Gürcüstanda gürcü-azərbaycanlı münaqişəsi üçün düyməyə basılıb - "Tatarları qovmalı"

25-09-2018, 09:25           
Gürcüstanda gürcü-azərbaycanlı münaqişəsi üçün düyməyə basılıb - "Tatarları qovmalı"
“Tatarları” qovmalı və onları kəndin sərhədlərindən kənara buraxmamalı.

Gürcüstanın Telavi rayonunun Vardisubani və azərbaycanlıların sıx yaşadığı Qaracala kənd sakinləri arasında yaranmış məişət zəminli qarşıdurmadan sonra Axmeta-Telavi yolunda təşkil olunan etiraz aksiyasının iştirakçıları bu çağırışla çıxış ediblər.

"Qonşu Gürcüstanda həyəcan yaradan hadisə baş verib. Əgər Azərbaycan və gürcü icmalarının nüfuzlu nümayəndələri baş verən məişət cinayətinin qarşısını almasalar, bu, millətlərarası münaqişəyə çevriləcək".

Bunu Sputnik Azərbaycan-a Qafqaz Monitorinq Mərkəzinin rəhbəri Elbrus Məmmədov deyib.

Xatırladaq ki, sentyabrın 23-də səhər Gürcüstanın Telavi rayonunun Vardisubani və azərbaycanlıların kompakt yaşadıqları Qaracala kənd sakinləri arasında münaqişə yaranıb. Silahlı insident nəticəsində dörd nəfər yaralanıb ki, onların da hamısı azərbaycanlıdır. İnsident Vardisubani kəndinin bazarında baş verib. Vardisubani kəndindən olan 6 nəfərlik qrup taxta və dəmir dəyənəklərlə bazar ərazisində Qaracala kənd sakinlərinə hücum edərək fiziki güc tətbiq ediblər.

Qarşıdurma zamanı odlu silahdan da atəş açılıb. Üç nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb, 14 yaşlı yeniyetmə isə vəhşicəsinə döyülüb. Onlar Telavi xəstəxanasına yerləşdiriliblər.

Elbrus Məmmədovun sözlərinə görə, hər şey Qaracala kənd sakinlərinə edilən hücumdan başlayıb: "Namiq İlyazovun etiraf etdiyinə görə, onun qohumlarının üzərinə Vardisubani kəndinin silahlı sakini David Leqaşvili hücum edib. Leqaşvilini bir neçə şəxs müşayiət edib".

İlyazov hücum nəticəsində zərər çəkib. Belə ki, həmin səhər azərbaycanlılar bazara gedərək öz məhsullarını satışa çıxarıblar. İlyazovun qohumu qoyun satırmış. Leqaşvili və ortaqları mal-qara alverçisini mühasirəyə alaraq onu dəmir dəyənəklə döyməyə başlayıblar. İlyazov köməyə adam çağırmağa tələsərkən, artıq qohumunun kəllə sümüyünü qırıblar. Təcavüzkarlar bu dəfə də İlyazovun üstünə düşüblər. Sonuncunun sözlərinə görə, hücum edənlər təqribən 10 nəfər olub. Onların hamısı Vardisubani kəndinin sakinləri imiş. Nəticədə yaralanan dörd nəfər (həmçinin, Qiya Sultanov, Nəsib Sultanov və Namiq İlyazov) Telavi xəstəxanasına yerləşdirilib. Onlardan biri odlu silahla boynundan yaralanıb.

"Bu dəfə onlar tapançadan atəş açıblar. Lakin artıq bir həftədir davam edən münaqişə başlayan vaxt onlar avtomatdan istifadə ediblər" — deyə hüquq müdafiəçisi bildirib.

Onun sözlərinə görə, sentyabrın 23-də gecə vaxtı 40 dəqiqəyə yaxın Axmeta-Telavi yolu bağlı olub. Vardisubani kəndinin sakinləri olan 300-dək aksiya iştirakçısı David Leqaşvilinin azadlığa buraxılmasını tələb ediblər. Aksiya iştirakçıları anti-Azərbaycan şüarları da səsləndiriblər. Vardisubani kəndinin sakinləri bütün Qaracala sakinlərini qarşıdurmanı ilk başlamaqda günahlandırıblar.

Leqaşvilinin həmkəndliləri, o cümlədən Zurab Mosaxlişvili bildirib ki, münaqişə qaracalalıların öz heyvanlarını gürcülərin kərpic kəsdikləri əraziyə sürmələrindən başlayıb. Heyvanlar kərpicləri zədələyib və bu səbəbdən də dava düşüb. Həftəsonu bazarında baş verən atışma isə həmin münaqişənin davamıdır.

Məmmədov qeyd edib ki, polis əməkdaşları 41 yaşlı David Leqaşvilini sağlamlığa qəsdən zərər yetirməyə görə saxlayıb. DİN-in məlumatına görə, Leqaşvili tapançadan atəş açaraq 32 yaşlı azərbaycanlını yaralayıb və gizlənib. Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə araşdırma davam edir. Həmin maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Aksiya iştirakçıları əvvəlcə polisdən Leqaşvilini saat 7-dək azad etməyi tələb ediblər. Verdikləri vədə başa çatandan sonra onlar Qaracala yaxınlığındakı Axmeta-Telavi yolunu bağlayıblar. İki saata yaxın SOCAR-ın benzindoldurma məntəqəsinin işi dayanıb. Yol yalnız Kaxetiya polis departamentinin rəhbəri Şota Çanukvadze hadisə yerinə gələndən sonra açılıb. Etirazçılara məhkəmənin qərarına qədər gözləmək tövsiyə edilib. Saxlanılmış Leqaşviliyə ittiham elan edilməsi qərara alınıb. Sentyabrın 25-də məhkəmə ona qarşı profilaktik tədbirlərin görülməsi məsələsinə baxacaq.

"Mitinq iştirakçıları polis rəisi hadisə yerinə gələnə qədər etnik azərbaycanlıları söyüblər və ksenofob şüarlar səsləndiriblər: "Müsəlmanlar başımızda oturub", "Tatarları qovmalı!", "Gürcüstan yalnız gürcülər üçündür!", "Yolları bağlayaq və onları ümumiyyətlə buraxmayaq", "Tatarları kənddən kənara çıxmağa qoymayaq!", "Onları kənddə öldürək!". (Qeyd edək ki, gürcülər nədənsə azərbaycanlıları “tatar” adlandırırlar). Bu, özü-özlüyündə çox həyəcanverici siqnaldır. Hansı səbəbdənsə bu münaqişə məhz Gürcüstanda prezident seçkiləri ərəfəsində baş verir" — deyə Məmmədov bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, bütün bu tarixçədə ən təəssüfləndirici hal Azərbaycan icmasından heç kəsin öz soydaşlarının müdafiəsinə qalxmamasıdır, baxmayaraq ki, yaralananların hamısı Qaracala kəndinin sakinləridir, gürcülər deyil. Onları heç hakim "Gürcü arzusu" partiyasından parlamentə seçilən azərbaycanlı deputatlar belə ziyarət etməyib. Bundan başqa, Kaxetiya polisinin rəhbəri Şota Çanukvadze etnik azərbaycanlıların ünvanına nifrət dolu bəyanatların səslənməsinə imkan yaradıb. Bütün bunlar bu işin nə dərəcədə "obyektiv" araşdırılacağını müəyyən etmək üçün kifayətdir.

Polisin baş verən hadisə barədə kəskin ifadələri Gürcüstanın Reginfo.ge nəşri tərəfindən dərc olunub.

"Hesab edirəm ki, bu məsələ Gürcüstan və Azərbaycanın Ombudsman aparatlarının təcili müdaxiləsini tələb edir. Hazırda münaqişə məişət səviyyəsindədir. Lakin müəyyən qüvvələr onu başqa istiqamətə yönəltmək və ondan öz maraqları naminə istifadə etmək üçün əl-qolunu çırmayıb. Bu təxribatın nəticələri azərbaycanlıların xeyrinə olmayacaq" — deyə Elbrus Məmmədov əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.