BAŞ NAZİRİN BACISI MİLYARDLIQ ƏMLAKA NECƏ SAHİB OLUB?- Rusiya hökumətinin yeni başçısı ittihamlardan yaxa qurtarmır (ARAŞDIRMA)

24-01-2020, 10:33           
BAŞ NAZİRİN BACISI MİLYARDLIQ ƏMLAKA NECƏ SAHİB OLUB?- Rusiya hökumətinin yeni başçısı ittihamlardan yaxa qurtarmır (ARAŞDIRMA)
Rusiyanın yeni baş naziri Mixail Mişustin yeni vəzifəsinin icrasına başlayar-başlamaz ittihamlara tuş gəldi. Mətbuat əvvəlcə Mişustinin Moskva kənarındakı bahalı (600 milyon rubl) əmlakını gündəmə gətirdi. Bunun ardınca rusiyalı müxalifətçi Aleksey Navalnı və onun təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu Mişustini həyat yoldaşı Vladelnanın varidatını hansı yolla əldə etdiyini açıqlamağa çağırdı.

Navalnı bildirdi ki, vergi bəyannamələrindən xanım Mişustinanın son 9 ildə təxminən 800 milyon rubl qazandığı göstərilir. Baxmayaraq ki, onun adına heç bir hüquqi şəxs qeydiyyata alınmayıb.

Bu ittihamlar səngiməmiş jurnalistlər bu dəfə də Mişustinin bacısının sahib olduğu milyonlardan yazmağa başladılar. Bir neçə gündür ki, Rusiya mətbuatı baş nazirin bacısı Nataliya Steninanın dəbdəbəli mülklərindən və bahalı səyahətlərindən yazır. Son olaraq mövzunu BBC-nin Rusiya xidməti araşdırıb.

Araşdırma müəllifləri üzə çıxarıblar ki, Mixail Mişustinin doğma bacısı Nataliya Stenina 1 milyard rubl dəyərində elit əmlaka sahibdir. Onun eyni zamanda İstrinski rayonunda mülkü, Xamovniki rayonunda mənzili var.

Bəs, xanım Stenina bütün bunlara necə sahib olub? Jurnalistlər araşdırıb ki, onun yeganə məlum olan biznesi Moskvada fəaliyyətini dayandırmış “Nedalniy Vostok” restoranıdır.


“Knightsbridge Private Park”

Araşdırma zamanı məlum olub ki, Moskvanın Xamovniki rayonu Kremldən bir neçə kilometr məsafədə yerləşən elit mənzillər bölgəsidir.

Mənzil “Lujniki” stadionu yaxınlığında, 6 nömrəli keçmiş çörək zavodunun yerində tikilən “Knightsbridge Private Park” yaşayış kompleksində yerləşir.

“Knightsbridge Private Park” 2 hektarlıq parkı olan, britaniyalı dizaynerin tərtibatı əsasında, ingilis üslubunda tikilən, 2 metrlik hasarla əhatə olunan yaşayış kompleksidir.

Məhz bu hasarın arxasında yeni bir baş nazir Mixail Mişustinin bacısı – 49 yaşlı Nataliya Steninanın mənzili olan bina yerləşir. Lakin bu barədə məlumat dövlət reyestrində yer almayıb.

Göstərilən ünvanın “Rosreestr”dəki çıxarışında Steninanın adı gizlədilib. Bunun əvəzinə “Rusiya Federasiyası” qeyd olunub. Lakin son vaxtlara qədər Mişustinin rəhbərlik etdiyi Federal Vergi Xidmətinin qapalı bazasında həmin mənzil N.Steninanın mülkiyyəti kimi göstərilir. Bu məlumatı BBC-yə Federal Vergi Xidmətindəki (Rusiya vətəndaşlarının şəxsi məlumatlarına çıxış imkanı olan) mənbə ötürüb.



Nataliya Stenina

Məmurların özlərinə və yaxınlarına məxsus əmlakların “Rusiya Federasiyasının” adına rəsmiləşdirilməsi son dönəmlərin təcrübəsidir.

Məsələn, “Rosneft”in rəhbəri İqor Seçinə məxsus ərazinin və ya Rusiya Federal Təhlükəsizlik Xidməti idarəsinin rəisi Aleksey Dorofeyevə məxsus mülkün sahibi kimi “Rusiya Federasiyası” göstərilib.

Eynilə, yeni baş nazirin Rublyovkadakı mülkünün sahibi də “Rusiya Federasiyası”dır. Çox güman ki, bu ev indi baş nazirin övladlarına aiddir.

“Knightsbridge Private Park”ın girişini üç mühafizəçi qoruyur. Onlar kompleksdə kimlərin yaşadığını bilmədiklərini deyirlər. Mənzillərin sahibləri evlərinə yeraltı dayanacaqdan istifadə etməklə daxil olurlar.

“Mühafizəçilər avtomobillərin tünd rəngli pəncərələrinin arxasında oturanların üzünə baxsaydılar, məsələn, “Rusiya Poçt”un hazırkı rəhbəri Nikolay Podquzovu görə bilərdilər. Bu elit bir kompleksdə onun 380 kvadratmetrlik mənzili var”, – “İnsider” nəşri yazır.

Xanım Stenina 2018-ci ilin yayında bu kompleksdən 170 kvadratmetrlik mənzil alıb və bunu 2019-cu ildə rəsmiləşdirib. Həmin il özünə yeraltı dayanacaqdan da yer alıb.

Bu kompleksdə bir kvadratmetrin orta qiyməti 1 milyon rubldur. Demək, indi Steninanın mənzili təxminən 180 milyon rubl dəyərindədir.



“Agalarov Estate”

“Knightsbridge Private Park”dakı mənzildən başqa, Stenina 2014-cü ildə “Agalarov Estate” kottec qəsəbəsindən ikimərtəbəli mülk alıb. Qəsəbə İstrinski rayonunda yerləşir. Bu evin də rəsmi sahibi “Rusiya Federasiyası”dır.

Sosial şəbəkələrin birində Steninanın oğlu Mixailin hesabında (indi bağlanıb) “Agalarov Estate”də çəkilmiş fotolar var.

Onlardan birində Mixailin daxil olduğu evin divarında nömrə qeyd olunmuş lövhə var. “Rosreestr”ə görə, “Agalarov Estate”də eyni nömrəli evin sahibi “Rusiya Federasiyası”dır.

Steninanın “Agalarov Estate”dəki qonşuları arasında müğənnilər Emin Ağalarov və Stas Mixaylov da var.

“Agalarov Estate” kottec qəsəbəsi milyarder Araz Ağalarova məxsus “Crocus Group”un layihəsidir. Buradakı əmlakdan başqa Nataliya Steninanın Moskva vilayətinin digər elit bölgəsində – “Nikolina Qora” qəsəbəsində də 740 və 140 kv.m-lik iki evi var.

“Rosreestr”in məlumatlarına görə, bu evləri baş nazirin bacısına 2009-cu ildə iş adamı Aleksandr Udodov bağışlayıb. Udodov Steninanın restoran biznesində ortağı olub.

“Açıq Media”nın hesablamalarına görə, Mişustinin “Nikolina Qora”dakı qohumları 1,5 milyard rubl dəyərində 2.6 hektar əraziyə sahibdirlər. Bunlardan 1,3 hektarı baş nazirin bacısına məxsusdur. Onun Rublyovkanın bu hissəsindəki aktivlərinin dəyəri cari qiymətlərlə təxminən 350 milyon rubldur.

Digər obyektlərdə olduğu kimi, burada da Steninanın adı “Rosreestr”ə salınmayıb. Lakin Federal Vergi Xidməti bazasında bu əmlak onun mülkiyyətindədir.



“Tverski” bulvarındakı bina

Beləliklə, ümumilikdə, Mixail Mişustinin bacısı təxminən 900 milyon rubl dəyərində yaşayış əmlakına və torpaq sahəsinə sahibdir.

Stenina 2000-ci illərin əvvəllərində “Aeroflot”da işləyib. Daha sonra haradasa işləyib-işləmədiyi bilinmir.

2015-ci ildən bəri o, Moskvadakı “Tverski” bulvarındakı “Nedalniy Vostok” restoranının 25 faizinə sahibdir. Digər payçılar isə Arkadi Novikov və Alexandr Udodovdur.

2019-cu ilin əvvəlində restoran bağlanıb. Stenina və ortaqları həm də restoranın yerləşdiyi binanın sahibləridilər. Steninanın səhmlərinin bazar dəyəri təxminən 140 milyon rubldur.

2015-ci ildən 2018-ci ilə qədər olan müddətdə restoranın ümumi itkisi 20 milyon rubldan çox olub. Restoran yalnız 2017-ci ildə 3,6 milyon rublluq kiçik bir qazanc əldə edib.

“Tverski” bulvarındakı binanın məxsus olduğu şirkət sahiblərinə ildə 100 min rubl qazanc gətirir. Qapadılmış restoran, həmçinin bina Mişustinin bacısının yeganə bilinən aktivləridir.

Həyat yoldaşı Sergeyin də uğurlu biznesmen olduğunu demək olmaz. 2016-cı ilə qədər o, Moskva vilayətindəki kiçik bir şirkətə rəhbərlik edib. Şirkətin də illik gəliri 1,5 milyon rubl olub…

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.