"Qarabağ"ın növbəti zəfəri - Ən azı qışadək Avropada

30-08-2019, 00:52           
"Qarabağ"ın növbəti zəfəri - Ən azı qışadək Avropada
"Qarabağ” avrokubokda növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Şimali İrlandiya çempionu “Linfild”i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə Azərbaycan çempionu qalib gəlib - 2:1.

Baş məşqçi Qurban Qurbanov qapını Vaqner da Silvaya, müdafiəni isə soldan sağa olmaqla Ailton Silva, Rahil Məmmədov, Rəşad Sadıqov və Maksim Medvedevdən ibarət "dördlüy"ə həvalə edib. Miçel Madeyra dayaq yarımmüdafiəçisi, Riçard Almeyda isə pleymeyker funksiyasını yerinə yetirib. Yarımmüdafiənin sağında Mahir Emreli, solunda Abdullah Zubir qərarlaşıb. Mərkəzdə Xayme Romero, öndə isə Maqaye Qeye yer alıb.

Oyunda hesabı 6-cı dəqiqədə Romero açıb. O, Maqaye ilə divar ötürməsindən sonra fərqlənib. "Qarabağ" erkən qoldan sonra da topa nəzarəti əlində saxlamağa davam edib. Rəqibin meydanın mərkəzini keçməyə çətinlik çəkməsinin fonunda ağdamlılar daha çox cinahlardan hücum ediblər. Lakin əsas təhlükəli zərbə ortadan - təxminən 25 metrlik məsafədən Miçeldə gəlib. Rəqib qapıçı Roan Ferqyuson topu çətinliklə dəf edib.

İlk yarıda "Linfild"in nadir hücumlarından birində Bastyan Erinin təhlükəli zərbəsini Vanqer tutub. Rəqibin cərimə zərbəsindən vurduğu top da azarkeşləri həyəcanlandırsa da, yandan keçib.

"Qarabağ" ikinci hissədə də diqtə edən tərəf olub. 60-cı dəqiqədə Qeyeyə qarşı kobudluğa görə cərimə meydançasının üzərində təyin edilən cərimə zərbəsini Sadıqov yerinə yetirib. Kapitanın zərbəsi dirəyə tuş gəlib. 70-ci dəqiqədə isə rəqib qolkiper Zubirin fərqlənməsinə mane olub. Bir qədər sonra isə Romeronun zərbəsini "Linfild" oyunçusu qapı xəttindən çıxarıb. Ardınca Məmmədov baş zərbəsi qapının üstündən keçib.

Bundan bir qədər sonra rəqibin əks-hücumu təhlükəli alınsa da, Vaqner çıxışda dəqiq oynayaraq topu ələ keçirib.

Qurbanov ilk əvəzetməni 84-cü dəqiqədə edib. O, mərkəz hücumçusu Qeyenin yerinə meydana dayaq yarımmüdafiəçisi Qara Qarayevi buraxıb və bu dəyişiklik özünü doğruldub. Məhz Qarayevin əla ötürməsindən sonra 88-ci dəqiqədə rəqib qapıçı ilə təkbətək qalan Zubir onu da aldadaraq hər kəsi rahatladacaq qola imza atıb.

Qoldan sonra Zubiri Araz Abdullayev, Miçeli isə Dani Kintana əvəzləyib.

Oyunda son nöqtəni isə 90+3-cü dəqiqədə Şeyn Leyveri qoyub - 2:1.

Beləliklə, Belfastda baş tutan ilk görüşdə 2:3 hesabı ilə uduzan "Qarabağ" cavab görüşündə sərfəli nəticəni təmin etməklə ardıcıl 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisi indiyədək Avropa Liqasında 4, Çempionlar Liqasında isə 1 dəfə anoloji uğura imza atıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.