"Düşünürəm ki, biz gecikmişik, əslində bu gün Qarabağ itirilir"

24-09-2020, 09:38           
"Düşünürəm ki, biz gecikmişik, əslində bu gün Qarabağ itirilir"
“Otuz il bundan öncə Sovet tanklarının yedəyində olan erməniər Qarabağa hakimlik edə bilmirdilər, yəni məskunlaşa bilmirdilər. Amma bu gün Paşinyanın daha çox Qərb, Avropa siyasətinin, Avropadan tapdığı soros tipli sponsorların köməyi ilə konkret olaraq Qarabağın mənimsənilməsi üçün bölgə gücləri olan İran və Rusiyayla bizim bilmədiyimiz razılığa gəlib və onun Qarabağı Avropanın turizm məkanına çevirmək cəhdi birmənalı olaraq Azərbaycanı əlinə silah götürməyə vadar edir”

Bunu Moderator.az-a açıqlamasında yazıçı, jurnalist Orxan Fikrətoğlu deyib. O, Qarabağı azad etmək müharibədən başqa elə bir yol olmadığını bildirib:

“Birmənalı olaraq son hadisələr, Ermənistanın müharibəyə hazırlaşmaq cəhdi, Azərbaycanın danışıqlarda vaxt itirdiyini sübut etdi. Düşünürəm ki, biz gecikmişik, əslində bu gün Qarabağ itirilir. Otuz il bundan öncə Sovet tanklarının yedəyində olan erməniər Qarabağa hakimlik edə bilmirdilər, yəni məskunlaşa bilmirdilər. Amma bu gün Paşinyan daha çox Qərb, Avropa siyasətinin, Avropadan tapdığı soros tipli sponsorların köməyi ilə konkret olaraq Qarabağın mənimsənilməsi üçün bölgə gücləri olan İran və Rusiyayla bizim bilmədiyimiz razılığa gəlib və onun Qarabağı Avropanın turizm məkanına çevirmək cəhdi birmənalı olaraq Azərbaycanı əlinə silah götürməyə vadar edir. Bizim başqa yolumuz yoxdur. Bu gün artıq gecdir. Çünki Azərbaycan əsgərlə vuruşa bilər, amma torpaqarımızda yerləşdirilən və beyinlərinə bu torpağın onların olduğu fikri yeridilən dinc əhaliylə Azərbaycanın müharibə aparması çətin olacaq. Bu gün dünyanın hər yerindən bir zamanlar Fransa və digər ölkələr tərəfindən maliyyələşdirilən aktivləşmiş terror qruplaşmalarının Qarabağa köçürülməsi birmənalı olaraq Paşinyanın bufer zona yaratmaq cəhdidir. Paşinyan çox çalışdı ki, Rusiya, Belarus və digər MDB ölkələrini də buna cəlb etsin, amma onlar buna getmədilər. Ona görə onun yeganə istinad etdiyi qüvvələr Avropadan maliyyələşən gizli, hüquqa aid olmayan qruplaşmalardır. Bunlar da ancaq diversiya qruplaşmalarıdır”.

O.Fikrətoğlu deyib ki, bu qruplaşmaları Azərbaycan polisinin məhv etməyi hüququ var:

“Bu gün Azərbaycanın polis reydləri ilə öz torpaqlarını terrordan azad etməyə ixtiyarı var. Hətta Azərbaycan Amerika, Rusiya və digər dövlətlərlə ikitərəfli müqavilə imzalayıb və birlikdə terrorla mübarizə aparmaq hüququ var. Konkret olaraq Qarabağda “PKK”, “ASALA” və digər terror qruplaşmaları Azərbaycanın milli-mədəni abidələrini, məscidlərini, bir sözlə, tarixini dağıtmaqla məşğuldur. Azərbaycanın beynəlxalq hüququn qarşısında o öhdəliyi də var ki, öz ərazisində terror qruplaşmalarını öz gücü çatmasa, hər hansı bir ölkəylə müqavilə imzalayıb birlikdə məhv etsin. Bizim Azərbaycan polisi Qarabağa girib oranı erməni terrorçularından təmizləmək hüququna malikdir və buna dünyanın heç bir ölkəsi söz də deyə bilməz”.

O.Fikrətoğlunu sözlərinə görə, Tovuz təxribatının arxasında bir neçə ölkələrin əli var idi:

“Ermənilərin Tovuz istiqamətində təxribata cəhd etməsinin arxasında nə qədər dayaz olsa da, bir sıra Avropa dövlətlərinin də “əli” və iştirakı var. Əslində Azərbaycanın dünyaya çıxdığı enerji xəttlərinin hərbi təcavüz nəticəsində əldə edilməsi mümkün deyil. Yəni praktikada belə bir şey yoxdur. Bu bir mesaj idi və bunun arxasında bizim öyrəşdiyimiz bölgə gücləri deyil, maskalanmış yeni düşmənlər dururdu. Əslində bu gün Qafqazda maraqlı proseslər baş verir. Paşinyanın Emənistanın siyasi arenasında qalxması Rusiyanın təsiri ilə deyil, Avropa institutlarının maliyyəsi və təsiri ilə bağlıdır. Bu gün Gürcüstanın siyasi olimpina qalxmış insanları da Avropa vətəndaşlığı olan insanlardır və bu, Avropanın Qafqazda müəyyən maraqlara sahib olmasından xəbər verir. Gürcüstanın keçmiş Sovet aurasıdan çıxması danışıq predmeti belə deyil və Azərbaycan uğrunda görünür Avropanın, Rusiyanın, İranın və digər dövlətlərin öz aləmlərində müəyyən münaqişəsi başlayıb”.

O. Fikrətoğlu belə bir məqamda Türkiyə-Azərbaycan qardaşlığının mühüm rol oynadığını bildirib:

“Bununla belə Azərbaycan-Türkiyə qardaşlığı, birliyi düşünürəm ki, bu mərhələdə mühüm rol oynayır. Çünki Türkiyə bölgədə söz sahibidir, otuz il bundan əvvəlki dönəm deyil ki, Türkiyə müəyyən proseslərin gerçəkliyini anlayıb bölgədən çəkilsin. Bu gün artıq Türkiyə güc sahibidir, Türkiyənin Suriyada və ümumiyyətlə, keçmiş Osmanlı, Avropanın yaratdığı qəbilə ərazilərində artıq öz maraqları var, o cümlədən Qafqazda da maraqları var. Bütün bunlar isə bizim maraqlarımızla üst-üstə düşür. Düşünürəm ki, Türkiyənin Azərbaycanla hərbi müttəfiqliyi, hərbi bazaların olmaması reallığında belə, Naxçıvandan İrəvana 54 kilometr məsafə olması müharibəni tamam başqa istiqamətdə şəkilləndirəcək. Türkiyə əgər bu münaqişədə öz prezidentlərinin diliylə desək Azərbaycanın yanındadırsa, düşünürəm ki, Ermənistanın havadarları da bu reallığı nəzərə alıb onları açıq müdafiə etməyəcək. Bu da bizim xeyrimizədir, çünki Ermənistanla konkret olaraq bu dəfə təkbətək, üz-üzə döyüşəcəyik”.

O. Fikrətoğlu Azərbaycan xalqının da bu anı səbirsizliklə gözlədiyini deyib:

“Bu isə birmənalı olaraq lap insan resursları səviyyəsində Azərbaycanın qələbəsi ilə nəticələnməlidir. Çünki əlimizdə silah olmasa belə, mən dəqiq görürəm Azərbaycan xalqı içimizdə olan o beşinci kalonun xəstə müraciətlərindən azad olub, çünki həmişə deyirdilər ki, biz ermənilərlə vuruşmuruq, onların arxasında böyük güclər var, Gürcsütanı bizə misal çəkirdilər. Azərbaycan artıq bu təslimçi tezislərdən azad olub, torpaqlarını azad etmək istəyir, Qarabağın geri alınması Azərbaycan xalqının öz hərbçiləri qarşısında qoyduğu sosial sifarişdir. Mənim torpağımı milli ordu geri almalıdır sözü hamının sifarişidir. Ona görə də xalq şəhidlərini belə sevgiylə qarşılayır, bir çox məsələlərdə güzəştlərə gedir, çünki torpağının azad olunması arzusuyla yaşayır. Mən əminəm ki, bu günki Azərbaycanın hərbi potensialı, xüsusilə insan resursları istəyi və xalqın Qarabağı qaytar sifarişi bizə yardımçı olacaq. Düşünürəm ki, Ermənistan bu təcavüzlərlə, kiçik diversiyalarla Azərbaycana qarşı təxribatlarıyla əslində zaman udmaqla müəyyən mənada müharibəyə hazırlaşırmış. Onların taktikası budur ki, ən yaxşı müdafiə hücumdur, amma düşünmürlər ki, biz otuz il bundan öncəki Azərbaycan deyilik. Ona görə də Tonoyanın Ermənistanın daxilinə hesablanmış hərbi ritorikası hətta o dərəcədə fantaziyalara malikdir ki, Gəncənin alınmasından danışır. Düşünürəm ki, müharibə əgər başlayarsa, çox tezliklə Azərbaycanın xeyrinə bitəcək, çünki Ermənistan bu gün daxili münaqişələrin zəminində yalançı, milli, vətənpərvər duyğulardan çox kənardadır. Ermənistanın sizin və mənim bildiyim müəyyən bir ölkəyə bağlılığı ölkə daxilində parçalanmaya səbəb olub. Bu isə bizim üçün böyük şansdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.