Şahin Mustafayev: "Ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilmişdir"

16-07-2020, 08:21           
Şahin Mustafayev: "Ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilmişdir"
"Su ehtiyatlarının az olması, iqlim dəyişməsi və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirmişdir. Bu baxımdan, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranmışdır. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,3 milyard kubmetr su mövcuddur ki, bunun 8,6 milyard kubmetri ölü həcmdir. Sizin rəhbərliyinizlə əvvəlki illərdə böyük həcmdə işlərin həyata keçirilməsinə, ehtiyat tədbirlərinin görülməsinə, məsələn, Taxtakörpü, Şəmkirçay, Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin və sair layihələrin inşa edilməsinə baxmayaraq, hazırda kəskin su çatışmazlığı müşahidə edilir".
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Baş Nazirin müavini Şahin Mustafayev deyib.

Şahin Mustafayev bildirib ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə dövlət başçısının müvafiq sərəncamı Komissiya yaradılıb: "Komissiyaya su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif olması, sudan istifadədə itkilərin yüksək olması, sudan qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdənkənar qoşulmalar, uçot və nəzarət sisteminin zəif olması kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi tapşırılmışdır.

Möhtərəm cənab Prezident, Komissiya intensiv fəaliyyətə başlamış, bütün aidiyyəti qurumların koordinasiyası təmin edilmiş, su ehtiyatları barədə operativ məlumat sistemi qurulmuş, alınan məlumatların gündəlik təhlili və nəzarət təmin olunmuşdur. Vəziyyətin ciddiliyi nəzərə alınaraq, xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunmuşdur və Komissiyada mütəmadi baxılır. Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 570 mindən artıq əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunmuşdur. Yaradılmış proqram təminatı sayəsində qrafiklər “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunur. Suvarmaya dair problemlərin operativ qaydada həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə “Azmelsutəsərrüfat” ASC-nin fəaliyyəti əlaqələndirilmiş, “Çağrı mərkəzi” (8770) yaradılmışdır. Çoxsaylı müraciətlərə fərdi qaydada baxılması üçün iş aparılır.

Operativ tədbirlərlə yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilmişdir. Su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi dəyərləndirmələrin aparılmasına imkan verən su təsərrüfatı balansı əvvəlki üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəricilərini əks etdirir.

Su təsərrüfatı balansının formalaşması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı “Elektron su təsərrüfatı” informasiya sistemi yaradılmışdır. Hazırda su təsərrüfatı balansı sistemə ayrıca modul şəklində daxil edilmişdir. Eyni zamanda, su obyektlərində müasir ölçmə cihazlarının quraşdırılması həyata keçirilir. Növbəti mərhələlərdə aidiyyəti qurumların informasiya sistemlərinin inteqrasiyası və su obyektləri üzrə məlumatların real vaxt rejimində sistemə ötürülməsi təmin ediləcəkdir. Ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.