Prezident qəti mövqeyini ortaya qoydu: Qarabağ… - ŞƏRH

23-09-2018, 12:09           
Prezident qəti mövqeyini ortaya qoydu: Qarabağ… - ŞƏRH
Azərbaycan Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində çox kritik, bəlkə də problemin həllinin ən yaxın mərhələsindədir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş çıxışını Prezident, əsasən, Dağlıq Qarabağ probleminə həsr etdi:

“Prezident tərəfindən millət vəkilləri və xarici qonaqlar qarşısında Ermənistana mesajlar verildi. Bununla bərabər bəzi beynəlxalq strukturların ikili standartları diqqətə çatdırıldı. Ermənistanda baş verən 2008-ci il hadisələri və bu hadisələrə Qərb tərəfindən ikili yanaşmalar xatırlandı. Yeni erməni iqtidarının verdiyi açıqlamaların, atdığı addımların iki ölkə arasında hərbi toqquşmanı yaxınlaşdırdığı vurğulandı. Ölkə başçısının da dediyi kimi, Qarabağ probleminin ədalətli həlli Ermənistanı düşdüyü iqtisadi böhrandan qurtara bilər. Yəni Prezident bildirdi ki, Qarabağ münaqişəsi həll edilməyənə qədər Ermənistan özünü regionda ciddi iqtisadi layihələrdən kənarda qoyur. Çıxışın əsas rezümesi isə budur: Dağlıq Qarabağ ancaq Azərbaycanın tərkibində status ala bilər”.

Politoloq vurğulayıb ki, bu problemin hərbi həll yolundan başqa yolu olmadığı getdikcə daha qabarıq görünür:

“Paşinyanın son çıxışları problemin sülh vasitəsi ilə həll yolunun üstündən iri xətt çəkir. Regionda hər an vəziyyət dəyişir. Rusiya Suriyada həm diplomatik, həm hərbi zərbələr almaqda davam edir. İran hərbi paradda böyük terror aktına məruz qalır. Ümumiyyətlə, cənub qonşumuzda vəziyyət qeyri-sabitdir. Yeni erməni iqtidarı isə Moskvadan aralanma cəhdlərini davam edir. Ərdoğanın səfəri və böyük hərbi parad, Libermanın bir neçə gün Azərbaycanda olması, Putinin ölkəmizə gözlənilən səfəri - bunlar hamısı rəsmi Bakının Qarabağ probleminin həlli istiqamətində kritik diplomatik mərhələdə olduğunu göstərir. 2019-cu il Azərbaycan üçün Qarabağ məsələsində dönüş ili olacağı gözlənilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.