Hər olaydan pay uman deputatlarımız, məmurlarımız - SİYAHI

3-08-2020, 09:43           
Hər olaydan pay uman deputatlarımız, məmurlarımız - SİYAHI
Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının icrası çərçivəsində pandemiyanın zərər vurduğu sahələrdə fəaliyyəti göstərən sahibkarlara da dövlət tərəfindən maliyyə dəstəyi göstərilib.

16 saylı Yasamal ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilən Erkin Qədirli fərdi sahibkar olaraq (VÖEN – 1301471522) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb.

84 saylı Füzuli seçki dairəsindən Milli Məclisə deputat seçilən Vüqar Bayramov fərdi sahibkar olaraq (VÖEN – 7500209182) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb.

İlk baxışdan normal qəbul ediləcək bir xəbərdir. Əslində isə qanuna hörmətsizliyin ən eybəcər təcəssümüdür. Çünki Azərbaycan Respublikasının qanunvericiliyinə görə deputatlar kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Amma nə yazıq ki, bizim cəmiyyətdə çox zaman belə olur. Yəni qanunu ilk pozan ya o qanunu yazanlar olur, ya da qanunun icrası ilə məşğul olanlar. Məhz yuxarıda yazılanlar da bunun əyani sübutudur. Hələ onu demirik ki, Milli Məclis üzvlərinin tam əksəriyyəti bu və ya digər şəkildə kommersiya fəaliyyəti ilə məşğul olur.

Bu gün tikinti, turizm, tibb avadanlıqları, tütün və digər sahələrin monopoliyasının hörmətli deputatlarımızda olması heç kimə sirr deyil. Onların dövlətdən və Azərbaycan xalqından qopardıqları daha böyük məbləğdir. Yuxarıda adını çəkdiyimiz 3 deputatımız bu baxımından bir qədər gecikiblər. Onlar böyük biznesin hələlik ilk pillələrini qalxırlar. Amma onlara da əhsən! Fürsəti fövtə vermirlər. Xüsusilə də Erkin Qədirli ilə Vüqar Bayramova… Deputatlığın ilk ilindəcə fərdi problemlərini ustalıqla həll edirlər…

Əslində deputatlarımızı qınamıram da… Çünki bütün bunlar bizim mental xüsusiyyətimizdir. Ailəmiz xalq, evimizi dövlət bilmişik hər zaman. Təsadüfi deyil ki, bu ilki parlament seçkilərində rekord miqdarda namizəd qeydə alınmışdı. Elə dairələr vardı ki, 1 mandat uğrunda 20 namizəd mübarizə aparırdı. Yüzdə-yüz əminəm ki, o 20 nəfərin 19-u ona görə deputat olmaq istəyirdi ki, ya qurduğu oğurluq biznes imperiyasını ən azı 5 il müddətinə müdafiəsini təşkil etsin, ya da yeni biznes imkanları qazansın. Dövlətin, xalqın problemləri, ümummilli məsələlər belə adamların heç zaman ağıllarının ucundan belə keçmir. Niyə də keçsin? Axı atalarımız deyib ki, “El üçün ağlayan gözündən olar…”

Ona görə də hörmətli deputatlarımız düz eləyir. Mirzə Ələkbər Sabir demiş “..Qoy mən salim olum, cümlə-cahan batsa da batsın…”

Əslində bu deputatlarımız bəzi məmurların yanında toya gedəsidir. Milyonları, milyardları olan məmurlarımız da indiki çətin vəziyyətdə də öz büdcələrini düşünürlər. Son 5 ayda əhalinin böyük bir qisminin hansı çətinliklərlə üzləşdiyi heç kimə sirr deyil. Ailələr var ki, həftələrlə evində ət xörəyi bişirilmir. Övladlarının ən xırda tələbatlarını belə ödəyə bilmir. Amma bəzi məmurlarımız xalqın bu ağır vəziyyətində də korporativ maraqlarından o yanı görə bilmirlər. Məsələn, karantin dövründə dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlar arasında indiki və sabiq məmurların ailə üzvləri də var. Pandemiyaya görə dövlətdən maliyyə yardımı alan sahibkarlardan biri sabiq Təhsil naziri Misir Mərdanovun qızı Samirə Mərdanovadır. Samirə Mərdanovanın sahibi olduğu “Bakı Beynəlxalq Təhsil Kompleksi” və “Göyərçin” uşaq bağçası da muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıblar.

Dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlardan biri də Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Sona Vəliyevanın rəsmi və qeyri-rəsmi sahibi olduğu onlarla şirkət muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb. Bu şirkətlər arasında Sona Vəliyevanın təsisçisi olduğu “Kaspi” qəzeti də yer alıb. Bundan başqa maliyyə yardımı alan şirkətlər arasında “Kaspi Kursları”, “Kaspi Liseyi”, “Kaspi Tur” kimi şirkətləri də var.

İllik təhsil haqqının 12 000 -15 500 manat arasında dəyişdiyi “Avropa Azərbaycan Məktəbi” də dövlətdən yardım alan müəssisələr arasında yer alıb. Pandemiyaya görə dövlətdən maliyyə yardımı alan bu məktəb Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur.

Dövlətdən maliyyə yardımı alanlar arasında sabiq sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun da ailə üzvləri var. İllik təhsil haqqının orta hesabla 5000 manat olduğu “Qərb Universiteti Tam Orta Məktəbi” də pandemiyaya görə dövlətdən maliyyə yardımı alıb. Bu məktəb Hüseynqulu Bağırovun həyat yoldaşı Liana Bağırovanın adına rəsmiləşdirilib..

Əminliklə deyə bilərəm ki, adları çəkilən və çəkilməyən bir-çox məmurlarımızın dövlətin yardımına əsla ehtiyacları yoxdur. Sadəcə pula hərislik var bu adamlarda. Normalda özünə hörmət edən məmur xalqın çətin vəziyyətində 5-10 min manata görə nə adının hallanmasını istəyər, nə də ki, yetim payına göz dikər. Amma bəzi məmurlarımızda özünə hörmət instinki ölüb, yoxdur. Sadəcə dünya malına düşgünlük var.

COVID-19 pandemiyası təkcə insanların immunitetini sınağa çəkmədi, həm də insanlığı imtahan etdi. Çox təəssüf ki, bəzi insanlar, o cümlədən yuxarıda adı çəkilənlər bu imtahandan keçmədi, kəsildi. Bu cür adamlar son 5 ayda həm də VƏTƏNDAŞ-DÖVLƏT münasibətlərinə çox ciddi zərbə vurdular. Özü də mübarək Ramazan ayında…

O ayda ki, Allah-təala buyurub ki,.. “bir ay oruc tutun ki, insan olduğunuz yadınıza düşsün, ac və imkansızların düşdüyü vəziyyəti analaya bilin..” Hələ mübarək Qurban bayramı günlərini demirəm…

Mərhəmət və saflıq bayramı günlərində imkan sahiblərimizin sərgilədiyi bu cür mövqe heç nə ilə izah oluna bilməz. Nə olursa, olsun. Ona görə də bu adamlar Tanrının sınağından, insanlığın imtahanından da kəsildilər….konkret.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.