Çempionlar Liqasında "nəhənglərin döyüşü"

6-05-2015, 15:08           
Çempionlar Liqasında "nəhənglərin döyüşü"
Çempionlar Liqasında iki nəhəng klub - "Barselona" və "Bavariya" bu gün qarşı-qarşıya gələcək.

ANS PRESS-in məlumatına görə, futbolsevərlərin maraqla gözlədiyi matç Nou Kampda baş tutacaq. Prinsipial oyun həm də 2012-13-cü il yarımfinalının revanşı olacaq. Həmin mövsümdə "Barselona" rəqibinə 4:0 və 3:0 hesabı ilə məğlub olaraq turnirə vida etmişdi.

İspanlar ev oyununda yaxşı nəticə əldə edərək turun taleyini vaxtından əvvəl həll etmək istəyir. Bakı vaxtı ilə 23:45-də başlayacaq matç gərgin mübarizəyə səhnə olacaq. Bu oyun "kataloniya"lıların sabiq baş məşqçisi Pep Qvardiola üçün isə daha önəmlidir. Pep ÇL-də ilk dəfə köhnə komandasına qarşı mübarizə aparacaq.

İki komanda da yarımfinala gələnə qədər yaxşı oyun sərgiləyiblər. "Barselona" son 32 Çempionlar Liqası matçında yalnız bir məğlubiyyət alıb. İspanlar sonuncu dəfə elə almanlara 3-0 hesabı ilə uduzub.

"Bavariya"nın futbolçusu Robert Levandovski zədə səbəbiylə bu qarşılaşmaya maska ilə çaxacaq. Alman klubunda zədəli oyunçular karvanında Aryen Roben, Frank Riberi, Holger Badstuber, David Alaba və Sebastian Rode də var.

Qeyd edək ki, "Barselona" daha əvvəl "Bavariya" ilə oynadığı son 8 qarşılaşmada yalnız bir dəfə qələbə qazanıb. 2 bərabərlik əldə edən ispanlar 5 dəfə isə rəqibinə boyun əyib. Almanlar Nou Kampda oynadığı son 4 matçın 3-dən qələbə ilə ayrılıb. "Barselona" ​​Çempionlar Liqasında ard-arda 8 matçını qazanıb və orta hesabla hər oyuna 2,5 qol vurub.

İspanların qol silahı Messi bu oyunda Avropadakı 100-cü matçına çıxacaq. Leo bu mövsüm liqada vurduğu 40 qolla diqqət çəkir. Argentinalı ulduzu 21 qolla Neymar, 20 qolla Luiz Suarez izləyir. İspanlar son iki liqa matçında rəqib qapısından 14 qol keçirib. "Barselona" son 5 oyunda qapısını toxunulmaz saxlayaraq rəqiblərinə göz dağı verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.