Hazırlıqlı olaq: Ermənistan danışıqları deyil, müharibəni seçdi

21-09-2020, 20:21           
Hazırlıqlı olaq:
“Bizə uyğun gələn zamanda düşmənə zərbəni vurmalıyıq” - Tofiq Zülfüqarov



Tovuzda vəziyyət yenidən kəskinləşdi. Sentyabrın 20-si gecə Azərbaycan Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə vasitələrinin bir erməni pilotsuz təyyarəsini vurduğunu açıqladı. Ardınca - səhər saatlarında Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən bir əsgərinin şəhid olması barədə məlumatlar yayıldı.



Cəbhə xəttindəki vəziyyəti AYNA-ya şərh edən sabiq Xarici İşlər naziri, siyasi analitik Tofiq Zülfüqarov müharibənin zaman məsələsi olduğunu deyib: “Mümkün hərbi əməliyyatlardan danışarkən, erməni tərəfinin müəyyən bəyanatlarından və hərəkətlərindən irəli gələn məntiqdən çıxış etməliyik. Bütün bunlar göstərir ki, hərbi əməliyyatların bərpası ermənilər üçün müəyyən bir vasitədir və bunun sayəsində Ermənistan hakimiyyəti öz mövqelərini gücləndirir. İndi onlar nümayişkaranə şəkildə, hər hansı bir kompromis axtarışı prosesini tərk etdiklərini göstərirlər”



Müsahibimizin sözlərinə görə, əgər münaqişənin əvvəlində ermənilər Azərbaycanda yaşayan ermənilərin təhlükəsiz inkişafından danışırdılarsa, sonradan ermənilərin təhlükəsizliyini təmin etmək və bufer zona yaratmaq barədə danışmağa başlayıblar: “İndi isə onlar işğal altında olan və heç zaman Dağlıq Qarbağın administrativ ərazisinə daxil olmayan bütün torpaqlara iddia edirlər. Belə şişirdilmiş tələbləri irəli sürərkən, Azərbaycanın buna necə reaksiya verəcəyini düşünməlidirlər. Bu tələbləri irəli sürməklə ermənilər nə edəcəklərini özləri üçün əvvəlcədən müəyyənləşdirmiş olduqlarını nümayiş etdirdilər. Azərbaycan Prezidentinin açıqlamaları da düşmənin danışıqları deyil, müharibəni seçdiyini bir daha təsdiqləyir. Bizə bu gerçəyi görmək və buna hazır olmaq qalır”.

Rusiya Qarabağla bağlı mövqeyinə aydınlıq gətirməlidir - Tofiq Zülfüqarov - AzToday

“Hazırda Şərqi Aralıq dənizi bölgəsi də daxil olmaqla, ümumi regional vəziyyət gərgindir. Müharibə yalnız döyüş meydanında deyil, eyni zamanda informasiya sahəsində də çox fəal şəkildə aparılır. İndi Rusiyadakı erməni lobbisi, yəni onun mediadakı hissəsi Şərqi Aralıq dənizindəki vəziyyətdən danışaraq, Türkiyə ilə Rusiya arasındakı münasibətlərdəki böhranı fəal şəkildə təbliğ edir. Əksinə, Ankara ilə Moskvanın necə bir razılığa gəldiyini və bir çox regional məsələləri həll etdiyini görürük. Bu, realist bir siyasətdir, çünki Rusiya anlayır ki, öz sərhədlərinin cənubunda Türkiyənin onun tərəfdaşı olması rəqib olmasından daha qazanclıdır. Burada Ukraynadakı vəziyyətdən başlayaraq, Ermənistan-Azərbaycan münaqişəsinə qədər istədiyiniz qədər nümunə gətirə bilərsiniz”, - Zülfüqarov bildirib.



Onun fikrincə, Ankara ilə Moskva arasındakı tərəfdaşlıq, müəyyən qüvvələrin böhran yaratmaq istəyinə baxmayaraq, iki ölkə rəhbərliyinin bu günə qədər onlara dirəniş göstərməyi bacardığına görə inkişaf edir: “Rusiya ilə Türkiyə və Rusiya ilə Azərbaycan arasında müharibə tam olaraq ermənilərin istədiyi məsələdir. Moskva bunu yaxşı başa düşür, üstəlik, Rusiyanın və Ermənistandakı rusiyapərəst “beşinci kolon”un nəticədə bütün Ermənistanın problemlərinin günahkarı olacağını da anlayır. Belə bir vəziyyətdə Rusiyanın Ermənistanın tərəfində çıxış etməsinin onların maraqlarına cavab verməsinə inanmıram. Kremlin Ermənistana kömək etməsi və ya etməməsindən asılı olmayaraq, ermənilər seçimlərini ediblər - bu mərhələdə Rusiyadan heç nə ala bilməyəcəklərini görərək, özləri üçün Qərb yolunu seçdilər. Və Moskva bunu başa düşür”.



Keçmiş nazir hesab edir ki, qərbyönümlü vektor ermənilər üçün həyati vacib bir məsələdir: “Buna görə də iqtisadi və demoqrafik vəziyyətləri onu deməyə əsas verir ki, əgər ermənilər onlara hədiyyə edilmiş dövlətçiliyin struktur xilasına yönəlik addımlar atmasalar, bu ölkənin heç bir perspektivi yoxdur. Ermənilər “ayaqları ilə səs verirlər” - sadəcə Ermənistanı tərk edirlər. Livanlılar, suriyalılar və indi də kürdlər haqqında ortaya atılan təbliğatda ermənilərin demoqrafik vəziyyətlərindən doğan natamamlıq kompleksi fonunda yaradılan nağıllardır”.



“Bütün bu feyklər demoqrafiya ilə əlaqəlidir. Boşluqları ekzotik elementlərlə, əhalisi azalmış Ermənistanı və daha da tükənmiş Qarabağı doldurmaları lazımdır. Dünyaya və ya heç olmasa, Rusiyaya səpələnmiş əmək miqrantlarını vətənlərinə qaytarmaq onlar üçün daha asan olardı. Bu vəziyyətdə, onların siyasi elitaları hadisələrin gedişatını əvvəlcədən müəyyənləşdirdi və yaxşı ki, bizim rəhbərliyimiz bu tendensiyaları görüb, onlara hazırlaşır. Düşünürəm ki, bizə uyğun gələn zamanda zərbəni vurmalıyıq”, - T.Zülfüqarov fikrini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.