Aİ üçün Azərbaycanla yeni bir sazişin imzalanması əsas prioritetlərdən biri olaraq qalır - Yankauskas

7-01-2020, 10:09           
Aİ üçün Azərbaycanla yeni bir sazişin imzalanması əsas prioritetlərdən biri olaraq qalır - Yankauskas
2019-cu ildə Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə edilib.

Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Yankauskas qeyd edib ki, sazişin əhəmiyyətli bir hissəsi əvvəlcədən razılaşdırılmışdır:

"Əsasən ticarət müddəaları ilə əlaqəli olan sazişin bəzi hissələri üzərində əlavə iş tələb olunur. 2019-cu ilin sonunda Azərbaycan Nazirlər Kabinetində yeni bir iqtisadi komandanın və Brüsseldə yeni bir Avropa Komissiyasının yaradılması ilə yeni reallıqlar ortaya çıxdı. 19-20 dekabr 2019-cu il tarixlərində Brüsseldən Aİ-nin yüksək səviyyəli nümayəndə heyəti Bakıya gələrək, Azərbaycanın bir sıra əsas dövlət qurumlarının nümayəndələri ilə saziş layihəsinin açıq qalan fəsillərinə dair çox məhsuldar məsləhətləşmələr keçirib. Hər iki tərəf danışıqların tezliklə başa çatması ilə bağlı işləri davam etdirmək üçün güclü siyasi iradələrini bir daha ortaya qoydu".

Avropalı diplomat əlavə edib ki, Avropa Birliyi üçün Azərbaycanla yeni bir sazişin bağlanması gündəliyin əsas prioritetlərindən biri olaraq qalır.

Ümumiyyətlə, Aİ nümayəndə heyətinin rəhbəri 2019-cu ilin ikitərəfli əməkdaşlıq üçün əlverişli olduğunu düşünür:

"Bir çox yüksək səviyyəli səfərlər keçirilib. Cənub Qaz Dəhlizinin inşasında, habelə yeni tərəfdaşlıq və aviasiya sazişi üzrə müzakirələrdə əhəmiyyətli irəliləyişlər əldə etdik. Biz çox uğurlu Aİ-Azərbaycan biznes forumu keçirdik, nəqliyyat dialoquna başladıq və təhlükəsizlik dialoqumuzu intensivləşdirdik".

Xatırladaq ki, 2016-cı ilin noyabrında Aİ Şurası Avropa Komissiyasına və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəyə Azərbaycanla hərtərəfli razılaşma məsələsi üzrə Aİ və üzv ölkələr adından danışıqlar aparmaq üçün mandat verilmişdi.

Yeni saziş 1996-cı il tərəfdaşlıq və əməkdaşlıq müqaviləsini əvəz etməlidir.

Bu gün Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlər 1996-cı ildə imzalanan və 1999-cu ildə qüvvəyə minən tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş əsasında tənzimlənir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.