məntəqəsindən cəmi 43-ü təbii qazla təmin olunub. Bu rayonun 17 yaşayış məntəqəsi 1500-2000 metr yüksəklikdə, 10-u isə 1200-1500 metr yüksəklikdə yerləşir. Qazlaşdırılmamış 65 yaşayış məntəqəsində 4220 ev təsərrüfatı mövcuddur.

Qazlaşdırma məsələsi Quba və Qusar raronlarının yüksək dağlıq ərazilərində də ciddi problem olaraq qalır.

Elektrik enerjisi təchizatına gəlincə, bütün ölkə ərazisi əhatə olunsa da, dağ kəndlərində şəbəkənin köhnəliyi üzündən təchizatda ciddi fasilələr adi haldır. Qış aylarında xüsusilə yağıntılar, küləkli havalarda təchizat günlərlə dayanır. Azərbaycanda yüksək dağlıq ərazilərdə iş qurmaq istəyənlər üçün də hər hansı güzəşt, imtiyaz tanınmır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.