Yaxşı olsan, bizdənsən, pis olsan, tanımırıq - İdman cameəsində qəribə təzad

24-03-2019, 00:01           
Yaxşı olsan, bizdənsən, pis olsan, tanımırıq - İdman cameəsində qəribə təzad
"Əgər idmançı ölkə adına uğur qazanıbsa, federasiya həmin idmançıya sahib çıxılmalıdır"
Çox az idmançı olar ki, bir idman növündə karyerasına başlasın, yalnız həmin idman növündə də davam etdirsin. Bəzi idmançılar var ki, özlərini bir neçə idman növündə sınayırlar, hətta bir neçə idman növündə uğur da qazanırlar. Uğur qazandıqları halda federasiyalar da həmin idmançıları dəstəkləyir. Ancaq təzadlı bir məqam da var ki, həmin idmançılar hər hansı xoşagəlməz əməl törətdikdə federasiyalar onları təkzib edir. Bildirirlər ki, sadəcə həvəskar olub, birinci başladığı federasiyaya aiddir.

Maraqlıdır, idmançının aid olmadığı federasiya hansı səbəbdən onun yarışlarda iştirak etməsinə kömək edir, medal qazananda öz adına çıxır? Sputnik Azərbaycan-ın əməkdaşı idman mütəxəssisləri ilə bu məsələ ətrafında fikir mübadiləsi aparıb.

Taekvando idman növü üzrə məşqçi Gündüz Abdullayev bildirib ki, idmançı deyiləndə insanın ilk növbədə ağlında şüuraltı olaraq güc, qüvvət, döymək, dağıtmaq canlanır: "Ancaq bu, belə olmamalıdı. Çünki idmançı illərlə əzmin, zəhmətin, fədakarlığın, intizamın vasitəsilə nəticə əldə edir. Bu xüsusiyyətləri özündə formalaşdıran idmançı sonunda cəmiyyətə lazımlı insan kimi yetişir. Əfsuslar olsun ki, istisna hallar da olur".

Onun fikrincə, əgər idmançı ölkə adına uğur qazanıbsa, avropa, dünya çempionu olubsa, əlbəttə ki, federasiya həmin idmançıya sahib çıxmalıdır: "İdmançının törətdiyi əməl də araşdırılmalıdır ki, hadisənin təsadüfən və ya bilərəkdən baş verdiyi məlum olsun. Çünki təsadüfən başa gələn pis hadisələrdən heç kəs sığortalanmayıb. Bilərəkdən baş verən pis, neqativ hadisə isə şəxsi həyat və şəxsi münasibətlə bağlı bir işdir".

"Hər iki halda idmançını federasiyanın qəbul etməməsini və başqa federasiyanın üzərinə atmasını məntiqi həll hesab etmirəm. Hər halda ortada insan faktoru var. Əksinə, bacardıqları qədər həmin idmançıya kömək etməlidirlər" - deyə Gündüz Abdullayev əlavə edib.

İdman yazarı Mehman Rəsulovun da məsələyə münasibəti, təxminən, eyni olub: "Hansı idman növünü təmsil etməsindən asılı olmayaraq, hər kəs öz məsuliyyətini anlamalı və qanunlara tabe olmalıdır. İstənilən idmançının uğurlarını heç kimsə dana bilməz. Çünki idmançının qazandığı mükafat qeydiyyata alınır. İdmançının nailiyyəti ancaq idman qaydalarının pozulması halında sıfırlana bilər. Məsələn, dopinq qalmaqalında. Çünki rəsmi yarışlarda mükafatçılar siyahısına düşmüş idmançıların rəsmi qeydiyyatı var".

Karateçi Şahin Atamov da düşünür ki, idmançının idman karyerası ilə şəxsi həyatını qarışdırmaq doğru deyil: "Hər idmançı yaxşı olmur, onların da içində pis xarakterli, düzgün iş görməyənləri var. Axı onlar da insandırlar".

"Heç kim idmançının idmanda qazandıqları uğurlara kölgə sala bilməz. Çünki idmançılar uğurları alın təri, böyük zəhmət, gərgin məşqlər hesabına qazanırlar" - deyə o vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.