Əliyevin bu çıxışı İrəvana xəbərdarlıq mesajları idi - Şərh

22-09-2018, 07:27           
Əliyevin bu çıxışı İrəvana xəbərdarlıq mesajları idi - Şərh
İlham Əliyev Paşinyana növbəti mesajlarını göndərdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasındakı çıxışının əsas tezisləri Ermənistanın işğalçılıq siyasətinə və işğal altındakı torpaqlarla bağlı rəsmi Bakının atacağı addımlara həsr olunub:

“Birincisi, Prezident qeyd etdi ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul ediblər. Bu, o deməkdir ki, İlham Əliyev Avropa strukturlarının Dağlıq Qarabağ münaqişəsinə mövqeyindən razıdır. İkincisi, Prezident Ermənistanın yeni rəhbərliyinin Dağlıq Qarabağla bağlı siyasətində ciddi düzəlişlər etməli olduğunu vurğuladı. İlham Əliyevin fikrincə, Ermənistan hazırki hakimiyyət nümayəndələrinin açıqlamaları münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Bunu Prezidentlə yanaşı, kənar ekspertlər də vurğulayırlar”.

Politoloq bildirib ki, Prezident eyni zamanda bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılmasından da bəhs etdi:

“Çünki beynəlxalq təşkilatlar Azərbaycanla bağlı tənqidi hesabatlar hazırlayırlar, ancaq Ermənistandakı pozuntuları diqqətə almırlar. İlham Əliyev ona işarə etdi ki, Ermənistanda 2008-ci ildə prezident seçkisi zamanı 10 nəfər qətlə yetirildi. Buna baxmayaraq, beynəlxalq təşkilatlar o zaman prezident seçilən Serj Sərkisyanı sərt tənqid etmədilər, onunla dərhal əməkdaşlığa başladılar. Ermənistanın indiki baş naziri Nikol Paşinyan isə məhz 2008-ci il hadisələrinə görə Serj Sərkisyanı və digərlərini həbs etmək istəyir. Dördüncüsü, Azərbaycan Prezidenti Ermənistanda iqtisadi və sosial vəziyyətin ağır olduğuna diqqət çəkdi. İlham Əliyev Ermənistan hakimiyyətinin siyasətinin hərbi toqquşmanı yaxınlaşdırdığına da işarə etdi”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.