Bəli, biz Sülh istəyirik, amma sülhün qiyməti sonuncu Ermənistan silahlı quldurlarının məmləkəti tərk etməsidir!

20-10-2020, 16:20           
Bəli, biz Sülh istəyirik, amma sülhün qiyməti sonuncu Ermənistan silahlı quldurlarının məmləkəti tərk etməsidir!
Bu günə əlimizdə olan məlumatlara görə Rusiya İlham Əliyev və Paşinyanın danışıqlarını Moskvada, ABŞ isə hər iki ölkənin XİN rəhbərlərinin görüşünü Vaşinqtonda təşkil etmək istəyir. Bir neçə mühim məqam var:
1) Rusiya, “Cənubi Qafqazın açarı məndədi, heç kim bura qarışmasın”, mesajını vermək üçün təşəbbüsü əldən vermək istəmir, bunun üçün aktivliyini artıracaq,
2) ABŞ-da 2 həftə sonra seçkilərdir, sorğulara görə Tramp Baydendən 10% geridədir, Ağ Ev də Qarabağ məsələsində aktivlik göstərərək “erməni lobbisinin” səslərini və dəstəyini qazanmağa çalışır. Tramp son mitinqində erməniləri az-maz tərifləyib, deyib ki, görək nə edə bilirik, amma birbaşa tərəf tutmayıb. Bayden də publik çıxışlarında ermənilərə xoş gələcək sözlər deyib, aydındır ki, hər iki namizəd səs qazanmağı düşünür, amma o da görünür ki, seçkilərdə daha böyük və mühim məsələlər, səs qrupları var deyə, hər iki namizəd “erməni məsələsinə” həyatı önəm vermir – bu xeyrimizə olan haldır. Amma əsas məsələ Rusiya olduğu üçün hər iki namizəd, əsas da Ağ Ev Cənubi Qafqaz məsələsini tam da Moskvaya qapdırmaq istəmirlər.
Teref.az yazır ki, bunu ReAl partiyasının fəalı, politoloq Natiq Cəfərli deyir.
Daha sonra Natiq bəy deyir:
İndiki durumda həm Moskva, həm də Vaşinqton müharibəni dayandırmaq üçün təzyiqlərini artıracaqlar, Vaşinqton görüşü həftəsonuna planlaşdırılıb, əgər Kreml düşünsə ki, Ağ Ev təşəbbüsü ala bilər, o zaman Əliyev və Paşinyan görüşünü daha önə çəkə, ya da Vaşinqton görüşündə sənəd imzalanmasının qarşısını almaq üçün həm bizə, həm İrəvana təzyiqlər edə bilər – hər iki halda ABŞ görüşü mənasızlaşır.
Deməli əsas Moskva görüşüdür, əgər bu həftə baş tutacaqsa tərəflər əllərində olan bütün aktivləri artırmağa çalışacaqlar – deməli görüşə qədər işğalçı Ermənistan uduzduğu ərazilərin bir hissəsini geri almağa çalışacaq, ona görə də şiddətli döyüşlər davam edəcək. Bu isə indiki durumda, cəbhədə hərbi-strateji dərinliyə nail olduğumuz dövrdə ancaq xeyrimizə ola bilər – həm Moskva, həm Vaşinqton görüşlərindən öncə müzəffər Ordumuz masada olan bütün formulları sahada dəyişməlidir, zatən dəyişib, artıq 5+2 yoxdur, amma Moskva və Vaşinqton görüşünə qədər bu formul tam masadan qalxmalıdır.
Kefinimizi pozmaz istəmirəm, amma görünən odur ki, Dünya Ermənistanın tam kapitulyasiyasını istəmir, buna imkan vermək istəmirlər, ona görə də Xalq olaraq, Dövlət olaraq “Çanaqqala Savaşına” bənzər müharibəyə hazır olmalıyıq. Amma hər dəfə də israrla bəyan etməliyik
– Bəli, biz Sülh istəyirik, amma sülhün qiyməti sonuncu Ermənistan silahlı quldurlarının məmləkəti tərk etməsidir!
Allah Əsgərimizi və Ordumuzu qorusun!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.