Kuru kosmodromundan “Arian-5” peyk daşıyıcısının buraxılışı uğurla başa çatıb

17-01-2020, 06:44           
Kuru kosmodromundan “Arian-5” peyk daşıyıcısının buraxılışı uğurla başa çatıb
Cümə axşamı Fransanın Qvianadakı Kuru kosmodromundan orbitə “Ariane-5” ağır yüklü peykdaşıyıcısının buraxılışı olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, uğurla başa çatan raketin buraxılışı “Arianespace” operator şirkətinin internet səhifəsində canlı yayımlanıb.

Bu, “Ariane-5”in tarixində 107-ci missiya, 2020-ci ildə isə ilk uçuş olub. Raket vasitəsilə Fransa (Eutelsat Konnect) və Hindistana (GSAT-30) məxsus telekommunikasiya peykləri orbitə daşınıb.

Bildirilib ki, Eutelsat Konnect peyki Afrikanın 40 ölkəsində və Qərbi Avropanın 15 ölkəsində rəqəmsal fərqi əhəmiyyətli dərəcədə azaldacaq.

GSAT-30 Hindistan Kosmik Tədqiqatlar Təşkilatının mütəxəssisləri tərəfindən hazırlanıb. Bu, Hindistanın hər yerində yüksək keyfiyyətli televiziya, telekommunikasiya və yayım xidmətləri təqdim edəcək.

“Arianespace” mütəxəssislərinin məlumatına görə, 2020-ci ildə şirkət 300-dən çox peyk buraxmağı planlaşdırır. Xüsusilə, ilin sonuna qədər “Vega C” yüngül peykdaşıyıcısının, eləcə də “Ariane 6”nın ilk dəfə kosmosa göndərilməsi gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.