“Dağlıq Qarabağ” adlı ərazi bölgüsünü siyasi leksikondan çıxarmaq zamanı

28-10-2020, 09:03           
“Dağlıq Qarabağ” adlı ərazi bölgüsünü siyasi leksikondan çıxarmaq zamanı
İşğalçı Ermənistanın öz işğalına guya haqq qazandırmaq üçün illərdir əsaslandıqları “Dağlıq Qarabağ” adlı inzibati ərazi bölgüsü 1991-ci ildən əslində rəsmən mövcud deyil.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ adlanan inzibati ərazi bölgüsü artıq tarixdir. Belə bir ərazi bölgüsü yoxdur. Çünki 1991-ci ilin noyabr ayının 26-da Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətini milli ərazi qurumu kimi ləğv edib. Bu halda media da, siyasətçilər də bu termini leksikondan çıxarmalıdırlar: “Bəziləri Azərbaycan Ali Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətini milli ərazi qurumu kimi ləğv etdiyi barədə qərarın olduğunu unudublar. Hər kəs bilməlidir və məsələ belə qoyulmalıdır ki, 1991-ci ilin noyabrından Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti adlı ərazi bölgüsü mövcud deyil, Azərbaycanın Qarabağ bölgəsi var və bu bölgədəki rayonlarımız, şəhərlərimiz, kəndlərimiz Ermənistan tərəfindən işğal olunub. Vasitəçilər, xüsusən də Sergey Lavrov daim Dağlıq Qarabağ Muxtar Vilayəti mövzusunu gündəmdə saxlayır. Bu, bizim zərərimizə olan konsepsiyadır.

Bununla belə, bir rəy yaratmaq istəyirlər ki, guya bu münaqişədə Ermənistandan başqa Dağlıq Qarabağ adlı tərəf mövcuddur. Məsələni həm də elə təqdim edirlər ki, sanki Dağlıq Qarabağ adlı ərazi bölgüsü, ərazisi ancaq ermənilərə aiddir. Dağlıq Qarabağda erməni icması məsələsinin qabardılması da yanlışdır və mənafeyimizə uyğun deyil. İcmanın olması məsələsinin də qoyulması mövqeyimizi zəiflədir. Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur, işğal olunmuş ərazilər var və bu ərazilərin azad olunması zərurəti var.

Cənab Prezidentin də aydın mövqeyi var bu məsələdə. Gələcəkdə ola bilsin ki, hansısa mədəni muxtariyyət verilə bilər. Moskvada erməni icması 14-cü əsrdə peyda olub və hazırda 2 milyona yaxın insan təşkil edir. Rusiya qanunvericiliyinə əsasən, azərbaycanlılar kimi, onlar da milli-mədəni muxtariyyət hüququna malikdirlər. Muxtariyyətin bu növü ərazi xüsusiyyətinə malik deyil. Burada milli kimliyin ifadəsinə müxtəlif tematik dərnəklər vasitəsilə, təhsil sahəsində isə ana dilində olan bazar günləri məktəbləri vasitəsilə imkan verilir. Hesab edirəm ki, əgər Moskvadakı 2 milyonluq ermənilər üçün bunlar kifayət edirsə, o zaman Rusiya təcrübəsi Azərbaycan vətəndaşlığını alacaq ermənilərə də tətbiq oluna bilər".

Politoloq Qabil Hüseynli isə bildirdi ki, Azərbaycan Ali Sovetinin 1991-ci il 26 noyabr tarixli qanunvericilik aktına uyğun olaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtar statusu alınıb və keçmiş muxtar vilayətin rəhbər orqanları da ləğv edilib. Muxtar vilayətin rəhbərliyinin səlahiyyətləri oraya daxil olmuş rayonların rəhbərlikləri arasında paylaşdırılıb: “Bu gün hər hansı bir muxtar respublika statusundan danışmaq üçün heç bir əsas yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında qeyd edir ki, Dağlıq Qarabağ Muxtar Respublikası, ümumiyyətlə, olmayıb, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın daxilində SSRİ zamanında yaradılıb və 1991-ci ildə muxtar vilayət də rəsmən ləğv olunub. Prezident 26 oktyabrda xalqa müraciətində Dağlıq Qarabağa mədəni muxtariyyət verilə biləcəyini söylədi. Bu, bizim ermənilərə ən böyük güzəştimiz ola bilər. Yəni Azərbaycan kompromisə uzağı bu qədər gedə bilərik. Mədəni muxtariyyət az şey vermir.

Azərbaycan mediası və siyasilər Dağlıq Qarabağ adlı inzibati ərazi vahidinin 1991-ci ilin 26 noyabrından rəsmən mövcud olmadığını nəzərə almalıdır. Məsələ belə qoyulmalıdır ki, Azərbaycanın Qarabağ bölgəsində olan rayonları, şəhərləri Ermənistan tərəfindən işğal olunub və bu ərazilər azad olunmalıdır".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.