Rusiya idmançılarına qarşı yeni dopinq ittihamları –IWF Rusiyanın daha yeddi ştanqçısını diskvalifikasiya edib

17-08-2019, 07:45           
Rusiya idmançılarına qarşı yeni dopinq ittihamları –IWF Rusiyanın daha yeddi ştanqçısını diskvalifikasiya edib
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (The International Weightlifting Federation – IWF) Rusiyanın daha yeddi aparıcı ştanqçısını diskvalifikasiya edib və onlara qarşı dopinq ittihamı irəli sürülüb.

Beləliklə cəzalandırılan Rusiya idmançılarının sayı 12-yə çatıb.

IWF bildirir ki, sözü gedən idmançılar – Dmitriy Lapikov, Çingiz Moquşkov, Adam Malikov, Maqomed Abuyev, Maksim Şeyko, Nadejda Evstyuxina və Yuliya Konovalovadır.

Onlardan beşi dünya və Avropa medalçısıdır.

Bu yeddi idmançıya qarşı ittihamlar Dünya Anti-Dopinq Agentliyi WADA-nın Rusiya idmanında dopinqdən geniş istifadəyə dair araşdırmasından qaynaqlanır.

Sözü gedən idmançılardan ikisi Lapikov və Evstyuxina bundan əvvəl qanlarında dopinq aşkar edildiyinə görə 2008-ci ildə qazandıqları olimpiya medallarından məhrum edilmişdilər.

IWF prezidenti Tamas Ajan bu qərarın qəbulundan sonra Budapeştdə deyib ki, təşkilat Rusiya idmançılarına qarşı yeni ittihamlardan təəssüf hissi keçirir.

Bundan əvvəl, avqustun 13-də IWF beş başqa Rusiya ştanqçısını yarışlardan xaric etmişdi.

Bunların arasında keçmiş dünya çempionu, üç olimpiya bürünc medalının sahibi Ruslan Albeqov və Tima Turiyeva da var.

Qalanları iki dəfə Avropa çempionları Oleq Çen və David Bedjanyan, habelə Avropa çempionatının gümüş medalçısı İqor Klimonovdur.

Bu arada başqa idman federasiyaları da Rusiya idmançılarına qarşı dopinq ittihamı ilə çıxış ediblər.

Beynəlxalq Biatlon İttifaqı iyun ayında Aleksandr Chernyshov və Aleksandr Pechyonkin-i dörd il müddətinə yarışlardan kənarlaşdırıb.

WADA prezidenti Kreyq Ridi deyib ki, Rusiya idmançılarına qarşı daha yüzədək dopinq ittihamının irəli sürüləcəyi gözlənilir. (azadliq.org)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.