Qurban Yetirmişlidən zəlzələ kimi açıqlama: “Dağın başında yaşayan nə bilir ki, bal nədir...”

15-04-2019, 15:22           
Qurban Yetirmişlidən zəlzələ kimi açıqlama: “Dağın başında yaşayan nə bilir ki, bal nədir...”
Lerik sakini yardım istəyir. Ötən gecə baş verən zəlzələ köhnə evləri qəzalı vəziyyətə salıb...

Lerik rayonu, Tikəband kənd sakini 62 yaşlı Bədəcanova Nazilə Kərim qızı ötən gün Lənkəran rayonunda baş verən və ətraf rayonlarda da hiss edilən zəlzələ nəticəsində evlərinin zərər çəkdiyini bildirib. Problemini musavat.com-a danışan Lerik sakini köhnə və yarasız halda olan evlərinin artıq qəzalı vəziyyətə gəldiyini və evə daxil ola bilmədiklərini deyib: “Dünən gecə baş verən zəlzələ bizim kənddə də çox hiss edildi. Yuxudan səsə oyandıq, köhnə ev az qala başımıza uçacaqdı. 1947-ci ildə tikilmiş köhnə evdə yaşayırıq, bundan öncəki zəlzələlər zamanı da çatlar yaranmışdı, lakin imkanımız olmadığından təmir edə bilməmişdik. Bu dəfə tamam yararsız hala düşdü. Gecəni çöldə keçirdik, indi də evə daxil olmağa qorxuruq. Ev hər an çökə bilər, yarısı uçub. Çox yerə müraciət etmişik, ancaq cavab verirlər ki, imkan yoxdur. 9 nəfərlik ailəyik, onun 6 nəfəri azyaşlı uşaqlardır. Oğlum məktəbdə işləyir və 180 manat pul alır. Ailəmizi çətinliklə dolandırırıq. Xahiş edirik ki, dövlət tərəfindən bizə köməklik göstərilsin”.

Şikayətçi onu da bildirib ki, yaşadığı kənddə əksər evlər sovet dövründə tikilib və dünənki zəlzələdə bir çoxu ziyan çəkib. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında yayılan məlumatda isə deyilir ki, ötən gecə, saat 03.16-da Lənkəran stansiyasından 19 km şimal-qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və yaxın rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 32 km, maqnitudası 3,6 olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Quban Yetirmişli isə musavat.com-a açıqlamasında bildirdi ki, zəlzələ cəmi 3 bal olub və onun ciddi ziyan vurması ehtimalı yoxdur: “Dünən Lənkəranda baş verən zəlzələ barədə saytımızda məlumat verilib, ətraf rayonlarda, Lerik və Yardımlıda 3 bala qədər hiss olunub. Bu güclü zəlzələ deyildi”.

Qurban Yetirmişli onu da qeyd etdi ki, zəlzələ evlərə ziyan vuracaq qədər güclü olmayıb: “Onlar nağıl danışırlar. Dağın başında yaşayan nə bilir ki, bal nədir? Möhtərəm prezident rayonlarda zəlzələ zamanı evlərində çatlar yaranan insanlara ev tikir. Ona görə də, bu dəbə düşüb, onlara yaxşı iştah gəlib. Şamaxıda baş verən zəlzələ zamanı da çoxu köhnə evlər idi, onları da təqdim etdilər ki, təmir olunsun. Bunlar da indi başlayıblar. Bu, nə zəlzələdir ki, dərində olub”.

Q.Yetirmişli vurğuladı ki, cənub bölgəsində - Lənkəranda, Astarada, Yardımlıda, Cəlilabadda zəlzələni qeydə alan stansiyalar var: “Bizdə olan bu cür gözəl sistem bir çox ölkələrdə yoxdur. Zəlzələnin episentri Lənkəranla Lerik arasında bir dərinlik qırılması var, orada olub. Bu, çox aktiv dərinlik qırılmasıdır. 18, 20, 25 kilometrdə bu qırılmada tez-tez zəlzələlər baş verir. Orada 3-4 gündən bir hiss olunmayan xırda təkanlar olur. Dünənki zəlzələ də çox dərində olub, dağıdıcı gücü ola bilməz. Ola bilər ki, keyfiyyətsiz tikilmiş, köhnə evlərdə, tövlələrdə köhnə çatların biraz da genişlənməsi baş vesin”.

Nərgiz LİFTİYEVA,
Musavat.comшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru