“Təki, erməni ordusu güclü olsun - pensiyamızın qalxması vacib deyil...”

10-12-2018, 20:39           
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”
“Paşinyan hakimiyyətə gələndən Xankəndində bütün ərzaqlar bahalaşıb...”

“Əgər mən Ermənistan vətəndaşı olsaydım, Paşinyanın partiyasına səs verərdim. Çünki o, orduya çox diqqət ayırır...”
Moderator.az xəbər verir ki, bu sözləri Rusiya nəşrlərindən birinə açıqlamasında Azərbaycanın işğal altındakı Xankəndi şəhərində yaşayan pensiyaçı Cülyetta Qukasyan söyləyib. Rusiyalı müxbir Qarabağdakı ermənilərin İrəvandakı son parlament seçkilərinə münasibətini öyrənərkən sual etdiyi bu qarı onun üçün ən əsas məsələnin erməni ordusunun güclü olması olduğunu vurğulayaraq deyib:
"Mənim üçün ən vacib məsələ bizim erməni ordusunun döyüş qabiliyyətli və yüksək hazırlıqlı olmasıdır, korrupsiyanın olmamasıdır. Bizim pensiyalarımızın artırılmamasına gəldikdə, bu, mühüm deyil, ən əsası ordudur..."

Ancaq Qarabağ ermənilərindən Paşinyanın əleyhinə danışanlar da olub. Məsələn, özəl şirkətdə işləyən Xankəndi sakini, Marianna Qriqoryan bildirib ki, o, Paşinyanın yeni hökumətinə qarşıdır və Serj Sərkisyanın Respublika Partiyasının hakimiyyətə gəlməsini istəyir.

“RP-nin iqtidarda olduğu zaman mən və ailəm daha yaxşı yaşayırdıq. Maaşımızı vaxtında alırdıq, hazırda isə bu yoxdur. Mən nəyəsə pul da yığa bilirdim. Amma indi bu, mümkün deyil, çünki bütün ərzaqlar bahalaşıb. Qış üçün hazırlıq da görə bilməmişəm, ona görə ki, tərəvəz daha bahalı olub.

Paşinyanın hakimiyyəti mənə vəd edilən yaxşı həyatı gətirmədi. Bu inqilab yalnız şəhərdəki işsizlərə və indi hakimiyyətdə olanlara sərfəlidir. Sadə zəhmətkeş isə heç bir şey əldə etmədi..." - deyə, Azərbaycan torpağında məskunlaşmış erməni qadın etirazını ifadə edib.

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.