Sərhəddə atışma - Narkotacirlərdən biri yaralı ələ keçdi

27-04-2015, 21:56           
Sərhəddə atışma - Narkotacirlərdən biri yaralı ələ keçdi
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin qanunsuz yolla Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb. Ümumilikdə 11,4 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

teref.az xəbər verir ki,DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, aprelin 17-də səhər saat beş radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrup tərəfindən külli miqdarda narkotik maddənin - 1 kiloqram 920 qram heroinin və 3 kiloqram 260 qram marixuananın Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.

Sərhəd naryadının qanuni tələblərinə tabe olmayan sərhəd pozucularına qarşı sərhəd naryadı tərəfindən silahın təlimata uyğun tətbiqi nəticəsində İran İslam Respublikası vətəndaşı olan sərhəd pozucusu Mehdi Ağaməhəmmədi yaralanıb. Cinayətkar dəstənin digər üzvləri havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək hadisə yerindən yayınıblar. Yaralı sərhəd pozucusuna zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti sabitdir.

Aprelin 17-də saat 00:20 radələrində Beyləqan rayonunun Əhmədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşları Məsrufi Xeyrulla Məhəmməd oğlu və Mahmudi Əsgər Yadulla oğlu külli miqdarda narkotik maddə olan 710 qram marixuananı, 1 kiloqram 990 qram tiryəki və 1 kiloqram 10 qram həşişi Azərbaycan Respublikası ərazisinə keçirərkən yaxalanıblar. Sərhəd pozucularının üzərinə baxış keçirərkən 3 mobil telefon aşkar olunaraq götürülüb.

Həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonada həyata keçirilən rejim tədbirləri çərçivəsində aprelin 19-da Cəlilabad rayonunun Dələli kəndinin ərazisində bir bağlamada 1 kiloqram marixuana, 1,5 kiloqram tiryək və 1105 ədəd dərman preparatları aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupların digər üzvləri - İmişli rayon Bəhrəmtəpə kənd sakini Abdullayev Bakir Həsən oğlu, Masallı rayon sakinləri Mansurov Vuqar Tapdıq oğlu və Əliyev Murad Hacıəli oğlu müəyyənləşdirilərək istintaqa cəlb olunub.

Qeyd olunan faktlarla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə), 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılıb. Saxlanılmış cinayətkar dəstənin üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin cinayət işləri üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.