"Saqqalımız" olanda gec ola bilər

27-03-2023, 09:05           
"Saqqalımız" olanda gec ola bilər
Dünya “liboşlarının” idolu, “ikonası” Bill Gates bir neçə gün öncə publik çıxışlarının birində elan etdi ki, dünya “pandemiya” zamanı böyük səhv edib, sən demə virus təhlükəli deyilmiş, kütləvi vaksinləşmə, sərt “lockdown”-lar yanlış idi, çıxış yolu virusla birgə yaşamaq, “kütləvi immunitet” qazanmaq imiş. Yeni cərəyan olan “liberal-faşizmin” əsas simalarından olan Bill Gates qapanmaların dünyada iqtisadiyyata, insanların sağlamlığına vurduğu ziyandan danışıb.
Doğrudur, çıxışında yenə öz xislətindən və qlobal “agenda”-sından da ən çəkməyib – insanlığı yeni, daha dəhşətli “pandemiyaların” olacağı ilə qorxudub, cinayətkar qurum olan ÜST-ə daha çox dəstək olmaqdan danışıb. Hətta insan haqq və azadlıqlarına böyük təhdid olan ÜST-ün yeni “Global Health Emergency Corps” layihəsini ağızdolusu tərifləyib, bütün dövlətləri və varlı insanları bu proqrama dəstək olmağa çağırıb. ÜST-ün bu təşəbbüsü ona hesablanıb ki, dövlətlərüstü qurum yaransın, aldığı qərarlar dövlətlər üçün məcburu xarakter daşısın – çox təhlükəli təklif və ideyadır.
Qayıdaq “pandemiyaya”: Diqqətli oxucular, izləyicilər xatırlayır ki, 2020-ci ilin mart ayında, “pandemiya” elan olunandan həmən sonra REAL rəhbərliyi, sədrimiz, o cümlədən mən dəfələrlə Bill Gatesin bir neçə gün əvvəl söylədiklərini yazıb-izah edirdik. O zaman bizim məmləkətdə bəlli bir qrup aqressiv “liboş” tayfası bizə demədiklərini buraxmadılar, təhqir etdilər, aşağıladılar, “komploçu” çıxardılar (dünyada da eyni trend var idi – bu haqda danışanları bloklayırdılar, qaralayırdılar, alimləri belə gözümçıxdıya salırdılar). Amma tarix və gedişat yenə bizi haqlı çıxartdı, bizim 3 il əvvəl dediklərimiz sonradan elmi araşdırmalarla sübut olundu-olunmaqda da davam edir. Mən əminəm ki, Dünyanın başı Rusiyanın vəhşicəsinə Ukraynaya təcavüz etməsinə qarışmasaydı, dünya siyasi elitası bu cinayətin altından belə rahatlıqla çıxa bilməzdi – amma, ümid edirəm ki, hələ çıxmayıb, bir müddət sonra “pandemiya” adı altında insan haqq və azadlıqlarını tapdalayan, iqtisadiyyatı məhv edən yanaşma və siyasət müəllifləri mütləq ədalətli məhkəmə qarşısında cavab verəcəklər.
Bu gün dünyada tüğyan edən inflyasiya, qiymət artımı, bank-maliyyə böhranı təhlükəsi, orta sinfin azalması (orta sinif daim əsl siyasi sabitliyin və iqtisadi inkişafın dayağı olub) – hamısı “pandemiyanın” rəzil idarəedilməsindən doğdu.
Avropa Şurası ölkələrində fəaliyyət göstərən siyasi partiyalar arasında ilk dəfə məhz REAL Partiyası elmi-siyasi, ictimai araşdırma apararaq bu problemlə bağlı 53 səhifəlik geniş sənəd hazırladı və təqdim etdi. Azərbaycan iqtidarı bu sənədə cavab verə bilmədi, bu gün də mənasız olaraq “pandemiyanı” bəhanə gətirərək, məsələn, quru sərhədləri qapalı saxlayır. Ümumiyyətlə, tək bu problemlə bağlı deyil, inflyasiya, yerli özümü idarəetmə, Böyük Şəhər Bələdiyyələri, memarlıq siyasəti, iqtisadi tənzimləmə - onlarla məsələ, problemlər haqqında mövqe sənədləri yazıb-yaymışıq, heç birinə də hökumətdən aydın cavab almamışıq.
Nə edək ki, hələlik “saqqalımız” yoxdur deyə sözümüz keçmir, “saqqalımız” mütləq olacaq, amma o zaman ölkə, məmləkət üçün gec ola bilər...
P.S. “Pandemiya” ilə bağlı 53 səhifəlik geniş, elmi sənədimin linki şərhlərdə.
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.