Daha bir xəstəxanada 6 koronaviruslu xəstə texniki nasazlıq qurbanı olub - İDDİA

11-07-2020, 16:45           
Daha bir xəstəxanada 6 koronaviruslu xəstə texniki nasazlıq qurbanı olub - İDDİA
Pandemiya dövründə xüsusi rejimli xəstəxana kimi fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 3 gün öncə bir reanimasiya şöbəsində müalicə olunan 6 koronaviruslu xəstə həyatını itirib.

Dominant.az-a bu barədə ictimai vəkil Samir Zeynalov məlumat verib.

Vəkilin sözlərinə görə, Ağciyər Xəstəlikləri İnstitutunda reanimasiya şöbəsində vəfat edən xəstələr koronavirusun yox, texniki nasazlığın qurbanı olublar: "Ölüm faktları İVL (tənəffüs aparatları) oksigen vurmadığı üçün baş verib. Bu nasazlıq isə nə vaxtında aradan qaldırılıb, nə də ki, buna nəzarət həyata keçirilib. Xəstəxanada çalışan və ciddi səbəblərə görə adının açıqlanmasını istəməyən həkimlərdən birinin verdiyi məlumata görə, reanimasiya şöbəsində oksigenin təzyiqi 3,5 Pa olmalı olduğu halda, verilən oksigenin real təzyiqi 2,5 Pa təşkil edir. Buna səbəb kimi isə oksigen panellərinə gələn turbaların köhnəlməsi və partlaya bilməsi ehtimalı göstərilir. Nəticə də isə 1 gecədə oksigen çatışmazlığına görə 6 xəstə dünyasını dəyişib.

S.Zeynalov onu da iddia edib ki, Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova isə məlum hadisəni gizlətməyə cəhd göstərir: "Bu hadisədən sonra reanimasiyada qeyri-qanuni olaraq çalışan həkim-allerqoloq Gülzar Rzayeva məzuniyyətə göndərilib. Qeyd edim ki, reanimasiya şöbələrində çalışan həkimlərin əksər hissəsi ixtisasca həkim-reanimatoloq deyil. Bu da xəstələrin keyfiyyətli tibb xidmətindən yararlana bilməməsi deməkdir".

Xatırladaq ki, bundan öncə də Dominant.az-a 1 saylı Kliniki Tibbi Mərkəzin həkimləri məhz texniki nasazlıq səbəbindən, daha dəqiq desək, xəstəxanada oksigen çatışmazlığından bir gecədə 16 koronaviruslu xəstənin vəfat etdiyini bildirmişdilər. Qeyd etmişdilər ki, xəstəxanada süni tənəffüs cihazları olsa da, həmin cihazların oksigeni yoxdur, aparatlar kislorodla təmin olunmayıb.

Ümid edirik ki, aidiyyəti qurumlar tərəfindən, ən azı, bu dəfə məsələ nəzarətə götürüləcək, adı hallanan xəstəxanalarda ciddi araşdırma aparılacaq.

Dominant.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.