"Azərsu"da sular niyə bulanıqdır... - Qorxmaz Hüseynov yol üstündədir

7-04-2015, 12:59           
"Azərsu"da sular niyə bulanıqdır... - Qorxmaz Hüseynov yol üstündədir
“Azərsu” ASC-nin fəaliyyətində yer almış müxtəlif qanun pozuntuları ilə bağlı dəfələrlə yazmışıq. Araşdırmalarımızın birində bildirmişdik ki, ASC-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində aşkar edilmiş mənimsəmənin bilavasitə həyata keçirilməsinə görə məsuliyyət daşıyan şəxs kimi ASC-nin Babək Həsənov adlı bir əməkdaşı həbs olunub. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə Babək Həsənov ASC-də Köçəri Həsənov, Mahir Məmmədov və İlqar Tağıyevdən ibarət qruplaşmaya daxil imiş. Babək Həsənov «Azərsu» Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavinİ Teyyub Cabbarovun qardaşının kürəkənidir. O, həbsinə qədər ASC-nin hüquqşünası olub. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb.
Baş verənlərin təfərrüatına keçməzdən öncə bildirək ki, “Azərsu” Q.Hüseynovun yaxın ətrafının talan obyektinə çevrilib və aparılan maxinasiya sistemində əsasən üç şəxsin adı çəkilir. Onlardan biri, Qorxmaz Hüseynovun ən sevimli adamı olan bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü isə qaynı Namiqdir.
Yusifəlinin boru və qum biznesi
Qeyd edək ki, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı yeni «qayda»lar tətbiq edib. Həmin «qaydalara» əsasən borular çəkildikdən sonra onun üzəri mütləq dəniz kənarındakı ağ qumdan örtülməlidir. Və məsələ belə əsaslandırılır ki, həmin qum növü guya, boruların əyilməsinə və çürüməsinə imkan vermir.
Əslində isə durum tamam fərqlidir. Bu məsələnin gündəmə gəlməsinə səbəb həmin biznesini bacıoğluya verilməsidir. Belə ki, 2011-ci ildən etibarən Yusifəli dayısının sayəsində ağ qumu özünün biznesinə çevirib. Məsələn, Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonunun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, başqa bir rayondan daşıdığını yazdırır.
Burada qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilib. Sənəd üzərində guya, gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir.
Amma Yusifəlinin qazanc yeri təkcə qum deyil. Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan boruların da onun gəlirinə təsiri var. Məlumatlara görə, ASC prezidentinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq, onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanar.
Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə ediblər.
Qayın qardaşdan irəlidir
«Azərsu» prezidenti Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən biri də qaynıdır. «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri olan Namiq Cəbrayılov sözün həqiqi mənasında Yusifəli və Məhəmməddən də daha çox paya sahibdir. Onun şirkətin əksər işlərini həyata keçirdiyi və bir çox hallarda normal şəkildə işləri görmədiyi üçün problemlər yaratdığı «Azərsu»da kimsəyə sirr olmayan məsələdir. Namiq Cəbrayılovun «udduğu» tenderlərin ən ucuzu 1 milyon dollarlıqdır. Qalanları isə artan rəqəmlər üzrə inkişaf edir. Onun kürəkəninin yanına gedərək, asanlıqla söz deməsi də çətin məsələ sayılmır. Elə buna görədir ki, «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri «Azərsu» prezidentindən asanlıqla böyük məbləğli layihələri ala bilir.
Babək Hüseynovun həbsindən kənarda qalanlar
Sözügedən yazımızda onu da bildirmişdik ki, aşkar olunan mənimsəmə halına görə məsuliyyət daşımalı olan şəxslərdən birinin də ASC sədri Qorxmaz Hüseynovun xalası oğlu Şakirin olduğu müəyyən edilib. Lakin ASC-də məsul vəzifə daşıyan həmin şəxsin istintaqa cəlb olunması nədənsə hələ də təxirə salınır. Digər tərəfdən isə cumhuriyyet.az-ı bilgiləndirən mənbə iddia edir ki, Babək Həsənovun “əməyindən” bəhrələnən ASC rəsmilərinin siyahısı heç də yuxarıda adları keçən şəxslərlə məhdudlaşmır. Qeyd olunur ki, Babək Həsənovun “səmərəli” fəaliyyəti ASC sədrinin birinci müavini Teyyub Cabbarovun da 650 min manat dəyərində villaya sahib olmasına şərait yaratmışdır. Bu xüsusda yeni aldığımız məlumatda isə bildirilir ki, aşkarlanmış mənimsəmə faktlarına əsasən prokurorluq tərəfindən istintaqa cəlb olunan şəxslərdən biri də ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov olub. Lakin Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun işə müdaxiləsindən sonra Mahir Məmmədov sərbəst buraxılb.
Mənimsənən milyonlar və qorxuya düşən məmurlar
Mənbəmizin dediklərindən aydın olur ki, Babək Həsənovun həbsinin yaratdığı təlatüm səbəbsiz deyil: «Çünki Babək Həsənov təkcə departament rəisi kimi «Azərsu»da müəyyən üstünlüyə sahib deyildi. O, Qorxmaz Hüseynovun 1-ci müavini Teyyub Cabbarovun qardaşının kürəkəni kimi ASC-də qeyri-rəsmi status qazandığından bir sıra iri maliyyə
mənimsəmələrinin başında duran əsas şəxslərdən olub. Halbuki onun təmsil olunduğu Hüquq Departamentinin tabeliyində cəmi iki şöbə olub. Bu şöbələr isə «Texniki şərt» sənədlər toplusunu hazırlamaqda hökmlü olmayıb. Ancaq dediyim kimi, qeyri-rəsmi status Babək Həsənova xüsusi üstünlük tanıyıb. Həbsinə qədər bütün yaşayış və
qeyri-yaşayış obyektlərinin su və kanalzasiya sisteminə qoşulmağa rəsmi razılıq sənədi sayılan “Texniki şərt”i də, məhz, onun müəyyən etdiyi məbləğ hesabına hazırlanıb. Bu isə bəzi obyektlər üzrə bəzən 150 min manatı aşıb.
Maraqlı burasıdır ki, bir sıra yaşayış binalarına texniki şərt deyilən sənəd verilsə də, oradan alınan pullar ASC-nın rəsmi hesabına ödənilməyib. Yəqin ki, istintaq bunu da aydınlaşdırıb. Hələlik «Azərsu»da gəzən söhbətlər bundan ibarətdir ki, Babək Həsənov təxminən 300 min manatı özünün götürdüyünü, 650 min manatın isə qayınatasının qardaşı olan Teyyub Cabbarovun villasına xərcləndiyini etiraf edib». Bu həbs və onun “Azərsu”da yaratdığı rezonans, həmçinin Qorxmaz Hüseynovun “Azərsu” ASC-də sədr olmasından sonra qardaşlarının, qaynı və bacısı oğlunun nələrə sahib olması ilə bağlı olduqca maraqlı faktlar var. Bundan əlavə, Qorxmaz Hüseynovun Teyyub Cabbarova nədən bu qədər isti bağlanması, onun və qardaşının 1-ci müavinin doğulduğu rayonda hansı nüfuzlu nazirlə yan-yana villa qaldırması kimi məlumatlar da diqqət çəkir.
“Texniki şərt” maxinasiyaları
Məlumata görə, Babək Həsənovun həbsinə qədər «Texniki şərt»lər birbaşa Teyyub Cabbarovun razılığı ilə verilib: «Mümkündür ki, bu, Qorxmaz Hüseynovun razılığı ilə olub. Digər müavinlər və hətta «Sukanal» Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə qədər bir çox vəzifəlilər isə əksər hallarda bu mənimsəmələrdən xəbərsiz olublar. Əəslində isə «Texniki şərt»i bu institut hazırlayıb, səlahiyyətinə uyğun olaraq 1-ci müavinə, o isə sədrə təqdim etməli idi…». Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə hazırda “Texniki şərt”lə bağlı hazırlanan bütün sənədləri birbaşa sədrin özü nəzərdən keçirməyə başlayıb: “Qorxmaz Hüseynovun bu işə belə ciddi yanaşması da səbəbsiz deyil. Çünki Yasamal Sukanal İdarəsinin rəis müavini olan doğma xalası oğlu Şakir İsmayılovun da Babək Həsənovun həbsində adı hallanıb. Hətta bəzi saytlarda bu haqda məlumat da dərc olunub. İddialara görə Yasamalda yeni tikilmiş binalara verilən “Texniki şərt”lərdən alınan pulların böyük hissəsi mənimsənilib. Bu isə o qənaəti yaradır ki, istintaq dərinləşərsə, Qorxmaz Hüseynovun xalası oğlu və digər qohumları da ilişə bilər”.
Redaksiyamıza daxil olan məlumatda həmçinin qeyd olunur ki, əslində ASC-də aşkarlanan mənimsəmə faktı üzrə müəyyən edilmiş məbləğ, mətbuat səhifələrində əks olunan məbləğdən bir neçə dəfə artıqdır. Belə ki, təkcə Mahir Məmmədovun bu maxinasiyalar sayəsində paytaxtın Montin qəsəbəsində aldığı torpaq sahəsinin 1,5 milyon manat qiyməti olduğu bildirilir.
Qorxmaz Hüseynovun qələmi qırılıb?
Bizi bilgiləndirən mənbənin sözlərinə görə məsuliyyət daşımalı olan şəxslərdən birinin də ASC sədri Qorxmaz Hüseynovun xalası oğlu Şakirin olduğu müəyyən edilib. Məlumatları nəzərdən keçirdikdə aydın olur ki, Babək Həsənovun “əməyindən” bəhrələnən ASC rəsmilərinin siyahısı heç də yuxarıda adları keçən şəxslərlə məhdudlaşmır. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb. Məsələnin kifayət qədər ictimailəşməsi və aşkarlanan korrupsiyaya bir dövlət qurumunun ən yüksək vəzifə sahiblərinin bulaşması prosesə daha yüksək səviyyədə müdaxiləni zəruri edib. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə Qorxmaz Hüseynovun vəzifədən alınmasına artıq qərar verilib: “Vəziyyət hakimiyyətin üst qatının da diqqətindədir və yaxın vaxtlarda Q.Hüseynovun yerinə təyinat verilməsi gözlənilir. Bu səbəbdən də artıq bir neçə qruplar aktivləşməyə başlayıb. Azərsu kimi böyük məbləğdə pulların dövr etdiyi bir qurumu ələ keçirmək üçün hakimiyyətdaxili böyük güclər belə hərəkətə keçib”.
“Azərsu” ASC-də Etibar Məmmədov qruplaşması
Mənbəmizin sözlərinə görə ASC-yə rəhbərlik uğrunda mübarizə aparan qruplaşmaların sayı üçdür. Amma hazırda ən real şansa malik qrup MM sədri Oqtay Əsədova bağlı şəxslərdir. Xatırladaq ki, spiker uzun illər Azərsunun sədri olub və bu dövrdə ətrafına topladığı komanda hələ də qurumda çalışır. Həmin komandanın indiki liderinin isə Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun olduğu bildirilir. Onu da bildirək ki, Q.Hüseynov və E.Məmmədov yaxın dostluq münasibətləri ilə seçilirlər. Belə ki, bu iki vəzifə sahibi İstanbulun “zənginlər məhəlləsi” kimi tanınan ərazisində (Floriya səmtində) də qonşudurlar. Bundan başqa isə bu gün Azərbaycanın bir çox rayonunda Qorxmaz Hüseynova məxsus 2 hektar torpaq sahəsi var ki, bu ərazilər həmin rayonda “Azərsu” ASC tərəfindən hər hansı bir irimiqyaslı (dövlət sifarişli) layihənin həyata keçirilməsi zamanı Etibar Məmmədovun təşəbbüsü ilə yerli su-kanal idarə rəhbərliyi tərəfindən ASC sədrinə hədiyyə olunur. Yeri gəlmişkən, E.Məmmədov özü də vaxtaşırı Qorxmaz Hüseynova bu kimi “hədiyyə”lərdən təqdim etməyi unutmur. Buna misal olaraq Bakının Saray qəsəbəsində, Xətai rayonunda və digər ərazilərində inşa olunaraq ASC sədrinə təqdim edilmiş villaları göstərmək olar.
Spikerin müdaxiləsi və iki namizəd
Amma bütün yaxın münasibətlərə baxmayaraq E.Məmmədov hazırda Q.Hüseynovun yerinə yeni bir şəxsin gətirilmə prosesində aktiv iştirakçılardandır. Beləki, cumhuriyyet.az-a daxil olan məlumata görə bir müddət öncə spiker O.Əsədova bağlı qruplaşmanın gizli bir toplantısı keçirilib. Mənbəmiz toplantının O.Əsədovun bağ evində keçirildiyini və burda E.Məmmədovdan başqa spikerin Nazim adlı qardaşının və əmisioğlunun iştirak etdiyi bildirilir. Sözügedən toplantıda Azərsu ASC-nin sədr müavini Mirkamil Seyidovun iştirakı gözlənilsə də, bizə məlum olmayan səbəblərdən o müzakirəyə qatılmayıb.
Məlumatda o da göstərilir ki, müzakirə olunan əsas məsələ “Azərsu” ASC-yə rəhbər şəxs kimi kimin namizədliyinin üzərində dayanmaq olub. Əsasən, Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun və Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin namizədliyinin üzərində dayanıb.
Məlumat üçün bildirək ki, A.Qocayev spikerin qudasıdır və uzun müddət Azərsu sistemində müxtəlif vəzifələrdə çalışmış və 2004-2005-ci illərdə isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti olmuşdur. Ehtimal etmək olar ki, spiker üçün daha əlverişli variant məhz A.Qocayevin bu posta gətirilməsidir. Amma nəzərə alsaq ki, A.Qocayev Binəqədi rayon icra hakimiyyətinin başçısı postundan Samuxa göndərilib, onda onun “vurulmuş” kadrlardan olduğunu düşünmək olar. Çox güman ki, spiker də qohumunun hakim komanda daxilindəki durumundan xəbərdardır və bu səbəbdən ikinci namizədini də hazırlayıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.