Yol polisi Vüsal Kərimlini cərimələyibmi? - Rəsmi

13-05-2019, 20:07           
Yol polisi Vüsal Kərimlini cərimələyibmi? - Rəsmi
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprel ayında baş verib.

Məlumata görə, Vüsal Kərimli BMV model avtomobili özü idarə edən zaman yol polisi tərəfindən saxlanılıb. Həmin vaxtı sözügedən avtomobilin arxa yan şüşələrində jalüz pərdələr taxıldığı üçün polis tərəfindən sürücü Vüsal Kərimliyə 150 manat cərimə protokolu tərtib edilib. Vüsal Kərimlinin avtomobilində əyləşmiş mühafizə polisi əməkdaşı yol polisini bu addımı atmaqdan geri çəkindirmək istəsə də, ancaq bu, mümkün olmayıb.

Yol polisi qanunun tələblərinə uyğun olaraq Vüsal Kərimliyə 150 manatlıq cərimə yazdığını bildirib.

Bu hadisədən az sonra Vüsal Kərimli Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə sözügedən yol polisindən şikayət edərək, ona cərimənin düzgün yazılmadığını bildirib. Ancaq Dövlət Yol Polisi İdarəsi bu məsələ ilə bağlı araşdırma apardıqdan sonra məlum olub ki, Vüsal Kərimliyə tərtib edilmiş sözügedən cərimə protokolu tam doğru olub. Həmin vaxtı Vüsal Kərimli yol qaydalarını pozduğuna görə həmin cərimə qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, avtomobillərdə arxa yan şüşələrə jalüz pərdə və plyonkaların vurulmasına icazə mayın 1-dən noyabrın 15-dək qüvvədə olur.

***

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Report-a açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bəzi kütləvi informasiya vasitələrində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Vüsal Kərimlinin BMW model avtomobili özü idarə edən zaman yol polisi tərəfindən saxlanılması, avtomobilin arxa yan şüşələrində jalüz pərdələr taxıldığı üçün polis tərəfindən sürücü Vüsal Kərimliyə 150 manat cərimə protokolu tərtib edilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bölmə rəisi kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edib ki, həqiqətə uyğun olmayan halların gələcəkdə təkrarlanmaması məqsədilə müvafiq məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.