Qüdrət Həsənquliyevə hansı cəza verilə bilər? - İntizam komissiyasından AÇIQLAMA/FOTOLAR İntizam komissiyasından AÇIQLAMA/FOTOLAR

23-09-2020, 18:47           
Qüdrət Həsənquliyevə hansı cəza verilə bilər? - İntizam komissiyasından AÇIQLAMA/FOTOLAR
"Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq humanist prinsipləri və dəyərləri bütün səviyyələrdə qoruyub saxlayıb, heç zaman mülki insanlara atəş açmayıb".

Bunu “MediaPost”a açıqlamasında millət vəkili, Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı Qüdrət Həsənquliyevin müzakirələrə səbəb olan açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, ermənilərdən fərqli olaraq Azərbaycan əsgəri heç vaxt dinc əhaliyə güllə atmır:

“Ermənilər vandal xüsusiyyətləri özündə ifadə edən bir etnosdur. Onlar ASALA-nın xətti ilə dünyanın ən müxtəlif yerlərində onların törətmiş olduqları terror aktları onlarla insanın ölümünə və şikəst olmasına gətirib çıxarıb. Ermənilərin vandallığının ən bariz nümunəsi onların Xocalıda törətdiyi faciədir. Onlardan fərqli olaraq Azərbaycan xalqı elə deyil. Bizim xalq heç vaxt müharibə dövründə dinc insanlara güllə atmayıb, gələcəkdə də bu yolu tutmayacaq.

Əgər söhbət müharibədə cəbhədəki döyüşlərdən gedirsə, orada qadın və ya kişi olmasından asılı olmayaraq əlində snayperlə, Azərbaycan əsgər və zabitini öldürməyə gələn şəxslərə qarşı adekvat addım atılmalı və o məhv edilməlidir. Bu müharibənin qaçılmaz qanunudur. Bizim mənəvi dəyərlərimiz düşmənə barışmazlıq, insanlara humanizm üzərində köklənib. Dövlətimiz də öz siyasətini bu prinsiplə qurur”.

Deputat Qüdrət Həsənquliyevə sözügedən açıqlamasına görə İntizam komissiyası tərəfindən hər hansı bir cəzanın verilməsi məsələsinə də aydınlıq gətirib:

“İntizam komissiyasının sədri Eldar İbrahimovdan bu məsələ ilə bağlı iclas keçirilməsi barədə komissiya üzvlərinə təklif gəlməyib. Əgər təklif gələrsə, təbii ki, biz yığışaraq məsələni müzakirə edəcəyik.
İntizam komissiyasının xəbərdarlıq, töhmət verilməsi və mandatdan məhrumetmə kimi qaydaları var. Amma hələlik bu məsələ gündəlikdə olmadığı üçün konkret bir söz demək olmaz”.

Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev açıqlamasında əsgərlərimizin Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözlədiyini deyib. Onun bu açıqlamasından sonra Prezidentin köməkçisi Hikmət Hacıyev Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad ediləcəyini deyib. O, Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcəyinə ümid etdiyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.