İlham Əliyevdən Ermənistana Davos zərbəsi

25-01-2020, 09:11           
İlham Əliyevdən Ermənistana Davos zərbəsi
Paşinyan foruma niyə qatılmadı? Ekspertlərdən ilginc şərhlər
Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində çox mühüm görüşlər keçirdi. Son olaraq, ölkə rəhbəri İsveçrənin Montrö şəhərinin meri, Azərbaycan-İsveçrə Dostluq Qrupunun həmsədri Loran Verli ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilib. İki ay əvvəl İsveçrə parlamentində Azərbaycan ilə dostluq qrupunun həmsədri təyin olunduğunu deyən Loran Verli bu qrupa rəhbərlik etməkdən məmnunluğunu bildirib. O, fəaliyyəti dövründə Azərbaycan ilə İsveçrə, o cümlədən, iki ölkənin qanunverici orqanları arasında əlaqələrin daha da sürətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Söhbət zamanı Azərbaycan ilə İsveçrənin şəhərləri arasında əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb, bir müddət əvvəl Montrö şəhəri ilə Bakının Səbayel rayonunun qardaşlaşdığı bildirilib. Görüşdə Azərbaycan şirkətlərinin İsveçrədə aktiv fəaliyyəti qeyd edilib və iki ölkənin şirkətləri arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə də görüşüb. Görüşdə “Qarabağ” yatağı layihəsi müzakirə olunub. “Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd edib. Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparılıb.

Dövlət başçısının belə önəmli forumda iştirak etdiyi və mühüm görüşlər keçirdiyi bir vaxtda diqqəti Ermənistanın baş naziri və rəhbəri Nikol Paşinyanın foruma qatılmaması çəkib. Onun əvəzinə isə prezident Armen Sərkisyan Davosa gəlib. Halbuki bir il öncəki Davos Forumuna erməni baş nazir qatılmış, hətta Azərbaycan prezidenti ilə qeyri-rəsmi görüşü də olmuşdu.

Sabiq dövlət müşaviri Qabil Hüseynli Paşinyanın Davosa getməməsini bu cür izah etdi: “Burada əsas olan odur ki, onlar iqtisadi layihələrdən kənarda qaldıqlarını yaxşı başa düşürlər. Bu da onların öz təqsiridir. Bundan əlavə, onlar Azərbaycanla ortaq işə girmək üçün mütləq Qarabağ məsələsində kompromisə getməlidirlər. Amma onlar nə kompromisə, nə də danışıqlara getmək fikrindədirlər. Bu özünü hər addımbaşı göstərir. Ola bilsin ki, onlar İran yaxud başqa bir ölkə ilə investisiya, iqtisadi əlaqələr baxımından danışıqlar aparırlar. Amma unutmaq olmaz ki, bölgədəki bütün iqtisadi layihələrin ipi Azərbaycanın əlindədir. Ölkəmiz olmadan nə bu layihələri gerçəkləşdirmək, nə də Ermənistana investisiya tapmaq mümkün deyil. İranla müəyyən işlər görə bilərlər. Bu da ölkə daxilində ciddi gərginliklərə yol aça bilər. Davos Forumunun əhəmiyyəti çox böyükdür. Xarici investisiya cəlb etmək baxımından çox böyük əhəmiyyətə malikdir. Burada isə Ermənistanın şansları sıfıra bərabərdir. Digər tərəfdən onu da qeyd edim ki, iqtisadi sahədə Paşinyanın səriştəsizliyi göz önündədir. O dünyada gedən iqtisadi prosesləri dəyərləndirə bilmir. Xaricdə olan erməni işgüzar dairələri müəyyən vədlərlə Paşinyana təskinlik verirlər. Onlar sadəcə erməni baş nazirə müəyyən miqdarda ianə və pul verə bilərlər. Amma gerçək iqtisadi layihələrin həyata keçirilməsində onlar hər hansı bir rol oynaya bilməzlər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Paşinyanın getməməkdən başqa yolunun qalmadığını qeyd etdi: “Davos Forumunda Paşinyan nədən danışacaqdı? Forumda iştirak üçün gərək layihələr, təkliflər ola. Bunun üçün də gərək Ermənistanın iqtisadiyyatında irəliləyişlər olsun. Bundan əlavə, Ermənistanın hansısa şirkətlərinin diqqət cəlb etməsi də vacibdir. Bu da olmadığı üçün Paşinyan getsəydi, daha çox tənqidlərə məruz qala bilərdi. Özünün əvəzinə prezidentini göndərdi. O da çox maraqlıdır ki, ilk görüşünü İraq Kürdüstanının lideri ilə etdi. Bu bir daha onların xislətindən xəbər verdi. O boyda Davosda ilk görüşünü görün kiminlə edir. Baxmayaraq ki, İraqın tərkib hissəsinə daxildirlər, amma separatçılığa meylidirlər. Paşinyan öncəliklə ona görə foruma qatılmadı ki, nəticə əldə etməyəcəyini bilirdi. Azərbaycan prezidenti Davosda mühüm görüşlər keçirdi. Bu ölkəmiz adına çox vacib idi. Ermənistanda isə hazırda ciddi gərginliklər yaşanır. Ölkənin keçmiş milli təhlükəsizlik naziri öldürüldü. Belə bir ağır vəziyyətdə Paşinyan ölkəsindən kənara çıxmamağa qərar verdi. Onun Davosa qatılmaması bir daha onun göstəricisi oldu ki, ölkəsinin iqtisadiyyatında irəliləyiş yoxdur. Bir daha qeyd edirəm ki, Davosa təklifləri olan ölkələrin liderləri qatılır. Yaxud da hansısa şirkətlə müqavilə imzalanır. Paşinyanın ölkəsi adına bunları demək olmaz. O, sadəcə, iqtisadiyyatla bağlı şişirdici rəqəmlər sadalamaqla məşğuldur. Davosda bu yalanlar üzə çıxacaqdı. Əgər bir şirkətlə belə müqavilə Davosda imzalaya bilmirsə, demək bunun ciddi səbəbləri var. Cəmi 2 və ya 2.5 milyon əhalisi var. Hansı böyük şirkət bu kiçik bazara diqqət ayıra bilər ki? Bu baxımdan özünü biabır etməmək üçün Paşinyan düşünüb ki, getməmək daha doğrudur. Özünün əvəzinə prezidenti göndərir. O da erməni konstitusiyası ilə simvolik bir fiqurdur. Təsəvvür edin ki, hansısa bir ölkənin lideri ilə görüşmək əvəzinə, özü kimi İraq separatçılarının lideri ilə görüşür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.