Anım Günündə şəhid Babək Səmidlini unudan Göyçay RİH: - "Bu biabırçılıqla bağlı ölçü götürülməlidir"

29-09-2022, 19:03           
Anım Günündə şəhid Babək Səmidlini unudan Göyçay RİH: -
“Anım günündə şəhid polkovniki yadından çıxaran şöbə müdiri sabah başqa şeyləri də yadından çıxaracaq”.

TEREF.AZ xəbər verir ki, bu sözləri Göyçay Rayon İcra Hakimiyyətinin Anım Günü tədbirində şəhid Babək Səmidlinin portretinin yürüş iştirakçılarının əlində olmaması və daha sonra şəhid ailəsindən üzr istənməsinə münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Rövşən Məhərrəmov bildirib ki, rayon rəhbərliyi bu hərəkətinə görə cavab verməlidir:

“Bu, utancverici haldır. Şəhid atası Mətləb Səmidli İcra Hakimiyyətinə müraciət edib, etirazını bildirib, Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov yazılı şəkildə şəhid ailəsinə cavab verib ki, Babək Səmidlinin portretinin götürülməsi yadlarından çıxıb. Bu necə ola bilər? “Zəfər” ordeni ilə təltif olunmuş və özü də Göyçay rayonundan yeganə polkovnik rütbəsində şəhid olmuş şəxsin portreti yaddan necə çıxa bilər?

Belə başa düşürəm ki, Göyçay Rayon İcra Hakimiyyəti Qurban Məmmədovun çıxışlarına baxıb, onun ittihamlarından ilhamlanıb, belə desək, onun diqtəsi ilə oturub-durur. Dövlət rəhbərliyinə müraciət edirəm ki, bu biabırçılıqla bağlı ölçü götürülsün. Başda icra başçısı olmaqla, bu məsələyə aydınlıq gətirilməlidir. Şəhid yaddan çıxır? Babək Səmidli qəhrəmancasına döyüşüb, faciəvi şəkildə şəhid olub. Necə ola bilər ki, onun dəfnində iştirak edən Rayon İcra Hakimiyyətinin bütün vəzifəli şəxsləri indi onu yadından çıxarır? O adamların üzrünü səmimi qəbul etmək olmaz. Onlar mütləq şəkildə araşdırılmalıdır. Hesab edirəm ki, “Zəfər” ordenli şəhid polkovnik Babək Səmidlini yadından çıxaran Hikmət Süleymanov o postda qalmamalıdır. Anım Günündə şəhid polkovniki yadından çıxaran şöbə müdiri sabah başqa şeyləri də yadından çıxaracaq. Düşünürəm ki, təkcə bu şöbə müdiri ilə də yekunlaşmamalıdır. Rayon İcra Hakimiyyəti cavab verməlidir”.

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanovun şəhid ailəsinə yazdığı izahatı təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.