“Baku Electronics”in yeni yalanları - İTTİHAM

8-04-2015, 10:04           
“Baku Electronics”in yeni yalanları - İTTİHAM
Qafqaz Xəbər Agentliyinin saytlarında “Əməkdaşımız hələ də “Baku Electronics”dən xəbər gözləyir” başlıqlı yazı dərc olunmuşdur. Qısa xatırlatma üçün bildirək ki, saytımızın əməkdaşı Araz Məmmədov fevral ayının 15-də “Baku Electronics” şirkətinin saytında bir reklamla rastlaşıb: “ Reklamda bildirilirdi ki, ilkin ödənişsiz, faizsiz, 15 aylıq kreditlə yalnız onlayn üsulla müxtəlif avadanlıqlar kreditə verilir. Şərtlər məni qane elədiyi üçün mobil telefon sifariş vermək qərarına gəldim. Saytdakı şərtlərdə göstərilirdi ki, Samsung G530 Galaxy Grand Prime Dual markalı telefonun qiyməti 199 manatdır və onu onlayn kreditlə sifariş verdikdə aylıq 13 manat ödəməklə almaq olar. Mən də bu telefonu almaq üçün sifariş verdim. Növbəti gün fevralın 16-da “Baku Electronics” şirkətinin əməkdaşı mənimlə əlaqə saxlayaraq sifarişi təsdiqləməyimi soruşdu. Mən təsdiqlədikdən sonra şirkətin əməkdaşı bildirdi ki, gün ərzində, ya da sabah sizinlə kredit mütəxəssisi əlaqə saxlayacaq”. Bütün problemlər də bundan sonra başlayıb. Onunla heç kimin əlaqə saxlamadığını görən əməkdaşımız özü şirkətlə əlaqə saxlamağa məcbur olub. Şirkətdən əməkdaşımıza bildiriblər ki, narahat olmayın kredit şöbəsinə məlumat vermişik sizinlə əlaqə saxlayacaqlar. Əməkdaşımız yenidən gözləməli olub. Amma yenə əlaqə saxlayan olmayıb. Əməkdaşımız yenidən məcbur olub ki, məsələnin axırına çıxsın. Bu dəfə şirkətin Əli Yusifov ad-soyadlı işçisi əməkdaşımıza bildirib ki, sizin sifariş etdiyiniz telefon üçün ilkin ödəniş olaraq 9 manat komisyon haqqı ( hansı ki reklamda komisyon haqqı yox idi ) və aylıq ödəniş isə 14 manatdır ( reklamda isə 13 manat yazılmışdı ) və son ay üçün 3 manat ödəyəcəksiniz. Yəni şirkət reklamda göstəriləndən fərqli şərtlər irəli sürüb. Reklam şərtlərinin alıcının ziyanına pozulmasına baxmayaraq əməkdaşımız yenə də razılaşıb. Və Əli Yusifov əməkdaşımızdan şəxsiyyət vəsiqəsinin elektron versiyasını və Bakıda yaşayan qohumlardan 3 nəfərin şəhər telefonunun nömrəsini göndərməyi tələb edib. Hansıki reklam şərtlərində bunların heç biri yoxdur.

Əməkdaşımız tələb olunanları göndərəndən sonra yenidən əlaqə saxlayıb və ona bildiriblər ki, şəxsiyyət vəsiqən üstündə olsun telefon sənə çatdırılacaq. Ancaq yenə əməkdaşımızla heç kim əlaqə saxlamayıb. Yenidən əlaqə saxlamağa məcbur olan əməkdaşımıza Əli Yusifov deyib ki: “ Deyəsən bugünkü vəziyyətdən xəbəriniz yoxdur. Manatın dəyəri düşübdür artıq. Artıq sifarişiniz ləğv olunur… telefonların qiymətində artım var və kampaniya da ləğv olub, artıq faizli kredit veririk (halbuki kampaniya mart ayının 7-nə kimi qüvvədə idi)”. Əməkdaşımız sifarişi bir həftə əvvəl verdiyini, telefonun bu gün ona çatdırılmalı olduğunu deyəndə, şirkətin işçisi bildirib ki, şirkətin rəhbərliyi belə əmr verib, siz rəhbərliklə əlaqə saxlayın. Böyük problem bundan sonra başlayıb. Saytımızın əməkdaşı dəfələrlə şirkətin Günay adlı, Nərmin adlı adlı işçiləri ilə əlaqə saxlasa da heç kim onu rəhbərliklə əlaqələndirməyib, işçilər deyib ki: “sizi rəhbərliklə əlaqələndirməyə icazəmiz yoxdu”. Nəhayət şirkətin Nigar adlı işçisi əməkdaşımıza bildirib ki: “ Kampaniya müvəqqəti dayandırılıb, telefonun yeni qiyməti isə 249 manatdır, əgər istəsəniz bu şərtlə qeydə alaraq sifarişinizi qəbul edək”. Beləliklə təkcə bir olaydan aydın olur ki, şirkət öz rəsmi saytında yerləşdirdiyi şərtləri kobud pozaraq vətəndaşları aldadır. Digər tərəfdən bu gün az qala bütün dövlət qurumları vətəndaşların üzünə açıq olduğu halda adi bir şirkətin rəhbərliyi kimdir ki, onunla vətəndaşları əlaqələndirməyə icazə verilmir. Nəhayət, şirkətin bir işçisi ( Əli Yusifov ) öhdəliyin pozulmasını milli manatın devalvasiyası ilə əlaqələndirir, digər işçi Nigar isə kampaniyanın dayandırıldığını bildirir. Beləliklə məlum olur ki, “Baku Electronics” şirkəti fırıldaqla, süründürməçiliklə məşğul olur. Aradan xeyli müddət keçəndən və əməkdaşımıza heç bir zəng olmayandan sonra Araz Məmmədov bu dəfə bir vətəndaş kimi deyil, Qafqaz Xəbər Agentliyinin nümayəndəsi olaraq “Baku Electronics”-ə zəng eləyib və şirkətin hüquq şöbəsinin rəhbəri Vüqar Hüseynbəyovla danışa bilib. Əməkdaşımız başına gələnlərin uzun tarxiçəsini Hüquq şöbəsinin rəisinə danışandan sonra Hüseynbəyov velə cavab verib: “ Yəqin sən də bilirsən ki, bu telefonları Azərbaycana 2-3 nəfər gətirir, yəni mən şəxsən “Baku Elektronics” olaraq Azərbaycana telefon gətirmirəm”. Araz Məmmədov Hüseynbəyova bildirib ki, sizin əməkdaşlar bir aydır məni süründürür, əməkdaşlarınızın birin sözü digərinin sözü ilə uyğun gəlmir. Şöbə müdiri isə cavabında “onlar işi bilmirlər” deyərək cavab verib.

Qafqaz Xəbər Agentliyi bildirir ki, Hüquq şöbəsinin rəhbəri Vüqar Hüseynbəyovun “ Görürsən ki, telefonun gəlib çıxmadı özün yaxınlaşıb mağazadan telefonu alardın” təklifinə əməkdaşımız belə cavab verib: “ Əgər mən telefonu mağazadan özüm alacamsa, onda niyə elektron sifariş və satış sistemi yaradılır, vətəndaşlardan onlayn sifariş qəbul edilir, internet üzərindən elektron sifariş və çatdırılma kampaniyası elan olunur?”. Sonda əməkdaşımız hüquq şöbəsinin rəhbərinə bildirib ki, əgər mənə kömək etməyə səlahiyyətiniz çatmırsa, səlahiyyətli şəxslə məni əlaqələndirin. Şöbə müdiri isə “Sən razı olarsan ki, mən müdirə deyim ki, pulu cibimizdən qoyaraq vətəndaşın telefonunu verək? Əgər desəm müdir deyəcək ki, sənin kimi işçi mənə lazım deyil” cavabını verib. Söhbətin sonunda Hüseynbəyov söz verib ki, mən bu məsələni araşdıracam və 2 gün ərzində bizim əməkdaşlar sizinlə əlaqə saxlayacaq. Ancaq təəssüflər olsun ki bir müddət keçsə də “Baku Elektronics”in digər əməkdaşları kimi Vüqar məllim də sözünə əməl eləmədi. Ona görə də əməkdaşımız yenidən Vüqar məllimlə əlaqə saxlayıb. Bu dəfə Vüqar müəllim bildirib ki, siz bizim şirkətlə bağlı saytlarda yazılar yazmısınız, ona görə də mən sizə köməklik edə bilmərəm.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.