Elxan Məmmədov-Fərid Novruzi tandeminin biznes imperiyası - TƏFƏRRÜAT

20-05-2016, 07:55           
Elxan Məmmədov-Fərid Novruzi tandeminin biznes imperiyası - TƏFƏRRÜAT
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna yeni təyinat olub.

Futbol, futzal və çimərlik futbolu üzrə milli komandalarımızın keçmiş oyunçusu Zeynal Zeynalov bundan sonra tanınmış portuqaliyalı mütəxəssis Ze Miguel Mateusu əvəz edəcək.

Maraqlıdır ki, ayına 10 min manat (Köməkçisi Paolo 4 min manat məvacib alırdı) məvacib alan mütəxəssisin müqaviləsi yanvar ayında bitibmiş. Federasiya rəhbərliyi Mateusla ilkin razılıq əldə edib və müqavilənin uzadılacağını bildirib. Ancaq son anda rəhbərlik Zeynal Zeynalovun üzərində dayanıb.

Ölkə.az-ın əməkdaşı sözügedən məsələnin gizli tərəfləri ilə bağlı Çimərlik Futbolu Federasiyasındakı mənbədən maraqlı məlumatlar öyrənə bilib.

Əvvəlcə, Azərbaycan çimərlik futbolu barədə bir neçə kəlmə. Bu idman növü ilə maraqlanan hər kəsə məlumdur ki, Azərbaycanda çimərlik futbolu üzrə milli çempionat yoxdur. Amma böyük məbləğdə vəsaitlər sərf olunan milli komanda, biabırçı məğlubiyyətlər və bahalı baş məşqçi var. Əgər milli çempionat yoxdursa, milli komanda məğlubiyyətləri sıralayırsa, belə adlı-sanlı baş məqşçi nəyə və kimə lazım idi? Qeyd etmək yerinə düşər ki, Mateus Portuqaliya millisi ilə dünya çempionu olub, dövrünün ən yaxşı qapıçılarından hesab edilir.

Onunla müqavilədə isə belə bir şərt yer alıb. Heç bir əlavə danışıq olmasa, müqavilə bir il də uzadıla bilər. Milli komanda müqaviləni ləğv etmək istəyirdisə, noyabrda bu barədə portuqaliyalıya məlumat verilməliydi ki, bir ay sonra başa çatacaq müqavilə yenilənməyəcək. Ancaq ona nəinki bu haqda xəbərdarlıq edilməyib, əksinə, bildirilib ki, yeni müqavilə imzalanacaq və bu barədə ilkin razılaşma da əldə edilib. Əvəzində isə federasiya rəsmiləri eyni zamanda digər xarici mütəxəssislərlə də danışıqlara başlayıblar.
Mənbənin dediklərindən:

"Bu, həm insanlıq, həm də peşəkarlıq baxımından biabırçılıqdır. İlyarım ərzində Azərbaycan xalqının pulunu göyə sovuran, evində iki beynəlxalq turnirdə toplam 13 oyun keçirən və hamısında uduzan, hər ikisində axırıncı yeri tutan milli komanda var. Buna göz yuman, rəvac verən, adı olub özü olmayan Çimərlik Futbolu Federasiyası ilə iş birliyi quran AFFA daha böyük günah sahibidir. Dəfələrlə təlim-məşq toplanışlarında olan və buna milyonlar xərcləyən, məqşçi və köməkçisinə dünya aləm pul xərcləyən, birdən birə çimərlik futbolunun məhvinə qərar verən bir AFFA var bizdə".

Mənbə bildirir ki, Fərid Novruzi-Elxan Məmmədov tandemindən bundan artığını gözləmək mümkünsüzdür. Qeyd olunur ki, Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və köməkçisi Fərid Axundov "iş birliyi" quraraq Elxan Məmmədovun dəstəyi ilə ölkəmizdə bu idman növünün məhvinə nail olublar: "Federasiya yarandığı gündən AFFA öz büdcəsindən ora kifayət qədər pul ayırır. Amma indiyə qədər səkkiz ildir ayrılan pulların taleyi məlum deyil. O pulların hara getdiyini növbəti dəfə sizə açıqlayacağam. Azərbaycan ölkə olaraq Birinci Avropa Oyunlarında ən yüksək nəticələr əldə etdi. Amma təkcə çimərlik futbolu özünün biabırçı oyunu və təhqiredici nəticələri ilə hamının nifrətini qazandı. 8 oyun, 8 məğlubiyyət, 4 vurulan qol, 21 buraxılan top. Sadəcə biabırçılıq idi. Özünə hörmət edən federasiya rəhbəri istefa verib getməli idi. Amma... Heç nə olmamış kimi davam edirlər. Keçmiş baş məşqçini onun xəbəri olmadan qovmaq isə dəhşətdir. O FİFA-ya şikayət etsə, onsuz da yerlərdə olan nüfuzumuz yerin dibinə girəcək". Bildirilir ki, təkcə keçən il millinin təlim məşq toplanışları və maaşları, eləcə də əlavə xərcləri üçün AFFA 300 min manat pul xərcləyib. Yanvardan maya qədər isə hər ay təlim məşqləri olub və bunun çoxu ölkə xaricində baş tutub. Növbəti yazımızda çimərlik futbolu və orada baş verən rəzalətlər barədə daha ətraflı araşdırmalarımızı təqdim edəcəyik. Həmçinin çimərlik millisində Azərbaycan dilində danışa bilməyən və vətəni haqqında heç nə bilməyən, onun himnini oxumağı bacarmayan Rüfət adlı şəxsdən söhbət açacağıq. Eyni zamanda "My Brands"ın sahibi Fərid Novruzi və Elxan Məmmədov cütlüyünün idman malları biznesindən araşdırmalarımız olacaq, futbolçuların fikrini nəzərinizə çatdıracağıq. Onu da biləcəksiniz ki, "Umbro" idman geyimlərini bu iki şəxs milli komandalara necə sırıyır və həmin geyimlər əslində, harada tikilir. Və son olaraq. Sual oluna bilər ki, əgər Elxan Məmmədov Rövnəq Abdullayevlə yola getmirsə, niyə məhz onun qohumu olan Zeynal Zeynalovu çimərlik futbol millisinə baş məşqçi təyin etdirib? Cavab sadədir. E.Məmmədov yetərincə ağıllı adamdır və bilir ki, Zeynalovun baş məşqçi postuna gətirilməsi daha biabırçı nəticələrə səbəb olacaq. Bu isə dolayısıyla yenə də Rövnəq Abdullayevə zərbədir.

//Gundelik-Baku.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.