Xaləddin İsgəndərovun evlərini uçurduğu sakinlər ETİRAZA QALXDI

7-04-2015, 21:53           
Xaləddin İsgəndərovun evlərini uçurduğu sakinlər ETİRAZA QALXDI
Martın 8-də Bakının vaxtilə “Motodrom” adlanan ərazisində yaşayan 5 ailə “hədiyyə” ilə üzləşib. Bu massivdə yaşayan sakinlərin evləri heç bir xəbərdarlıq olunmadan bir-iki saatın içərisində yerlə-yeksan edilib.

Bakı Atıcılıq Mərkəzi ilə üzbəüzdə yerləşən tikililərin sahiblərinə qabaqcadan nə bildiriş verilib, nə də onlara yıxılan yuvalarının qarşılığında kompensasiya ödənilib.

Sakinlərin sözlərinə görə, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi olan Ədalət adlı şəxsin iştirakı ilə onların mülkləri dağıdılıb. Mülk sahiblərinin ev əşyaları, avadanlıqları da dağıntılar içərisində qalıb.

Evi uçurulan Sabir Bədəlov deyir ki, onun evi xəbərdarlıqsız dağıdılıb və avtovağzalda gecələyir: “Əyin-başımı götürə bilmədim. Prezidentin adından istifadə etdilər. Guya ölkə başçısı əmr verib ki, 2 saat içində evlər sökülməlidir.

Bu dəqiqə çöldə yaşayıram. Evlərimizdən 150 metr aralıda körpü salınır. Yan tərəfdə isə Bakı Atıcılıq Mərkəzi tikilib. Bizim evləri də bu işlərin ortasında olduğuna görə söküblər. Bizə nə ev veriblər, nə də pul. Yaxşı, bəs hara gedək? Prezidentin adından istifadə etməklə bizi küçələrdə qoyublar”.

S.Bədəlov deyir ki, onlara heç bir vəd verilməyib: “Prokurorluğa da müraciət etmişik. Binəqədi icra hakimiyyətinə də getmişik. Bizi küçələrdə qoyublar. Mən ölkənin vətəndaşıyamsa, dövlət sökdüyü evimə görə məni mənzillə təmin etməlidir. İcra nümayəndəsi Ədalətin yanına getdim. Məni təhqir edib yanından qovdu”.

Evi sökülən deyir ki, icra nümayəndəsi Roza adlı qadına sökülən mülkünə görə yenisini verib: “Prezidentin adından istifadə ediblər. Biz dövlətə, ölkə başçısına sadiq adamlarıq. Ancaq bizi bu vəziyyətə qoyublar. Mənə kompensasiya ödənilsin. Əşyalarıma dəyən ziyana görə də təzminat ödəsinlər. Vağzalda, körpünün altında yatıram”.

Cəbrayıldan köçkün olan Fəridə Həsənova isə bildirir ki, martın 8-də ona bir Azərbaycan qadını olaraq “hədiyyə” edilib: “Biz nə Novruz bayramı bildik, nə 8 mart. Həmin gün gəlib evimizi dağıtdılar. İcra nümayəndələri gəlib dedilər ki, prezident əmr verib köçməlisiniz. Bizə “kupça” yox, sənəd verilib. Torpaq pulu, əmlak pulu ödəmişik. 150 kvadrat metr evimi uçurdular. Gecə saat 1-ə qədər də yandırıb qurtardılar.

Həmin gün özümdən getdim. O vaxt ayıldım ki, icra fəhlələrə pul paylayıb ki, evimin əşyalarını yığışdırsınlar. Biləcəridə bir kirayə tutublar, pulunu veriblər. Bir ayını ödəyiblər, bəs qalanını necə ödəyək?

Bizə nə köçkünlərə tikilən evlərdən mənzil söz veriblər, nə də ki pul. Basılan torpağımın, əzilən əmlakımın, 30-40 bar verən ağaclarımın haqqını tələb edirəm. Əziyyət çəkib ev tikmişik, 8 ildir burada yaşayırdıq. Mənə ev verilsin”.

Qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar Bakı Atıcılıq Mərkəzinin bu sahədə inşa olunması nəticəsində ətrafdakı fərdi evlər bir neçə saatın içində sökülərək yerlə yeksan edilib.
“Motodrom”da görülən digər işlər isə lap əvvəldən başlanılıb. “Azəryolservis” ASC və “Bakı Metropoliteni” QSC nümayəndələri buradakı bəzi evlərin və həyətlərin ərazisini ölçüblər. Sakinlərə deyiblər ki, ölçülmüş evlər söküləcək.

Üstəlik, söküləcək evlərə görə nağd pulun veriləcəyi, yaxud sakinlərin başqa ərazilərə köçürüləcəyi barədə də heç bir informasiya verilməyib. Odur ki, mülk sahibləri nigaran qalıb.
Məqsəd Bakı-Rusiya magistral avtomobil yolunun üstündəki yolötürücüsünün altında yeni yolötürücülər tikmək olub. Ərazidə “Körpü-Bina Tikinti” MMC-nin texnikaları tərəfindən qazıntı işləri aparılıb. Biz ərazidə olarkən xeyli işin görüldüyünün şahidi olduq. Artıq avtovağzaldan “20 Yanvar” istiqamətində yerləşən şam ağaclarından ibarət meşəlik zonası da bu layihələrə qurban verilib. Ərazidə yaşıllıqlar kəsilib məhv edilib.

Deyilənə görə, sökülən evləri general Əli Nağıyevin yaxınları tikdirib ayrı-ayrı vətəndaşlara satıblar. Tikinti işlərinə generalın qardaşı Vəli Nağıyevin rəhbərlik etdiyi bildirilir. O, bu işləri Azər Şirinov adlı yaxın adamının əli ilə görüb. Ev alan insanları arxayın salıblar ki evlər sökülməyəcək. Sökülsə də kompensasiya alacaqlar. Amma sakinlər bu vədin hələ də yerinə yetirilmədiyini bildirirlər.

Xatırladaq ki, Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri, habelə Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və “Bakı Dairəvi-1” avtomobil yoluna maneəsiz çıxa biləcəklər.

Beləcə, “Motodrom”un üç layihənin reallaşdırılması nəticəsində xəritədə yalnız adı qalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.