TÜRK DRONLARIYLA TALEYİ MÜƏYYƏNLƏŞDİRİLƏN QARABAĞ SAVAŞI:bəs Rusiya vasitəçilik imtahanından necə çıxacaq? - TƏHLİL

20-10-2020, 05:52           
TÜRK DRONLARIYLA TALEYİ MÜƏYYƏNLƏŞDİRİLƏN QARABAĞ SAVAŞI:bəs Rusiya vasitəçilik imtahanından necə çıxacaq? - TƏHLİL
Çətinər Çətin

“Habertürk”, Türkiyə, 19 oktyabr 2020-ci il



Qarabağ insani fəlakət və faciə ilə qarşı-qarşıyadır, lakin beynəlxalq diplomatiya bu duruma elə də həssaslıqla, maraqla yanaşmır. Yaşanan mülki faciə ilə bağlı verilən açıqlamalar isə olduqca zəifdir.

Döyüşlər bütün sürətilə davam edərkən, ikinci dəfə humanitar atəşkəs elan olunub, ancaq bunun nə qədər davam edəcəyi şübhəlidir. Doğrusu, ilk atəşkəs üstündən bir saat belə keçmədən Ermənistan tərəfindən pozulmuşdu.

Azərbaycan 30 il öncə Qarabağda nəzarətindən çıxan torpaqları son 21 gündə geri almağa başlayıb. Hazırda Qarabağın 21%-ini geri almış, 16%-inə isə nəzarəti tam mənasilə təmin etmişdir.

1991-ci ildə öz müstəqilliyini elan edən, yalnız Dnestryanı, Cənubi Osetiya və Abxaziya tərəfindən tanınan, lakin Yerevanın belə tanımadığı qondarma “DQR”-i Ermənistan dəstəkləyir. Ermənistan, müdafiədə uğurlu olduğunu bəyan etməklə birlikdə, ümumiyyətlə çətin durumda olduğunu da qəbul edir.

Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan günlərdir sosial media hesablarından xarici mətbuata və erməni diasporasına “Hər şey qaydasındadır, siz dəstək verməyə davam edin” mesajları versə də, Ermənistan ordusunun təmas və müdafiə xətti tamamilə dəyişdirilib. 18 yerdə tamamilə dağılan, 7 yerdə isə geri çəkilən Ermənistan ordusu yeni bir müdafiə xətti qura da bilmir.

Bütün bunlar yaşandığı halda, bölgədəki mülki əhali insani fəakətlə üz-üzə qalıb. Azərbaycan tərəfində 60 min insan evlərini tərk etməyə məcbur qaldığı halda, Ermənistan baş naziri Nikol Paşinyan verdiyi bir qərarla 130 min mülki erməninin (əslində, orada bu qədər sivil əhali yox idi, olanların əksəriyyəti də oranı artıq tərk edib – tərc.) Qarabağdan çıxmasını və Ermənistan tərəfə keçməsini qadağan edib. Paşinyan 130 min mülki ermənini “canlı qalxan” kimi istifadə etmək istəyir. Gərginlik və döyüşlərin başlamasından 3 həftə keçməsinə, qayğıların hər ötən gün artmasına baxmayaraq, beynəlxalq diplomatiya hələ də bölgəyə laqeyd görünür.

10 oktyabr sabahı saat 03.00-da Moskvada RF Xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəsin əldə edilməsi məqsədilə baş tutan görüş 11 saat davam edib. Ancaq zəfər kimi başlayan bu anlaşma bir neçə saat sonra döyüşlərin yenidən alovlanması ilə “ərəb saçı”na çevrilib. Bu durum eyni zamanda Kremlin öz arxa bağçası kimi baxdığı torpaqlarda Rusiyanın hadisələri formalaşdırmaq qabiliyyətinin sərhədlərini də ortaya çıxarıb.

Görünən odur ki, bu günlərdə Moskva üçün xəritənin hər yerində bir imtahan vardır. Cənubda Ermənistanla Azərbaycan arasında 30 ildir davam edən anlaşılmazlıq yenidən su üzünə çıxıb. Qərbdə Belarus diktatoru Aleksandr Lukaşenkonu istefa verməyə çağıranların etiraz aksiyaları 2-ci ayına keçib. Şərqdə isə Qırğızıstan 15 il içində 3-cü dəfə siyasi böhrana girib.

Türkiyə, Çin və Qərbin rəqabəti Moskvanın bir vaxtlar postsovet məkanında etdiyi dominantlığa indi meydan oxuyur.

Rusiyanın vasitəçiliyilə əldə edilmiş atəşkəsin alınmaması və regional güclərin çəkilmə təhdidinin artmağa davam etməsilə Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında münaqişə intensivləşib.

Görünən odur ki, Ermənistan tərəfi Qarabağda gedən döyüşlərdə hər keçən gün daha çox küncə sıxışmaqdadır. Baxaq, görək, özü də erməni əsilli olan və erməni tarixində önəmli bir ailə sayılan Kələntəryan ailəsinə mənsub Lavrov bu prosesi necə idarə edəcək. Daha doğrusu, ədalətli bir şəkildə idarə edə biləcəkmi?

Kələntəryan ailəsinin tarixinə diqqətlə baxılarsa və oxunarsa, bu ailənin Naxçıvanla Azərbaycan arasındakı torpaqlarda (Zəngəzur – tərc.) zorla hökm sürən bir ailə olduğu aydın olar.

Ümid edirəm ki, Lavrov hər zamankı soyuqqanlılığını qoruyacaq və “damarlarımda erməni qanı axır” dediyi halda, dəyişdirdiyi soyadından fərqli davranacaq.

Davam edən savaşda Azərbaycanın hərbi üstünlüyünün böyük bir bölümünü əksəriyyəti Türkiyə, bir qismi də İsrail mənşəli olan döyüş dronları təşkil edir.

Azərbaycan televiziyaları hər saat başında verdiyi xəbərlərdə türk dronlarının erməni hədəflərini bir-bir necə yox etdiyinə dair görüntülər yayır. Bu görüntülərdən də anlaşılır ki, Ermənistanın Hava Hücumundan Müdafiə (HHM) sistemləri bu dronların hücumları qarşısında yetərsiz və çarəsiz qalıb.

Bəhs etdiyim bu görüntülərdə, əslində, illərdir inkişaf etməkdə olan Türkiyənin qət etdiyi yolun hekayəsinin izləri də yatmaqdadır. Dronlar keçmişdə yumşaq güc (soft power) olan, indi isə regional bir gücə çevrilən Türkiyənin ən önəmli və vurucu hərbi gücünü (hard power) formalaşdırmış durumdadır.

Bu gün Türkiyənin xarici siyasəti artıq öz müdafiə sənayesinin məhsulu olan silah və təchizatlarla ön plana çıxmış durumdadır. Müdafiə sənayesinin həmin məhsulları arasında ölkəmizi dünyanın öndə gələn dizaynerləri və istehsalçıları arasına soxan dronlar vardır.

Türkiyə Silahlı Qüvvələri öz istehsalı olan dronları daha öncə Şimali İraqda PKK-ya qarşı, Suriyada PKK-nın bir qolu olan YPG ilə mübarizədə, İdlibin müdafiəsində, ayrıca Liviyada istifadə etmişdir. Hətta Liviyada dron savaşları ölkədəki savaşın gedişini dəyişdirmiş və qiyamçı general Xəlifə Həftərin üstünlüyünü əlindən almışdır.

Artıq savaşların taleyi və psixoloji atmosferi dəyişib. II Dünya Müharibəsində savaşın taleyini zirehli birliklər və tanklar müəyyən etdiyi halda, bu gün artıq dronlar müəyyən edir. Dünyada 18 trilyon dollarlıq hərbi təchizatın artıq zibil yığını halına gəldiyini iddia edənlər vardır. Lakin mən bu iddianın şərh edilməsini hərbi strateqlərə və bunu meydanda təcrübədən çıxaran komandanlarımıza buraxıram. Yəqin ki, hər bir cəbhənin özünəməxsus xarakteristikası vardır.

Azərbaycana dönərsək, meydanda əli bu qədər güclü ikən, beynəlxalq hüquq ondan yana ikən, bu savaşın uzanması, həqiqətən, diqqəti cəlb edir. Moskvanın vasitəçiliyi isə uğursuz olduğu qədər, bəlkə də, məqsədlidir.

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.