Gündüz Abbaszadə `qaş düzəltmək istəyərkən, göz çıxarıb` - Təfsilat

4-07-2019, 18:56           
Gündüz Abbaszadə `qaş düzəltmək istəyərkən, göz çıxarıb` - Təfsilat
"Qarabağ”ın yeni transferi Ailton Silvanın 2015/16 mövsümündə "Neftçi”də top qovarkən Monteneqro "Mladost”u ilə səfər matçında qırmızı vərəqə aldığını, 3 oyunluq cəzalandırıldığını və ağdamlılara Çempionlar Liqasında kömək edə bilməyəcəyini yazmışıq.
"Partizani” (Albaniya) ilə önəmli matçların ən azı birincisini buraxacaq Ayltonun cəzalı duruma düşməsi ilə bağlı daha bir maraqlı fakt var. Bakıda 2:2 hesablı heç-heçə edən tərəflərin ikinci görüşü 1:1 hesabıyla yekunlaşandan sonra meydanda dava düşüb. Mərhələ adlaya bilməyən "Neftçi”nin iki futbolçusu hadisələrin inkişaf mərkəzində yer alıb. Maksim Vaylo və hazırda "Qarabağ”da çıxış edən Rahil Məmmədov rəqiblərlə kəllə-kəlləyə gəlib. Hakimlər insidenti yaxşı görmədiyindən qarabəniz Rahili Ailtonla qarışıq salaraq "qırmızı” verib. Daha doğrusu, bunu Bakı klubunun o vaxtkı mətbuat katibi Gündüz Abbaszadə edib. Necə?
Necəliyini sizlərə özünün çatdırmasını istədik. Gündüz bəyi dinləyək: "Hakimlər briqadası meydanı tərk etmişdi. Künc bayrağının yaxınlığından geri döndülər. Rahili görmüşdülər. Amma azərbaycanlı futbolçunu braziliyalı ilə qarışıq salmışdılar. Məndən braziliyalının kimliyini soruşdular, yanıldıqlarını anladım və ölkə futboluna fayda verməyə çalışdım. O vaxt Ailtonun "Neftçi”də qalmayacağı dəqiq idi. Bu üzdən vərəqənin yerli futbolçumuza yox, legionerə verilməsini istədim. "Sambaçı” "Neftçi”yə gəldiyinə peşman idi. İcarə müqaviləsinin başa çatmasını səbirsizliklə gözləyirdi. Ağlıma da gəlməzdi ki, nə vaxtsa Azərbaycana qayıdacaq, "Qarabağ”la anlaşacaq. Buna görə çox üzgünəm. İndiki durumda "Məndən ötdü, qardaşıma dəydi” məsəli yada düşür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.