Bakıdakı Avropa Liqası finalının iştirakçıları müəyyənləşəcək

9-05-2019, 07:47           
Bakıdakı Avropa Liqası finalının iştirakçıları müəyyənləşəcək
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab matçlarından sonra Bakıdakı həlledici qarşılaşmada iştirak edəcək komandalar bəlli olacaq.

"Çelsi" İngiltərədə Almaniyanın "Ayntraxt" komandasını qəbul edəcək. Səfərdəki matçda rəqibi ilə 1:1 hesablı heç-heçə etmiş londonlular, az da olsa, üstünlüyə malikdirlər.

2012/2013 mövsümündə turnirin qalibi olan meydan sahibləri bu mövsüm qrup mərhələsindən sonra İsveçin "Malmö", Ukraynanın "Dinamo" (Kiyev) və Çexiyanın "Slaviya" komandalarını mübarizədən kənarlaşdırıb. Mauritsio Sarrinin rəhbərlik etdiyi kollektiv həmçinin cari mövsüm turnirin heç bir görüşündə uduzmayıb. 1979/1980 mövsümündə turnirin kubokuna sahib olan "Ayntraxt" isə cari mövsümdə qrup mərhələsinin ardından Ukrayna "Şaxtyor"unu, İtaliya "İnter"ini və Portuqaliya "Benfika"sını üstələyib.

Digər yarımfinalda İngiltərənin turnirdəki daha bir təmsilçisi "Arsenal" İspaniyada "Velensiya"nın qonağı olacaq. Londondakı görüşdə rəqibini 3:1 hesabı ilə məğlub etmiş "topçular" üstünlüyünü qorumağa çalışacaqlar. "Arsenal" ötən mövsüm yarımfinalda İspaniya "Atletiko"suna uduzaraq finalın bir addımlığında dayanıb. "Yarasalar" isə 2003-2004 mövsümündə UEFA Kubokunun (indiki Avropa Liqası) qalibi olub. "Arsenal" qrup mərhələsindən sonra Belarus BATE-si, Fransa "Renn"i və İtaliya "Napoli"sindən güclü olub. "Valensiya" isə Şotlandiyanın "Seltik", Rusiyanın "Krasnodar" və İspaniyanın "Vilyarreal" komandalarını üstələyib.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası, Yarımfinal, cavab oyunları

9 may

23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə)

Baş hakim: Danni Makkeli (Hollandiya)

Valensiya. “Mestalya” stadionu

İlk oyun - 1:3

23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

London. “Stemford Bric” stadionu

İlk oyun - 1:1.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.