Nazirliyin istintaqda olan işçisi vəzifədədir?

8-10-2015, 23:31           
Nazirliyin istintaqda olan işçisi vəzifədədir?
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi (KTN) barəsində cinayət işi başlanan nazirlik əməkdaşı ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Dövlət Maşın Sınaq Stansiyasının direktoru Cavanşir Bağırov işində yol verdiyi nöqsanlara görə 2014-cü ildə vəzifəsindən azad olunub, hazırda KTN sistemində işləmir.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, KTN-in Dövlət Maşın Sınaq Stansiyasının direktoru Cavanşir Bağırov və digər vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmələrində, bundan başqa müəssisədə faktiki işləməyən şəxslərin adlarına əmək haqqları yazılması, tariflərin düzgün tətbiq edilməməsi və saxta qaimələrin tərtib edilməsi yolu ilə 221 min manat məbləğində pul vəsaitlərini mənimsəyərək israf etməklə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.