"Türkiyənin hərbi gücü ilə Azərbaycan Ermənistan üzərində qarantiyalı qələbə qazanmaq üçün tələb olunan hərbi üstünlüyü əldə edib." -Hərbi ekspert

21-09-2020, 08:15           
"Türkiyənin hərbi gücü ilə Azərbaycan Ermənistan üzərində qarantiyalı qələbə qazanmaq üçün tələb olunan hərbi üstünlüyü əldə edib." -Hərbi ekspert
2020-ci ildə Qarabağ danışıqlarının yeni erməni hakimiyəti ilə(köhnə ilə olduğu kimi) yenidən çıxılmaz dalana dirənəcəyini, danışıqlar imitasiyasının belə tükənəcəyini və müharibə şəraitinin yaranacağını 2018 ildə proqnoz etmişdim.
Öz proqnozlarına istinad etmək biraz təvazökarlıqdan kənar sayılır, ancaq dostların çoxu bu proqnozu xatırladığına görə, həm aşağıda bölüşəcəyim fikirlərə giriş olaraq, xatırlatdım.
Prosesin necə dolanıb bu nöqtəyə gələcəyini o yazılarımda əsaslandırmışdım. Doğrusu, pandemiya başlayanda, “qrafikin” korrektə olacağını düşündüm. Ancaq Paşinyanın avantürizmi pandemiyanın sakitləşdirici təsirini nivelə etdi və o, təxribatçı sloqanlar səsləndirməklə kifayətlənməyib, Tovuzda təxribat törədib, vəziyəti bilavasitə müharibə astanasına gəlməsini sürətləndirdi.
Dünən dövlət başçısı hər şeyi açıqladı. Danışıqlar dayanıb, imitasiyanı rədd edirik, Ermənistan cəbhədə təxribatlar törədir, müharibəyə hazırlaşır.

Hazırda hətta birbaşa görüşlərin keçirilməsi böyük sual altındadır. Danışıqların bərpası haqqında danışıqların keçirilməsi məqsədilə həmsədrlərin payıza planlaşdırdıqları Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutmadı. Yeni razılaşmaya görə həmsədrlər, xarici işlər nazirləri ilə ayrılıqda görüşlər keçirəcəklər. Bu görüşlərdən zatən heç kəs heç nə gözləmir.
Danışıqları başlamaq üçün Azərbaycanın mövqeyi- “danışıqlar yalnız işğalçının torpaqlarımızdan çıxmasının qrafiki barədə gedə bilər. Həmsədrlər danışıqların bu predmet ətrafında aparılmasına qarant verirlərsə, danışıqlara başlayaq”(XİN C.Bayramov TASS agentliyinə müsahibə)
Ermənistan öz növbəsində, şərt irəli sürür ki, həmsədrlər davamlı atəşkəsə qarant verirlərsə, Ermənistan danışıqlara hazırdır(Paşinyan).
Danışıqların pozulması fonunda artan siyasi-diplomatik gərginlik cəbhə xəttində hər an iri hərbi toqquşmalara gətirə bilər.

Azərbaycan ordusu, şübhəsiz, hər bir halda düşməni əzəcək. Son bir neçə ildə Türkiyə ilə hərbi tərəfdaşlıq, birgə genişmiqyaslı hərbi təlimlər, xüsusən son aylarda Türkiyənin Azərbaycana verdiyi siyasi-diplomatik, hərbi-texniki dəstək buna əminliyi artırır.
Türkiyənin regiona Azərbaycanın hərbi müttəfiqi kimi gəlməsi regionda dəngələri dəyişir. Necə Ermənistanın arxasında Rusiya dayanıb, indi Azərbaycanın arxasında Türkiyə var.
Avqustun sonlarında “Anadolu” agentliyinə verdiyi müsahibədə Türkiyənin müdafiə naziri H.Akar açıq bəyan etdi ki, “Türkiyə Qarabağ münaqişəsində tərəfdir”. Bu müsahibə erməni, rus və başqa ekspert dairələrdə və internet-mediada ciddi rezonans doğurdu. Xüsusilə diqqətə çəkilirdi ki, bunu diplomat deyil, hərbçi deyir. Yəni Türkiyə Qarabağ münaqişəsində hüquqi-diplomatik tərəf olmadığı halda, münaqişədə hərbi tərəf olduğunu bəyan edir. Bu isə o deməkdir ki, Rusiya Ermənistana necə kreditlə(pulsuz) nə qədər tələb olunursa hərbi-texniki yardım edirsə, Türkiyə ondan artığını Azərbaycana edəcək. Necə rus mütəxəssisləri erməni tərəfdə hansısa hərbi cihazları işlədəcəklər, ondan artıq türklər bizə verdikləri cihazları işlədəcəklər.
Bu gün Türkiyə silahı, silah texnologiyaları dünyada aparıcı, lazer silahlar və dronların yeni taktiki tətbiqində isə birinci yerdədir. Hərbçi kimi deyim ki, hazırda bu qeyd etdiyim iki vasitəyə qarşı dünyada çarə tapılmayıb, lakin fəal axtarış gedir. Türkiyənin bütün bu qabaqçıl silah növləri və ən güclü, Suriya, Liviya döyüş təcrübəli mütəxəssisləri , sanın ki, Azərbaycanın sərəncamındadır. Türkiyənin hərbi gücü ilə Azərbaycan Ermənistan üzərində qarantiyalı qələbə qazanmaq üçün tələb olunan hərbi üstünlüyü əldə edib.
Əminəm, bu üstünlüyümüz ordumuz tərəfindən tezliklə döyüş meydanında gerçəkləşdiriləcək, torpaqlarımız işğalçıdan azad olunacaq!
Nazim Bayram
Hərbi ekspert
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.