Prezident Azərbaycanın dəyişməyən mövqeyini bildirdi: Torpaqlar tam boşaldılmalıdır....

22-10-2020, 16:26           
Prezident Azərbaycanın dəyişməyən mövqeyini bildirdi: Torpaqlar tam boşaldılmalıdır....
"Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar.

Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir".

Teref.az bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verərkən "siz ikinci atəşkəsin artıq uğursuz olduğunu, yaxud bitdiyini və döyüşün davam etdiyini deyərdiniz" sualının cavabında bildirib.

Daha sonra "Hələ ki, atəşkəs əsirlərin və cəsədlərin mübadiləsi də daxil olmaqla humanitar məqsədlər üçün elan edilmişdir. Sizcə bu atəşkəsin, - ola bilsin başqa atəşkəs də olacaqdır, - əsirlərin mübadiləsindən sonra bitəcəyi deməkdir? Yəni, bu, qüvvədə olacaq əsaslı atəşkəs, yoxsa, müvəqqəti atəşkəs olacaqdır" sualına cavab verən ölkə Prezidenti bunları deyib:

"Bəli, atəşkəs humanitar zəmində elan olunmuşdur. Bildiyiniz kimi, Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu, bizim tərəfimizdən və Minsk qrupu tərəfindən rədd edilmişdir. Buna görə, əlbəttə, əgər Ermənistan danışıqlara sadiq qalarsa və əraziləri boşaltmaq üçün üzərinə ciddi öhdəlik götürərsə, - hansını ki, onlar hələ də elan etməyiblər, - bu halda bu atəşkəs uzunmüddətli olacaqdır. Çünki biz bu problemi sülh yolu ilə həll etmək istəyirik. Lakin, əgər onlar resurslarını səfərbər etmək, əlavə əcnəbi hərbi yardım almaq və bizə qarşı yeni hücuma keçmək üçün bu atəşkəsdən istifadə etməyə cəhd göstərəcəklərsə, əlbəttə, bu atəşkəs uzun müddət davam etməyəcəkdir. Bu, onlardan asılıdır".

"Beləliklə, danışıqlar masasına oturmaq üçün hər hansı danışıqları aparmadan öncə əvvəlcədən Ermənistandan ən azından yeddi rayonun bəzilərini boşaltmağa razılaşmağı tələb edəcəksiniz" sualına isə İlham Əliyev belə cavvab verib:

"Onlar bu əraziləri boşaldacağına dair üzərilərinə ciddi öhdəlik götürməlidirlər. Çünki bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə. Buna görə Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır. Biz indi birinci olaraq ərazilərin boşaldılması və sonra danışıqların başlanılması ilə bağlı ilkin şərti irəli sürmürük. Biz hazırda Ermənistan tərəfindən, bu zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə məsul olan şəxsdən, şəxsən baş nazirdən tələb edirik ki, o, Ermənistanın işğal olunmuş əraziləri boşaldacağını desin. Bundan sonra əlbəttə ki, münaqişənin nizamlanması döyüş meydanından danışıqlar masasına keçəcəkdir".

Daha sonra "Ermənistan desə ki, onlar ilkin olaraq beş rayonu boşaltmağa hazırdır, Siz danışıqlara getməyə hazır olarsınızmı" sualına cavab verən İlham Əliyev net mövqe ifadə edib:

"Azərbaycanın bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.