Yapon “Nikkei”si və fransız “Fiqaro”su – Həqiqətlərimizin yeni ünvanları

26-10-2020, 05:10           
Yapon “Nikkei”si və fransız “Fiqaro”su – Həqiqətlərimizin yeni ünvanları
Azərbaycan Prezidentinin yeni möhtəşəm müsahibələri haqqında fikirlərimi bölüşməmişdən öncə, nüfuzlu Rusiya nəşri “Nezavisimaya Qazeta”nın baş redaktoru, tanınmış jurnalist, ictimai xadim Konstantin Remçukovun fikirlərini paylaşmaq istərdim. Baş redaktor Prezident İlham Əliyevin son müsahibələrini əsas gətirərək deyir: “Son həftə içində mən gördüm ki, Azərbaycanın bu müharibədəki hədəfləri daha aydındır. Öncəki həftələrdə mənə elə gəlirdi, bu, iki ölkə arasında periodik olaraq Dağlıq Qarabağ ətrafında baş verən növbəti gərginlikdir. Ancaq bu həftə özəlliklə də Azərbaycan Prezidenti İlham Əliyevin televiziya çıxışları və müsahibələrindən sonra anladım ki, bu, Azərbaycanın öz ərazilərini azad etmək uğrunda savaşıdır. Hansı ki, həmin ərazilər 30 il qanunsuz olaraq, işğal altında saxlanılıb. …Bununla da, bir növ münaqişə ilə bağlı təsəvvür dəyişir. Bu müharibə Azərbaycan öz ərazilərini tam azad edənə qədər davam edəcək. O ərazilər ki, Azərbaycan qanunsuz olaraq Ermənistan tərəfindən işğal edildiyini bildirir. Daha bir maraqlı məqam isə odur ki, hazırlıq və öncədən toplanmış resurslar ilk baxışda göründüyündən daha çoxdur”.

Diqqətli oxucular təsdiq edər ki, Prezident İlham Əliyevin məşhur xarici media orqanlarına ardıcıl müsahibələri haqqında mən də, bir çox həmkarım da ürək sözlərini qələmə alıb. Çox şadam ki, bizim gəldiyimiz qənaətlər öz həyati təsdiqi tapır. Başqa ölkələrdən verilən reaksiyalar, sürətlə dəyişən, ilıqlaşan beynəlxalq ictimai fikir, hətta, “ev tapşırığı suallar”la çıxış edən xarici jurnalistlər də həqiqətin alternativsiz üzü ilə tanış olur, öz ilkin mövqelərində yanıldıqlarını görürlər. Bir daha o fikirdəyəm ki, möhtərəm Prezidentin xarici media orqanlarına ard-arda verdiyi hadisə müsahibələr ordumuzun uğurlarının beynəlxalq aləmdə qəbul görməsində, diplomatlarımızın əlini gücləndirməkdə özünəməxsus rol oynayır.

KONKRET.az xəbər verir ki, bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın Yapon “Nikkei”si və fransız “Fiqaro”su –həqiqətlərimizin yeni ünvanları” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Növbəti belə müsahibələr nüfuzlu “Nikkei” (Yaponiya) və “Fiqaro” (Fransa) qəzetinə verildi. Hər biri başdan-başa öyrənilməyə, öyrədilməyə layiq bir “diplomatiya dərsi” olan müsahibələrdən bir neçə məqama diqqət edək:

– Öncəki satus-kvo artıq mövcud deyil, təmas xətti yoxdur. İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır;

– Müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir;

– Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər danışıqları mənasız edib;

– Danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olub. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır”, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deməsi, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verməsi, Azərbaycana hücumlar, danışıqların aparılmasını mənasız edir;

– Azərbaycan Ermənistan hökumətinə sübut etdi ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər.

– Ermənistanın baş naziri N.Paşinyan zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıyır;

– Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, atəşkəsi pozmamalı, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd göstərməməli, işğal olunmuş bütün Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir;

– Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq;

– Bu gün Azərbaycanda minlərlə erməni əsilli insan yaşayır;

– Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Orada heç bir milli azlıq yaşaya bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar;

– Ermənistanda ən böyük icma olan azərbaycanlılar həmin ərazidən qovulub, Azərbaycanlıların bütün tarixi, dini abidələri dağıdılıb, Azərbaycan mədəniyyətinin izləri silinib. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib;

– Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək;

– Dağlıq Qarabağdakı cinayətkar xunta kənarlaşdırılandan sonra ermənilər daha yaxşı yaşayacaqlar, digər vətəndaşlar kimi, onlara da bütün sosial və iqtisadi imtiyazlar şamil ediləcək;

– Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır və Azərbaycan dövləti digər xalqlar, milli və etnik azlıqlar kimi, onların da hüquqlarını tam müdafiə etməyə hazırdır.

– Azərbaycan dövləti həmişə humanizm prinsiplərinə sadiq olub və hazırda gedən hərbi əməliyyatlarda da bu, aydın görünür;

-Azərbaycan Ermənistan kimi dinc əhaliyə qarşı müharibə aparmır, yalnız hərbi hədəfləri vurur;

– Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil. Ermənistanın baş naziri bunu etiraf edib. Həmin döyüşçülərin köklü erməni olması şübhə doğurur və bunu təsdiq edən məlumatlar mövcuddur.

Əziz oxucular (tanaşaçılar) fikir veribsə, çox uzaq coğrafiyaları təmsil etsələr də, Azərbaycan Prezidentinə sual verən jurnalistlər, Azərbaycan-Ermənistan elanolunmamış müharibəsinə dair suallarla yanaşı, Gürcüstan, İran, özəlliklə, Türkiyə ilə bağlı suallardan əl çəkə bilmir. Burada durum elədir ki, necə deyərlər, istənilən “şübhəli sual” belə sual verən tərəfin deyil, cavab verən tərəfin xeyrinə nəticələnir. Yəni Gürcüstanla bağlı sual hər kəsi düşüncəyə dəvət edir: Gürcüstan da bir xristian ölkəsidir və Azərbaycanla, Türkiyə ilə yüksək səviyyəli ölkələrarası münasibətlər, strateji işbirliyi içində inkişaf etməkdədir. Deməli, problem din mənsubiyyətində deyil, Ermənistanın işğalçı, terrorçu, qonşuyayovuşmaz siyasətindədir. Bu fikri Azərbaycanın (eləcə də, qardaş Türkiyənin) etnik, dini zənginliyini bir daha təsdiq edir. Hər şey bir yana, Azərbaycanda (və Türkiyədə) on minlərlə erməni bu gün də yaşayır. Təsəvvür edin: Xocalı soyqırımı törədən, Türkiyəni qondarma soyqırımında ittiham edən bir ölkənin millətdaşları Azərbaycanda və Türkiyədə yaşayıb, yaşayır və yaşayacaqdır! – Bu danılmaz fakt qarşısında dünya erməniliyinin uzun illər anti-türk, anti-müsəlman qara təbliğatı bir qara qəpiklik olur. “Hər ziyanda bir xeyir var” deyib atalar, indi müharibə alovları (Gəncədə, Tərtərdə, Goranboyda, Ağcabədidə, Beyləqan, Bərdə və b. yerlərdə) dinc insanları yaxsa da, evlər dağılsa da, Ermənistanın illərlə qondardığ yalan səltənənitin dağıldığını da görürük, erməni təbliğatının öldüyünü görürük. Əlbəttə, bizim günahsız insanların qanı yerdə qalmır, əlbəttə, döyüş meydanında qələbələr qazanırıq, lakin vurğuladığımız bu məqamlar da unudulmamalıdır. Çünki məhz beynəlxalq anti-türk, anti-müsəlman təbliğatı ilə haqq-ədaləti müdafiə edəsi dövlət, qurum-quruluşlarda şübhələr yarada bilmişdilər. Təsəvvür edin, dünyanın bir çox ölkəsində anti-müsəlman ritorikası ilə avamlı çıxış edən, özlərini “xristianlığın son qalası” adlandıran Ermənistan İranla danışıqlarda başqa maska taxır, sonra işğal bölgəsinə dönür, bir başqa maska taxır və məscidlərə donuz doldururdu… Bu mənada, müzəffər Azərbaycan əsgəri ön cəbhədə, səbatlı diplomatlarımız diplomatik-siyasi cəbhədə maska yırtmaqla məşğuldur həm də… Bütün bu kardinal fikir dəyişiklikləri, dünya birliyinin dərin düşüncələrə dalması sahəsində Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin çoxfunksiyalı titanik çalışmaları dərsliklər mövzusudur, qürur qaynağımızdır! Prezident yalnız müsahibə vermir, dərs keçir, maarifləndirir, öyrədir. “Yaşa, Prezidentim, yaşa, Millətinlə baş-başa” – “İstiqlal” ordenli Xalq şairi Fikrət Qocanın bu məşhur misraları son günlər dilimizdən düşmür!

Qeyd etdik ki, xarici jurnalistlər Gürcüstan, İran və Türkiyə ilə bağlı suallar verir. Gürcüstanı dedik; İranın sual dövriyyəsinə daxil olunması da, dövlət sərhəddi boyu ərazilərimizin azad edilməsi – yeni gerçəklik yaranması ilə bağlı hesab oluna bilər. Unutmayaq ki, işğalçı ölkə güney cəbhəsindəki yenilməsi ilə yalnız torpaq, şəxsi heyət və texnika itirmədi, daha başqa itkiləri də oldu və bu, erməni dostlarını pəjmürdə etməkdədir…

Hər fransız jurnalistinin Türkiyə ilə bağlı tikanlı sual verməsinin səbəbini hər bir azərbaycanlı başa düşür; belə sualı yapon jurnalistinin də verməsi sual yaratmamalıdır, məncə. Yanılmıramsa, Yaponiyanın Avropadakı ən intensiv ticari-iqtisadi bağları Fransa ilədir… Əlbəttə, biz bir jurnalistin mövqeyini bütün Yaponiyaya şamil etmirik. Qətiyyən! Yaponiya özü başıbəlalar çəkmiş bir Şərq ölkəsidir və bizi anlayanlar orda daha çoxdur.

Türkiyə ilə bağlı sualların çoxluğu bizi qətiyyən rahatsız etmir, tam tərsinə, bütün müsahibə boyu Türkiyədən, Türkiyə-Azərbaycan işbirliyindın suallar versələr də qəbulumuzdur.

Möhtərəm Prezident deyir:

– Türkiyə Azərbaycan üçün qardaş ölkədir, ən yaxın müttəfiq və dostdur;

– Türkiyə indi təkcə Güney Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır;

-Türkiyə və Rusiyanın prezidentləri, xarici işlər nazirləri, müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, bu məsələni müzakirə ediblər;

– Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir;

-Türkiyə nizamlama prosesində fəal şəkildə iştirak etməlidir. Türkiyənin prosesdə iştirakı ona sabitlik gətirəcək.

Uzun sözün qısası, zərurət yarandığı hallarda müharibə alovunun söndürülməsində, ədalətli sülhün təminində – nizamlanma prosesində Türkiyənin fəal iştirakı bütün maraqlı tərəflər üçün eyni dərəcədə sabitləşdirici amildir – bu, belə qəbul edilməlidir. İlk növbədə, Ermənistan və erməniyanlılar bu həqiqəti nə qədər tez idrak etsə, o qədər yaxşıdır.

Yazımı Prezidentin yapon jurnalistin müvafiz sualına verdiyi tarixi ayarlı cavabla yekunlaşdırmaq istərdim: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Azərbaycan danışıqlar zamanı buna razılıq verməyib və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. …Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar”

Dövlətimiz var olsun!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.