Emin Mahmudov: "Demirəm ki, Xorvatiyanı udub gələcəyik, amma əlimizdən gələni edəcəyik"

16-03-2019, 07:53           
Emin Mahmudov: "Demirəm ki, Xorvatiyanı udub gələcəyik, amma əlimizdən gələni edəcəyik"
"Nəticədən məmnun qalmadıq. Qələbə qazanmaq istəyirdik. Bunun üçün əlimizdən gələni etdik, şanslarımız da var idi, amma sanki sonuncu zərbə çatmırdı bizdə. “Qəbələ”nin isə bir şansı oldu, onda da qol vurdular".

"Report" xəbər verir ki, bunu Emin Mahmudov evdə "Qəbələ"yə 1:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Kapitan daha sonra sualları cavablandırıb...

Sanki “Qarabağ”ın qələbə qazanmasından sonra üzərinizdə bir təzyiq var idi…

- Xeyr, biz rəqiblərimizin oyunları haqqında düşünmürük. Qarşıda 7 tur qalıb, hər oyun onların məğlub olmağını gözləməyəcəyik ki… Öz matçlarımıza baxmalıyıq.

Xalların bərabərləşməsi sizin işinizi daha da çətinləşdirdi?

- 2 xal fərqlə eyni xala malik olmaq arasında ciddi fərq yoxdur. Hər iki halda bir məğlubiyyətlə geri düşə bilərsən. Ona görə də xal vəziyyətdindən asılı olmayaraq, bütün oyunlara qələbə üçün çıxmaq lazımdır.

Milli oyunlar ilə əlaqədar fasilə sizə necə təsir edəcək?

- İnanırıq ki, yaxşı təsir edər. Dincələrik bir az. Millidə olan oyunçulardan başqa digərləri özlərinə gələrlər bir az. Son 6-7oyun çox çətin keçdi.

Səlahət Ağayev bu gün gözlənilməz səhvə yol verdi. Milli komandanın 1 nömrəli qapıçısının belə səhv etməsi sizə necə təsir etdi?

- Bir səhvə görə Səlahət kimi qapıçını silmək olmaz. Əgər bu gün biz turnir cədvəlinin zirvəsindəyiksə, bunda ən çox onun əməyi var. Hər oyun ən az 2-3 dəfə komandanı real qoldan xilas edir.

Azarkeşlə arasında olan hadisə nə idi? Fanatlar nə dedi ona?

- Deyəsən azakeşlərin də yadından çıxıb onun elədikləri. Belə şeyləri heç cür başa düşə bilmirəm. Həmişə komandanı xilas etmiş adamın bir oyuna görə bu qədər üstünə getmək olmaz. Sadəcə müdafiəçi ilə bir-birlərini düzgün anlaya bilmədilər.

Qarşıda milli komandanın Xorvatiya ilə çətin matçı var. Siz nə düşünürsüz bu barədə?

- Milliyə həmişə inanmaq lazımdı. Demirəm ki, gedib udub gələcəyik, amma əlimizdən gələni edəcəyik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.